Xocalının canlı şahidi danışır: “Qonşum hamilə arvadının qarnına güllə dəyəndə qəhqəhə çəkdi...”

Xocalının canlı şahidi danışır: “Qonşum hamilə arvadının qarnına güllə dəyəndə qəhqəhə çəkdi...”

Hazırda oxunan: Xocalının canlı şahidi danışır: “Qonşum hamilə arvadının qarnına güllə dəyəndə qəhqəhə çəkdi...”

15551

29 illik acını, qanlı tarixi unutmaq hər insanın işi deyil. Bəzən həyatda elə anlar olur ki, 1 dəqiqə bir əsrə bərabər olur. Və həmin o yaşananlar sənin hafizəndən silinib getmir. 

Bizə Xocalı faciəsini nə unuda bilər? Qadınların sinələrinin kəsilməyi, hamilə qadınların qarnını yarıb, körpə balanı oradan çıxarıb yerinə siçovul, pişik qoyub tikmək, və o qadının necə zülmlər içində can verməyini necə unutmaq olar?

Xocalı faciəsinin canlı şahidi Səmayə Quliyevanın dediklərindən:

“O zaman 15 yaşım vardı. 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri axşan saat 23.00-da xocalı əhalisinin yatdığı bir zaman hücuma keçdilər.

Qaranlıq səmada topların atəşindən qıpqırmızı qızarmışdı. Məcbur olub o soyuq qış gecəsində ayaqyalın Xocalını tərk etdik. Qar-qar Xocalının kənarında axan bir çaydır. Biz o buzlu çayı keçib o qarlı, qanlı meşəyə girdik.

 

MÖVZU İLƏ BAĞLI:

Xocalıya girsəydik nə baş verəcəkdi? – Sabiq deputatdan FAKTLARLA CAVAB


O gecə nə qədər uşaq, yaşlı var idi. Hər dəfə bu səhnəni danışanda tüklərim biz-biz olur, o günü, saatı yenidən yaşayıram.

İnsanlar çarəsiz dağı çıxıb yenidən aşağı enirdi. Qara qaya deyilən bir yer vardı. Biz ora çatanda səhər saat 8 idi. Ermənilər bizim üçün orada pusqu qurmuşdu. Kolluqlarda tülkü kimi gizlənib, xocalı sakinlərini gözləyirdilər. Bilirdilər ki, Xocalı əhalisi sonunda buradan keçib gedəcək. İnsanlar ora çatan kimi, gizləndikləri kollardan çıxıb, dinc əhalini atəşə tutdular.

Bu zaman anama başından güllə dəydi, ayaqlarımın altında can verdi. Ağrının şiddətindən ürəyim getdi.

Ayılanda hər yer insan meyitləri ilə dolu idi. Biri ürəyindən, biri ayağından, birinin bütün başı dağılmışdı, birinin isə qolları yox idi. Çayın kənarında uzanan oğlanın üzünün dərisi, qayalıq tərəfə düşən cavan gəlinin isə bədən əzaları kəsilmişdi. Gözlərimin qarşısındakı mənzərəni görəndə əvvəl elə bildim yuxu görürəm, sonra hər şey reallaşmağa başladı.

Lakin onda da düşündüm ki, bəlkə hansısa filmə çəkilirəm, bunlarda özlərini ölülülyə vurulub.

 

Sonra dəli bir qəhqəhə keçdi könlümdən. İçimdəki hayqırtı daxilə can ataraq, məni var gücümlə qışqırmağa vadar edirdi. İstəyirdim meyitlərə yaxınlaşım qışqırım ki, durun film bitdi. İşıqlar sönüb, rejissor meydançanı tərk edib. Qalxın...


Yadıma ürəyim getmədən gördüyüm mənzərə düşdü. Qonşumuz hamilə qadın həyat yoldaşı ilə qaçırdı, birdən güllə əvvəl qadının qarnına, sonra ürəyinə sonda isə başına dəydi.

Yoldaşı qarşısında xırıldayıb can verən qadınına baxıb qəhqəhə çəkib gülürdü. Gördüyü mənzərə elə həmin an onun şüurunu dondurmuşdu. Ermənilər körpələrin kürəyinə silahın tətiyi ilə vurub sür-sümüklərini sındırırdılar, gözlərini oyurdular. Qadınların saçlarından tutub divara çırpırdılar. Biz xocalılar gördüyümüz bu mənzərələri necə unudaq?

Yaşadığım dəhşətlərdən sonra mən düz 8 gün ermənilərdə əsir qaldın. Bunun iki gününü özümdə olmamışam, məni ölü bilib zibilliyə tullayıblar.

İki gündən sonra ayıldım hər tərəf qaranlıq idi. Gözlərimi aça bilmirdim, bir-birlərinə yapışan kipriklərimi aralayıb, göz qapaqlarımı qaldırdım. Ayaqlarımı tərpətmək istədim, ancaq bunu bacarmadım. Saçlarımın arasından buz dənələri sallanırdı.

 

Gücümü toplayıb qışqırmağa başladım ki, kimsə mənə kömək etsin. Həmin yerin gözətçisi yaşlı bir erməni kişi gəlib mənim saçlarımdan tutub sürüməyə başladı. Yerdəki şüşə qırıntıları bütün bədənimi cızıb, məni al qana qərq etdi.


Təsəvvür edin tir-tir əsirdim, əynimdən çıxardıqları paltarın suyu axa-axa gətirib üstümə atdılar ki, soyuqdu sənə geyin.

Məni elə bil lağa qoyurdular. Onlar sanki bizə zülm, əzab verdikcə həzz alırdılar. Ondan sonra 7 gün daha orda qaldım. Bu yeddi gündə dayanmadan ermənilər tərəfindən döyüldüm.

Sonda ac qalan erməilər məni məcbur olub yanacağa dəyişdirdilər. Əsirlikdə olduğum 7-ci gün mənə məktub yazdırdılar, Ağdam da qohumlarımız var idi. Yazdım ki, mən sağam məni ermənilər geri verir. Benzin, siqaret və ərzaq gətirib, bizi geri alın.

Beləliklə, ermənilər bizi benzinə dəyişdirdilər. Mənim cismim azad oldu, ancaq şüurumu, qəlbimi, o günü həmin o yerdə, Xocalıda dəfn etdim.

İllər keçib, bundan sonra da keçəcək hər sevincimin içində göz yaşı, hər xoşbəxtliyimin içində bir bədbəxtlik olacaq. Ölənə qədər iki gözüm eyni anda gülməyəcək, birində sevinc olanda, digəri mütləq kədərlə yoğrulacaq....”

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO