Aprel döyüşlərində böyük şücaət göstərmiş, Lələtəpə yüksəkliyinin azad olunmasında xidməti olan Milli Qəhrəman, polkovnik Şükür Həmidov Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə şəhid oldu.
Bizim.Media olaraq şəhidin atası Nəriman Həmidovla əlaqə saxladıq.
Açığı şəhid atası ilə ilk dəfə idi danışırdım, necə, haradan başlayacağımı bilmirdim. Amma şəhid atasının məğrur səsi məni ürəkləndirdi.
“Şükür bu yolu seçmişdi, bizim üçün gözlənilən idi onun itkisi, sevinirəm ki, onun qanı Qubadlı torpağına töküldü, orada döyüşərək şəhid oldu”, - deyə şəhid atası böyüyüb boya-başa çatdığı torpağın işğaldan azad edilməsində oğlunun da əməyinin olması ilə qürur duyduğunu bildirdi.
“Həyatda elə hadisələr olur ki, bir hadisə başqa bir hadisəni kölgədə qoyur”, - deyə sözlərinə davam edən Nəriman Həmidov Qubadlı xəbərini alanda çox sevindiyini, sanki gözlərinə işıq gəldiyini, bu qələbənin onun üçün təsəlli olduğunu söylədi.
Şəhid atası, həmçinin Prezident İlham Əliyevin dəfn mərasimi zamanı onunla əlaqə saxlayıb başsağlığı verməsini yüksək dəyərləndirərək “bu, mənim üçün hər şey idi” deyir.
Sonda şəhid atası xalqımızın bir yumruq kimi birləşməsindən qürur duyduğunu da dilə gətirdi.
“Allah xalqımızın həmrəyliyini pozmasın, bu birlik məni heyran edir".
Yusibli Səkinə, Bizim.Media