Sərdar Cəlaloğlu: “İslahatlar davam edəcək, 5-10 məmurun həbsi ilə bitən iş deyil” - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “İslahatlar davam edəcək, 5-10 məmurun həbsi ilə bitən iş deyil” - MÜSAHİBƏ

Hazırda oxunan: Sərdar Cəlaloğlu: “İslahatlar davam edəcək, 5-10 məmurun həbsi ilə bitən iş deyil” - MÜSAHİBƏ

15530

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Bizim.Media-ya verdiyi maraqlı müsahibənin ikinci hissəsini təqdim edirik:

- Sərdar müəllim, son zamanlar baş verən məmurların həbsləri ölkədə yeni islahatların, yeniliklərn olacağının carçısıdır. Siz bu vəziyyətə necə baxırsınız? Sizcə bunun davamı var, yoxsa düzgün olmayanlar bitdi artıq?

- Məntiqlə getsək, bu təmizləmə işləri davam etdirilməlidir və davam edəcək. Çünki içimizdə cinayətə uğramış insanlar yetəri qədərdir. Bu məsələ 5-10 məmurun həbsi ilə bitən deyil. Onlar son xırda damara qədər cəmiyyətdən təmizlənməlidirlər. Bundan başqa, ən güclü idarəetmə qüvvəsi nəzarətdir. Cəmiyyətə nəzarət nə qədər güclü olsa, cinayət bir o qədər az olar. Biri var hakimiyyət özü-özünə nəzarət etsin, bir də var üzərində ona rəqib olan bir qüvvə olsun. Bu nəzarətin birini parlament, digərini isə ictimai strukturlar, cəmiyyətlər həyata keçirir. 
 

MÖVZU İLƏ BAĞLI:

Sərdar Cəlaloğlu “O adam Azərbaycan siyasətində mənfi tendensiyaların anasıdır”– MÜSAHİBƏ - FOTO


- Necə düşünürsüz, korrupsioner məmurlar, onların dağıtdığı dövlət əmlakına görə kim cavab verməlidir? Axı, kimsə bu pulları geri ödəməlidir. Ancaq heç kəsə sirr deyil ki, bu məmurlar mal varlıqlarının demək olar ki 90 %-ni xarici ölkələrdə, xarici banklarda və başqa insanların adına qeydiyyatdan keçirərək saxlayırlar. 

- Bu insanların törətdiyi əməllərdə hamı məsuliyyət daşıyır. Bu insan pulu əlbəttə ki, 1 il ərzində mənimsəməyib. Niyə bəs indiyə qədər bu gizlin qalıb? Niyə digər səlahiyyətli şəxslər buna göz yumub? Bilirsiniz niyə, çünki, orada tayfa siyasəti mövcuddur. Qardaşı icra başçısıdırsa, özü polis rəisidi, digəri məhkəmə hakimi, bax belə zəncir davam edir. Beləcə bir-birlərinin pozuntularını illərlə ört-basdır ediblər.
 

Bizim cinayət məcəlləsində belə bir müddəa var ki, mətbuatda verilən məlumatlar prokurorluqda cinayət tədbirlərinin başlanmasına əsasdır.


- Bəs, dağıdılan, mənimsənilən əmlaklar necə qeri qaytarılmalıdır?

- Çox təəssüf ki, biz belə bir məsələ ilə rastlaşmadıq ki, hansısa məmur 10 milyon, 100 milyon malını geri, dövlətə ödəsin. Beynəlxalq Bank dağıdılanda hesablamalara görə, 7 milyard dollar pul mənimsənildi. Bəs, hanı o pullar? Kim geri qaytardı? 1-2 milyard səhv etmirəmsə qaytarıldı, qalanından xəbər çıxmadı. O, qara müsahibatlığı da çox asanlıqla ortaya çıxarmaq olar.

- Əli Həsənov, Vüqar Səfərli mətbuatı qoyduğu iflic vəziyyətindən danışaq. Onlar vəzifədən getməklərinə baxmayaraq, qol budaq verdikləri insanlardan mətbuat hələ də təmizlənə bilmir. 

- Vüqarın rəhbərlik etdiyi qurumun bütün üzvləri cinayətkardır və bunu hamı bilir. Hamıya məlumdur ki, o bütün işləri özbaşına etməyib və şuranın digər üzvləri də ondan bəhrələnib. Onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu mütəşəkkil cinayətdir. Biz bilirik ki, o, bu qədər qərarları tək qəbul edə bilməzdi. Bəs, şuranın üzvləri hara baxırdı. Bizdə dəqiq məlumat var ki, şuranın bütün üzvləri də o korrupsiyada iştirak ediblər.
 

Əli Həsənov özü də kiçik fiqur deyildi. Ancaq buna baxmayaraq, Ramiz Mehdiyev bir tapşırıq versə idi onu mütləq şəkildə yerinə yetirməli idi. Ancaq bir məsələ də var, çox vaxt tapşırıq verən insanın adından istifadə edilir.


Məsələn Ramiz Əliyə bir tapşırıq verirdisə, Əli onun adından istifadə edib 2 işi də özü üçün görürdü. Bu hər zaman belə olub. Bir dəfə yuxarıdan tapşırıq alan kimi, beş-altısını özləri üçün edirlər. Məsələn Ramiz Mehdiyev deyirdi ki, filankəsi tutun, Əli özü üçün əlavə 5 nəfəri tutdururdu. Adını da qoyurdu ki, “filankəsin adamıdır”. O başdan ayağa şər mexanizmi idi. Məni də Əli Həsənov bir neçə dəfə hədələyib. Hətta bir dəfə məqalənin adına görə hədələnmişəm. “Azərbaycan inqilabı hamilədir” adlı yazıya görə, mənə dedi ki, həbs ediləcəksən.

Bundan başqa Respublika Prokurorunu mətbuatdan Əli Həsənov qoruyurdu, o isə Əli Həsənovun cinayət əməllərini ört-basdır edirdi. Onlar “əl-əli yuyar, əl də üzü” prinsipi ilə bir-birlərini qoruyurdular.

- Gəlin, 44 günlük müharibədən sonra qələbəmizi kölgəyə salan qüvvələrdən danışaq. Hətta bu gün möhtəşəm zəfərdən razı düşməyən, onu kölgədə qoymaq istəyən qüvvələr var. Bu barədə nə deyə bilərsiz? 

- Bayaq siz dediyiniz kimi, axı o qara qüvvələr tam təmizlənmədi. Bu gün bəzi qüvvələr süni surətdə eskalasiya edirlər. Yəni müharibədən əvvəl və sonra Azərbaycanda elə də ciddi problemlər yaranmadı.
 

Amma adama elə gəlir ki, müharibədən sonra problemlər 100 dəfə artıb. Əvvəlkilərdən daha çox iç sabitliyi pozmaq istəyən həm müxalifət, həm də iqtidarın içində qara qüvvələr var.


Hiss olunur ki, bəzi qüvvələr heç cür Azərbaycandan əl çəkə bilmir. Çünki Cənubi Qafqazın iki respublikasında (Ermənistan, Gürcüstan) bu gün qeyri sabitlik hökm sürür və Azərbaycanı da o prosesə qoşmaq istəyirlər. Burada əsas məqsəd Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaqdır.

- Nə istəyir o qüvvələr, məqsədləri nədir?

- Onların ölkə daxilində apardıqları işin 90 %-i hakimiyyəti nüfüzdan salmaq üçündür. Cəmiyyət arasında şayiələr yayırlar, müxalifətdən, xaricdə yaşayan insanlardan, bloqerlərdən istifadə edirlər. Sosial problemlər qəsdən şişirdilir.
 

Məsələn, biz etiraf etməliyik ki, əvvəlki illərə nisbətən müxalifətlə, iqtidar münasibətləri düzəlib. Əvvəl müxalifətin fikir və təklifləri qəbul edilmirdi, ancaq indi söz ağzımızdan çıxan kimi hökümət ona dərhal reaksiya verir, müəyyən mənada da həll edirlər.


İqtidar və müxalifət partiyalarının sədrləri birlikdə işğaldan azad olunmuş ərazilərə səyahət etdilər. Ondan əvvəl də jurnalistlər belə səyahət edib. Ancaq elə görüntü yaradırlar ki, guya hələ də hər şey Ramiz Mehdiyevin səlahiyyətli olduğu dövrlərdəki kimi davam edir, vəziyyət pisdir.   

- Sərdar bəy, son günlərin əsas mövzularından biri də feministlərdir. Onların öncəliklə özünü ifadə formasından danışaq, nə istəyirlər bu qadınlar?

- Azərbaycandakı feministlər dünya feministlərinin fikirlərinə zidd şüarlar səsləndirirlər. Dünya feministləri deyir ki, qadınları kişilər üçün yalnız seksual obyekt olmaqdan xilas etmək lazımdır, bizimkilər isə deyir ki, icazə verin Azərbaycanda qadın alveri inkişaf etsin. Xətt budur, bunun feminizmə qəti aidiyyatı yoxdur.

- Pandemiyaya da toxunaq. Bu bəşəri bəlaya yanaşmanız necədir? 

- Əslinə baxsan hər zaman dünyada viruslar olub. Mənim özümdə də bu barədə şübhələr var, bu hibrid bir virusdur. Bundan başqa vaksinlə bağlı da ziddiyətli fikirlər var: laxtalanma, sonsuzluq və genetik fəsadlar yaradır. Aydın görürük ki, burada sipukulasiya var. Bill Qeytsin isə burada aktivliyi lap təəccüblüdür. Bu da deyələnlərdə həqiqət payının olduğunu göstərir. 

- Toyların, tədbirlərin qadağan edilməsi bir problemdən qoruyacaq, bəs hansı fəsadlar yaradacaq?

- Bir oğlanla qızın bir yerdə ailə qurmasında 500 nəfərlik məclis qurmaq vacib deyil. Ancaq sosial problemlər yaradır. Ana öldü, oğulu yanına buraxmadılar, xəstəxanada can verdi kimsə yalnız qaldı, bu cür problemlər yarandı. Buna effektli mübarizə üsulu yoxdur.
 

Ona görə özümüzü qorumalıyıq. Adi vaksini götürək, min cür peyvənd var. Hər kəs öz vaksininin effektliliyini tərifləyir. Bu özü şübhə doğurur.


- Siz həm də həkim və filosofsunuz. Quranda bütün bunlar haqda nə deyilib?

- Quran əbabil quşları təsvir olunur. Allah buyurur ki, biz quşların ağzında bir daş saldlq qoşunun başına onlar məhv oldular. Mən bunu çox ciddi şəkildə təhlil etmişəm. Bu qərara gəlmişəm ki, burada söhbət elə infeksiyadan gedir. Birinci dünya müharibəsi zamanı qarın yatalağından 100 milyon adam ölüb. Ordu yatalaqdan məhv olub. Düşünürəm ki, məhz həmin surə dünyada olan infeksiyalardan danışır. 

- Novruz bayramı günləridir, bu bayramı sevirsizmi? Barışacağınız adam varmı? 

- ilk əvvəl bu fürsətdən istifadə edib, xalqımızı Novruz münasibətilə təbrik edirəm. Novruzun fəlsəfəsi yeniləşmə deməkdir. Arzu edirəm ki, bütün küsülülər barışsın. Bizdə kənddə bayram qabağı hər şey təmizlənirdi. Hamıya yenilik arzulayıram. Küsülü olduğum insanlara gəldikdə, insan sevdiyi şəxsdən küsər. Mən heç kimlə küsülü deyiləm. Sadəcə, məsafə saxladığım insanlar var. 

- Ədalət Partiyası ilə münasibətiniz necədir? İlyas İsmayılovla görüşürsünüzmü? 

- Mən ona bir şəxsiyyət kimi, siyasətçi kimi çox böyük hörmətim var. Baxmayaraq ki, aramızda incikliyimiz olub, ancaq mən hər zaman ona bir böyük kimi hörmətin saxlamışam və həyatımın sonuna qədər bu belə olacaq. Çünki İlyas müəllim özü çox mədəni bir insandır. Baxmayaraq ki, hər zaman yüksək vəzifələrdə çalışıb, o, çox təvazökar insandır.
 

Hər zaman bizimlə son tikəsini belə bölüşərdi. Bir də görürdün bir alması olardı, tez məni çağırardı ki, gəl bir almam var bölək yeyək. Söhbət almadan deyil, onun böyük ürəyindən, düşüncəsindən gedir.


- Uşaqlıqda yadınızda qalan bir xoş xatirə var?

- Məktəbdə hər zaman bu bayramı təntənəli keçirərdik. Bundan başqa yadımdadır ki, evdə plov bişəndə, düyünün həlimini içmək üçün sıraya düzülərdik. O zaman qadınlar yumaq edərdi. Onun içinə konfet, qənd qoyulardı. Anam xalça toxuyurdu. Hər zaman gözləyirdik ki, anam tez xalçanı toxusun, içindən çıxan şirnini biz yeyək.

- Övladlarınız nə ilə məşğuldur? 

- Övladlarımın xaricdə yaşayır. Biri Norveçdədir, hüquqşünasdır. Amma orada öz sahəsi üzrə işləmir. Digər övladım isə İngiltərədə yaşayır. Öz işləri var.

- Hazırda hansı işlərlə məşğulsunuz? Elmi sahədə nə yeniliklər var?

- Mən indi Qurana şərh yazıram. Bütün səmavi kitablarla müqayisə edirəm. İncil, Tövrat ilə. Quran çox mürəkkəb kitabdır. Bəzən 1 cümlə 5 yerdə, bəzən isə 5 cümlə birində birləşir.
 

Bəzən 4-5 kitabı müqayisə edib bir cümləninin mahiyyətini tapıram. Orada sosiologiya, politologiya hətta müharibə elmi ilə bağlı, döyüş taktikasına aid ayələr var. 


Mənim 3 elmi nəzəriyyəm dövlət müəllif agentliyində qeydiyyatdadır. İki nəzəriyyəmi Nobelə mükafatına yollamışam. Biri kosmik dəyişmələr, zəlzələlərin, vulkanların olma səbəbləri, biri isə maddənin 5-ci halı haqqındadır. Hazırda elmə maddənin 4 halı məlumdur. Bir nəzəriyyəm isə həyatın əmələ gəlməsi barəsindədir. Bundan başqa daha 3 nəzəriyyə üzərində işləyirəm. Bu da hazırda elmin cavab verə bilmədiyi teoriyalar haqqındadır.

- Çox sağ olun, vaxt ayırdınız, maraqlı söhbət üçün təşəkkür edirəm.

- Mən sizə təşəkkür edirəm.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO