Nikahdan öncə psixoloji müayinədən keçmək QANUNİLƏŞİR? – “Məgər insanlar dəlidir?” – DEPUTAT

Nikahdan öncə psixoloji müayinədən keçmək QANUNİLƏŞİR? – “Məgər insanlar dəlidir?” – DEPUTAT

Hazırda oxunan: Nikahdan öncə psixoloji müayinədən keçmək QANUNİLƏŞİR? – “Məgər insanlar dəlidir?” – DEPUTAT

156359

Nikahdan əvvəl tibbi müayinə ilə yanaşı cütlüyün psixoloji testdən də keçmələri təklif olunur. Bu fikirlərlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri üzrə şöbə müdiri Gülnarə Məmmədova çıxış edib.

Onun sözlərinə görə cütlük nikahdan əvvəl həm tibbi müayinəyə, həm də psixoloqa göndərilməlidirlər. Komitə rəsmisi həmçinin bu məsələnin qanuniləşməsini də təklif edib.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev cütlüyün evlənməmişdən öncə psixoloji testdən keçmələrini absurd yanaşma kimi dəyərləndirib: “Məncə, bu, bir qədər absurd məsələdir.

Nikahdan əvvəl ən vacib olanı tibbi müayinədir ki, xəstəlik və ya problemlər ortaya çıxsın, doğulan uşaqlar qüsurlu olmasınlar. Amma nikahdan əvvəl insanları psixoloji testdən keçirmək düzgün yanaşma deyil.

Azərbaycandakı insanlar hamısı dəlidirmi, yaxud psixoloji xəstədirlərmi ki, hər evlənəni psixoloji testdən keçirəsən? Bu yanaşmanı absurd hesab edirəm. Təklifi verənlər yəqin ki, işsiz-gücsüz qalıblar. Təbii ki, Azərbaycanda sayı çoxalan boşanmalar məni də narahat edir. Bunun ən böyük səbəbi valideynlərin övladlarını öz arzularına görə evləndirmələridir.

Bəzən övladın fikri nəzərə alınmır. Müəyyən bir qisim var ki, ya oğlunu, ya da qızını başa salır, müəyyən bir təbliğat aparır ki, sən filankəsi alsan, ya filankəsə getsən “yaxşı olar”. Bu “yaxşı olar” məsələsi sonradan problem yaradır.

Düzdür, heç bir valideyn övladının həyatının pis olmasını istəmir. Amma elə valideynlər var ki, nəyəsə görə övladlarını buna məcbur edirlər. Bir qisim var ki, çox gənc yaşda qız uşaqlarını ərə verirlər”.

Deputat qız uşaqlarının ümumiyyətlə 20 yaşdan tez ailə qurmalarının əleyhinə olduğunu bildirib:

“Ailə Məcəlləsinin 10-cu maddəsində də deyilir ki, 18 yaşına çatan qızlar və oğlanlar evlənə bilər. Digər maddəyə görə isə yerli icra hakimiyyətləri bu yaşı 17-yədək azalda bilərlər. Sizcə 17 və ya 18 yaşında qız ev saxlaya bilər? O, ağır bir yükün altına girə bilər? Bu, həyatını məhv etməkdir.

Qız oxumalıdır, təcrübə toplamalıdır və ayağı üstə durmağı bacarmalıdır.Məktəbi qurtaran kimi tez deyirlər ki, qızı ərə verək. Niyə? 18 yaşında qız gedib başqa bir ailənin yükünü çəkə bilərmi? İşıq, qaz və ya su pulu dərdi çəkə bilərmi?
O, sosial ağırlığın altında əziləcək, büküləcək və 30 yaşında qoca bir arvada bənzəyəcək. Məsələyə bu konteksdən yanaşmaq lazımdır. Uşaqdır, təhsili, işi və ya peşəsi yox, evdar xanım kimi başından vurub işlədirlər. Oğlan da gedib iş tapa və pul qazana bilmir. Üzü qara olur. Çünki oğlanların da çoxunun təhsili və peşəsi yoxdur.Beləliklə də sosial problemlər böyüyür və qayğılar ailəni dağıtmağa səbəb olur”.

Razı Nurullayevin fikrincə, valideynlərin bu cür yanaşması bəzən uşaqları da məhv edir:

“Valideyn övladını evləndirir və deyir ki, uşaq olsa, özüm saxlayacağam. Valideyn uşaq saxlamalı deyil. Uşağı cütlük özü istəməlidir. Ətrafımda 35 və ya 40 yaşında olan oğlanlar var ki, evlənmir.

Ümumiyyətlə, son vaxtlar oğlan uşaqları evlənmək istəmirlər. Bunun səbəbi əslində sosial məsələlər və dünyaya açılmış internet, sosial şəbəkə, eləcə də seriallardır. Göstərilən seriallar nəslin psixologiyasını və davranışını pozur. Xüsusilə də qız və qadınlar seriallarda gördüklərini öz həyatlarında yaşamaq istəyirlər.

Amma dünyanın heç yerində serialda olan həyat yoxdur”. Nikah yaşının artırılmasına gəlincə, millət vəkili buna ehtiyac olmadığını vurğulayıb. O, bütün dünyada nikah yaşının eyni olduğunu deyib: “Heç kim kiməsə deyə bilməz ki, 20 yaşına kimi evlənmə. Təbii ki, 18 yaşında olan insanların azadlığını əlindən almaq olmaz.
Amma insanları formalaşdırmaq, valideynləri və onların vasitəsilə övladlarını maarifləndirmək lazımdır. Dövlətin bir maarifləndirmə siyasəti olmalıdır. Gənclərin təhsil alması, peşəyə yiyələnməsi, karyera qurmaları, bir sözlə öz ayaqları üstə durmalarını aşılamaq lazımdır. İndi elə bir zamandır ki, bir kişinin qazancı ilə də ailə dolana bilmir.

Bu baxımdan qız uşaqlarına ərə getməyi təbliğ etmək deyil, təhsilə maraq oyatmaq lazımdır. Bəzi bölgələrdə qızlar gözləyir ki, varlı bir “prinç” gələcək və gedib xoşbəxt olacaqlar. Kaş ki, olaydı. Mən də arzulayıram... Amma bu, reallıqda yoxdur axı... Ona görə də qızlara təhsil verməliyik.

Parlamentdə də təklif etmişdim ki, qızların Azərbaycanda təhsilini tamamilə pulsuz etmək lazımdır. 150 baldan yuxarı kim bal toplayacaqsa, hamısını dövlət ödəsin. Bütün qız uşaqlarının ali təhsil almasını məcburi qaydada etmək olar. Bir nəfər belə oxumamış və peşəsiz qız qalmasın. Bu, cəmiyyətin inkişafı deməkdir”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO