“Son illər təhsilin idarə edilməsində qeyri-peşəkarların sayının artması…” – Gülər Mübariz 

“Son illər təhsilin idarə edilməsində qeyri-peşəkarların sayının artması…” – Gülər Mübariz 

Hazırda oxunan: “Son illər təhsilin idarə edilməsində qeyri-peşəkarların sayının artması…” – Gülər Mübariz 

155027

“Problem elə bir xüsusiyyətdir ki, var olmadığı sahə olmur. Təbii ki, ideal sahə yaratmaq olduqca çətindir, bu səbəbdən də cəmiyyətimizin müəyyən sahələrində problem həmişə olub və olmağa da davam edir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri “Vətəninfo.az”a açıqlamasında ekspert Gülər Mübariz bildirib. 

Gülər Mübariz bu gün o sahələrdən birindən-təlim,tərbiyə ocağı olan tədris müəssisələrindən danışıb. O bildirib ki, bizim məktəblərdə mövcud olan xeyli problemlər var. Bu problemlərin bir hissəsi aşkar görünür, bir qismi isə hissəsi daha dərindədir. Ən azından gördüyümüz və hiss etdiyimiz tərəflərindən başlayaq:
“Əvvəlki təhsil sistemi ənənəvi üsulla idarə olunurdu. İdarəetmə sistemində  peşəkar təhsil işçiləri yarana bilən problemlərin həllində klassik pedaqoji elmin nailiyyətlərindən istifadə edərək, problemləri müəyyən əsaslarla həll edirdilər. 

Müstəqillik qazandıqdan sonra isə Azərbaycanda yaranan yeni cəmiyyət quruculuğu sivilizasiya xətti ilə təhsil sisteminin yeniləşməsində dünya təcrübəsinə inteqrasiyaya dərin yol açdı. Təbii haldır ki, bu inkişaf prosesi ölkənin ali və ümumtəhsil sistemində də hiss olunmağa başladı.

Bu sahədə keçirilən zəruri tədbirlər, irəliyə doğru atılan uğurlu addımlar, ölkə Prezidenti tərəfindən imzalanan Sərəncam və fərmanlar müasir təhsilin də keyfiyyətinin yüksəlməsinə səbəb oldu. Ancaq bu gün biz təhsil sahəsində yaranan bəzi problemlərdən danışacağıq”.

Ekspertin sözlərinə görə,  tədris prosesi çoxpilləli və müxtəlif sahəli olduğundan mövcud olan və həlli mümkün olan təhsil problemlərinin olmağı təbii hal sayılır:

“Yetər ki, bu problemlərin həllinə soyuq münasibət göstərilməsin, ən azından hər bir sıravi vətəndaşın buna köməyi dəyə bilər, heç kim bu yolda geri çəkilməsin. Çünki məktəb elə bir qurumdur ki, onun içindən keçməyən olmur, bu yolda dərsini gözəl alan, şəxsiyyət kimi düzgün formalaşan hər kəsin cəmiyyətə müəyyən töhfələri olacaqdır. Bu töhfələrdən də nəsibini alan yenə bizlər olmayacayıqmı?… 

Tədris ocaqlarımızda mövcud olan bəzi problemlərin həllinə toxunmaqla bir çox məsələlərin qaydaya salına biləcəyinə inamım böyükdür. Bunun zəruriliyini və əhəmiyyətini anlamaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 iyun 2009-cu il tarixdə təsdiq etdiyi “Təhsil haqqında” qanunun ilk müddəasına nəzər yetirmək kifayətdir,hüquqlarını bilən hər bir vətəndaş təhsilin insan həyatındakı rolunu da bilir.

Cəmiyyətin tərəqqisini, intelektual potensialını formalaşdıran, vətəndaşın yüksək təfəkkürünü yaradan, fərdin öz üzərində inkişafını təmin edən, milli-mənəvi dəyərlərimizi qoruyub saxlayan da tədris ocaqlarımız deyilmi?

Xalqın taleyində bu qədər önəmli olan bir qurumda yaranan ən kiçik problemə də diqqətsiz və narahatlıq keçirmədən yanaşmaq gələcəyimizə təhlükə yaratmaqdır.

Bu sferadan yanaşsaq, məqaləmizin mövzusunun mahiyyəti və məqsədi daha da aydın olar. Problemlərin diqqətə çatdırılması həmin problemlərin aradan qaldırılmasına və təsir gücünün zəiflədilməsinə xidmət edə bilər”.

Gülər Mübariz deyib ki, etiraf etmək lazımdır ki, bu gün Azərbaycanın təhsil sektorunda inkişaf tendensiyası ilə yanaşı, müəyyən problemlərin olması da müşahidə olunmaqdadır:

“Son illər  təhsilin  idarə edilməsində qeyri-peşəkarların sayının artması, nəinki yeni tərtibli problemləri, ənənəvi problemləri də həll etməyə çətinlik yaradır.

Təcrübəsizlik və qeyri-peşəkarlıq kurikulum sisteminə də mənfi təsir göstərir. İdarəetmənin yetərli səviyyədə və düzgün aparılması məktəbin bütün sistemini inkişafa doğru aparır, əks halda tənəzzül qaçılmaz olur. Qurumun bütün rəhbər işçiləri başda olmaqla, sinif rəhbərləri, fənn müəllimləri, nəzarətçilər, mühafizə xidməti, təmizlik işçiləri xüsusi həssaslıqla seçilməlidir.

Çünki müəssisədə hər hansı bir vəzifə daşıyan, xidməti olan hər kəsin doğru insan olaraq seçilməsi bu qurumun və bu qurumdakı təhsil alanların birbaşa düzgün inkişafı ilə bağlıdır.

Məsələn, mühafizəçi qorumanı düzgün təmin etməsə, xidmətçi natəmizliyə yol açsa, müəllimə dərsi yetərincə tədris edə bilməsə, sinif rəhbəri sinfi, direktor məktəbi düzgün idarə edə bilməsə, nə kimi halların baş verə biləcəyi açıq-aşkar deyilmi?

Ən önəmli vəzifələrdən biri olan təlim-tərbiyə işləri müdiri vəzifəsini gözardı,sui-ehtimal etsə, qurumun təməli çökməzmi? Təlim və tərbiyəni təşkilindən məsul olan vəzifəli şəxslər işini və ona etibar olunan vəzifənin səlahiyyətinin və önəminin nə qədər olduğunu dərk etməli və hər addımında bunun vicdani yükünü boyunlarında hiss etməlidirlər. 

Düzgün tərtib olunmayan qayda-qanunla heç bir evi idarə etmək olmur, hələ ki yüzlərlə evin nümayəndələri ola. Hər iş o qədər sistemli qurulmalıdır ki, bu məsuliyyətli yolda kimsənin canı yanmasın, heç bir şagirdə zərər toxunmasın, ailələrin razılığı təmin olunsun, gələcəkdə cəmiyyətə qatılan həmin sistemin nümayəndələri üçün bütün qurum üzvlərinin başı dik, alnıaçıq olsun”.
Ekspertin fikirinə görə, bunun faydasını təkcə fərd olaraq da görmək olmaz, çəkilən əməklərin faydası bir tək quruma yox, bütün cəmiyyətə, millətə, vətənə toxunacaqdır: “Yetişdirilən hər bir şəxsiyyətin sadəcə Azərbaycanımıza- doğma vətənimizə dəyər qatdığını düşündükdə çəkilən hər bir əziyyətin qarşılığını almış olmuruqmu? Təkcə bu dəyər üçün hər çətinliyə dəyər, məncə… 

Anlayacağımız qədəri ilə bunu deyə bilərəm ki,mənim yazılarımın qayəsi, məqsədi kimisə ittiham etmək yox, bəzi məqamları diqqət önünə sərməklə problemin həlli yoluna çalışmaqdır. 

Birilərini ittiham kürsüsündə əyləşdirib, dinləmədən hökm oxumaq, mühakimə etmək çox asandır (təbii olaraq,bizim işimiz deyil) Önəmli olan kimlərisə qınamaq yox, yaşanılan və yaşanıla biləcək problemlərin həllinə çalışmaq, bunun üçün cəhd etmək vəzifəsindən asılı olmayaraq hər kəsin mənəvi borcu olmalıdır.

Bu borcun zərrəsini ödəyə biliriksə, xalqımıza can yandırırıqsa, kömək üçün həmişə varıqsa, nə xoş o cəmiyyətin halına… 

“Güc birlikdədir” deyiblər. Birlikdən doğan bütün gücümüzü gələcəyimizin səsi olacaq uşaqların düzgün təlim-tərbiyəsi ilə məşğul olmağa çağırıram. Onların parlaq gələcəyindən yaranan işıq bizim də yolumuzu aydınladacaqdır,buna əmin olun. Bu amalla yoluna davam edənlərə uğur dolu iş ili , geriyə qalanlarına isə islah arzulayıram”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO