Heydər Əliyev mərkəzinin Nic qəsəbəsinə tədris ili hədiyyəsi

Heydər Əliyev mərkəzinin Nic qəsəbəsinə tədris ili hədiyyəsi

Hazırda oxunan: Heydər Əliyev mərkəzinin Nic qəsəbəsinə tədris ili hədiyyəsi

155483

Azərbaycanın tolerantlıq mərkəzi Nicdə udi uşaqlarına yeni tədris ili hədiyyəsi. Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq yeni təhsil ocaqları inşa olunaraq, yaxud əsaslı bərpa edilərək istifadəyə verilir.  

2023-2024-cü tədris ili də istisna olmayıb.  

Həmişə olduğu kimi, Fondun müəllim və şagirdlərə yeni tədris ili hədiyyəsi paytaxtla yanaşı Azərbaycanın regionlarını da əhatə edir. Yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən Bakıda və regionlarda əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi - 19 məktəb və 3 məktəbəqədər müəssisə müəllim və şagirdlərin istifadəsinə verilir. Tədris ili ərzində Heydər Əliyev Fondu tərəfindən inşa və təmir edilən daha 10 məktəbin açılışı nəzərdə tutulur.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Fondun təhsillə bağlı yeni layihəsi Qəbələ rayonunun payına düşür. Qəbələnin Nic qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1 nömrəli tam orta məktəbin binası inşa edilərək istifadəyə verilib.

Tolerantlıq və multukulturalizmdən söhbət düşəndə hər zaman Qəbələnin Nic qəsəbəsi xatırlanır. Çünki bu qəsəbədə udilər yaşayır və bu  birgə yaşayışın nəinki ölkəmizdə dünyada bariz nümunəsidir. Bu gün qəsəbə sakinləri üçün daha bir sevincli an yaşanır. Heydər Əliyev Fondu burada ən müasir tələblərə cavab verən məktəb inşa edib. 

Arzudan reallığa.  

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2021-ci ilin may ayında Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində Fondun apardığı bərpa işləri ilə tanışlığı zamanı Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili dövlət başçısına burada 150 yaşı olan məktəbin təmiri ilə bağlı müraciət etmişdi.

Bununla əlaqədar olaraq Heydər Əliyev Fondu tərəfindən 1 nömrəli məktəb üçün yeni binanın inşasına başlanılmışdır. Onu da qeyd edək ki, bu, Heydər Əliyev Fondunun Nic qəsəbəsində təhsillə bağlı ilk layihəsi deyil.

Belə ki, qəsəbədə 2 nömrəli tam orta məktəb də Fondun təşəbbüsü ilə inşa olunub. Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilenin sevinci ikiqatdır. Axı iki il əvvəl Prezidentdən etdiyi xahiş bu gün reallaşıb.  

“Bu məktəb Qəbələ rayonunda ən qədim məktəblərdən biridir. Məktəbin təxminən 150 illik yaşı var . Və biz köhnə məktəbi saxlamışıq. 44 günlük müharibə vəziyyətində Müqəddəs Məryəm Ana kilsəsi də bərpa olundu və açılışına  cənab Prezident   və birinci xanımı, Vitse-Prezident Mehriban xanım gəldi.

Birinci təməl daşı da onda qoyuldu və  bu məktəb inşa olundu. Müasir tələblərə  uyğun gözəl bir məktəbdir. Burda olan kabinetlər, dərsliklər, şərait bir daha göstərir ki, həqiqi mənada Azərbaycan bütün azsaylı xalqların qayğısına qalır, onları öz vətəndaşı kimi sevir və inkişaf etdirir.
Bunu biz Müqəddəs Məryəm Ana kilsəsinin bərpa işlərində, belə məktəblərin tikintisində canlı şahidi olduq. Bu Azərbaycan modelidir, Azərbaycan həqiqətidir” deyir və hər kəsi məktəblə tanışlığa dəvət edir.  
Belə məktəbdə ancaq oxuyaraq etimadı doğrultmalıdırlar. 
 
 2023-2024-cü tədris ilində istifadəyə verilən 2 mərtəbəli 200 şagird yerlik 1 nömrəli tam orta məktəbdəki fənn kabinetləri və laboratoriyaları lazımı avadanlıqla və əyani vəsaitlərlə təchiz edilib.

Məktəbdə kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası şagird və müəllimlərin istifadəsinə verilib. Təhsil ocağının həyətində abadlıq və yaşıllaşdırma işləri görülüb. İki uşaq anası Angelina Adari bir valideyn olaraq sevincini bizimlə bölüşür. 

 “Bir valideyn kimi çox sağ olun deyirik. Qürur duyuruq ki, belə gözəl məktəb inşa etdilər. Heydər Əliyev Fonduna öz təşəkkürümüzü bildiririk. İnşallah bizim uşaqlar yaxşı oxuyarlar,  ali məktəblərə qəbul olarlar , yüksək nəticələr göstərib etimadı doğruldarlar” deyən Angelina xanım bütün kənd sakinlərinin, udilərin kompakt yaşadığı Nic kəndinin tarixində əlamətdar hadisə yaşandığını diqqətə çatdırır. 

Beləliklə, Heydər Əliyev Fondunun dəstəyi ilə yeni təhsil ocaqlarının istifadəyə verilməsi ölkədə gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almalarına daha bir töhfədir. Bu günə kimi 500 məktəb inşa ya təmir olunub.

Yarandığı gündən təhsil sahəsinə xüsusi həssaslıqla yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqaməti elan edən Fond “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” kimi proqramların icrası ilə təhsil sahəsinə öz dəstəyini göstərir, müasir standartlara cavab verən təhsil kompleksləri yaradır, tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə təhsil müəssisələri əyani vəsaitlərlə təmin olunur.

Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində 2004-cü ildən etibarən 500 məktəb inşa və təmir olunaraq istifadəyə verilib. Fondun təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə verdiyi töhfələr bu il də yüzlərlə şagirdin, müəllim və valideynin sevincinə səbəb olub.












Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO