Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, repetitorların vergi ödəməsi qanunidir və gəlir əldə edən hər bir şəxs bunu etməlidir:
"Hazırda hazırlıq kursları hüquqi şəxs kimi qeydiyyata alınır və vergiyə cəlb olunurlar. Ancaq orada işləyən müəllimlərin müqaviləsinin olması, əmək haqlarının vergiyə cəlb edilməsi barədə problemlər mövcuddur. Əsas məsələ məhz qeydiyyatsız formada öz evində və ya başqa məkanlarda fəaliyyət göstərən repetitor müəllimlərin vergiyə və sertifkasiyaya cəlb olunmasıdır. Onlar indiki vəziyyətdə vergi ödənişindən kənardadırlar. Bu sahəyə demək olar ki, nəzarət yoxdur. Kim istəsə bir otaq götürüb üç-beş parta qoyur və dərs deməyə başlayır - nə təhlükəsizliyə zəmanət var, nə də keyfiyyətə”.
Müsahibimiz qeyd edib ki, repetitor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi effektiv olardı:
"Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. Ona görə də Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iştirakı ilə komissiya yaradılmalı və orada təhsil xidmətləri göstərənlər yoxlanılmalı, fəaliyyət icazəsi verilməlidir. Repetitor fəaliyyətindən gəlir əldə edən şəxs kimi hesabat rübü ərzində təqdim etdiyi işlərə, xidmətlərə görə əldə edilmiş ümumi gəlirlərin Bakı şəhərində 4 faizi, digər regionlarda isə 2 faizini vergi kimi ödəməlidir.
Bəziləri "müəllim bütün il boyu repetitor kimi məşğul olmur, aylar ürzə müxtəlif xidmət haqqı alır və hətta bir çox şagirdi pulsuz hazırlaşdırır”, deyir. Amma gəlir əldə etməyənlər onsuz da vergi bəyənnaməsini sıfırla verə bilər. Bu gün taksi sürücüləri, gözəllik salonları, evini, obyektini kirayə verənlər və ümumilikdə gəlir əldə edən hər bir şəxs vergi ödəyir və ödəməlidir”.
Günay Rəsulqızı