İkinci Dünya Müharibəsində sovet ordusu tərəfindən əsir götürülmüş alman hərbçilərə məxsus məzarlıq Mingəçevir şəhərinə gələn turistlərin maraqla ziyarət etdiyi yerlərdən biridir. Şəhərin mərkəzinə yaxın yerdə yerləşən alman qəbristanlığında 827 məzar, bir də xatirə abidəsi yer alır. Səliqə ilə sıralanmış qəbirlərin hamısı elə əsirlər tərəfindən qazılıb. Kimsəsiz, naməlum şəxslərə məxsus qəbirləri xatırladan bu mənzərə əslində sahiblərinin dəfn ənənələrinə tam uyğun şəkildədir.
Mingəçevir şəhər Tarix muzeyinin direktoru Nofəl Məmmədəliyev Bizim.Media-ya açıqlamasında deyib ki, qəbiristanlığa aid çox az və nadir sənədlər şəhərin tarix muzeyində qorunub saxlanılır:
"İkinci dünya müharibəsindən sonra Sovetlər Birliyinin əlinə düşən hərbi əsirlərin on min nəfərə yaxını Mingəçevir şəhərinə göndərilib. Alman əsirləri burada aparılan tikinti işlərinə cəlb edilmək məqsədilə gətiriliblər. Mingəçevirə gətirilən almanlar bir müddət zirzəmilərdə saxlanılsa da, sonradan onlar üçün yerüstü yaşayış yerləri inşa edilib.
Buna səbəb isə almanların özlərini tam nizam-intizamlı aparmaları olub. Onların inşa etdikləri binalar indiki dövürdə də şəhərin ən görünüşlü tikililəri hesab olunur. Alman əsirlər Mingəçevirdə beş ilə yaxın müddətdə yaşayıb.
Həmin dövr ərzində isə ölən əsirləri almanların özlərinin dini ayinlərinə uyğun şəkildə dəfn edilməsinə şərait yaradılıb. Qəbirstanlıq dövrümüzə qədər qorunub saxlanılıb. Ancaq bura aid cəmi bir kitab və iki fotoşəkil şəhər muzeyində qorunub saxlanılır".
Şahidlərin dediklərinə görə, 1950-ci ildə öz ölkələrinə göndərilən əsirlər Azərbaycandan - Mingəçevir şəhərindən, burada yaşayan insanlardan razı şəkildə ayrılıblar:
"1998-ci ildə həmin əsirlərdən beş nəfəri Mingəçevir şəhərinə səfər edərək burada yaşadıqları yeri, o cümlədən qəbirstanlığı ziyarət ediblər. Onlardan biri Villi Deş adlı alman Mingəçevir şəhərində yaşadıqlarını qələmə alaraq kitab şəklində salıb. Həmin kitabı isə səfər zamanı şəhər muzeyinə hədiyyə edib. Bundan başqa burada xəstəlikdən vəfat etmiş daha bir əsirin övladı atasının məzarını ziyarət etməyə gələrkən ailələrinə aid iki fotoşəkili məzarın önünə qoyub. Həmin şəkillər də bizim tərəfimizdən saxlanılır”.
Alman qəbirstanlığı ünvanı ilə məşhur olan abidəyə gedən yol məhz elə Villi Deşin yazdığı bu kitabın səhifələrindən keçib. Belə ki, tarix muzeyinə gələn turistlər almanca yazılan kitabı görüb və onun tarixçəsini öyrəndikdən sonra qəbirstanlığı görmək qərarına gəlirlər. Qanlı cəbhənin səngərləri arasından boylanan ölümdən yaxa qurtarıb əsirlik həyatına məhkum olan alman yazar öz xatirələrində azərbaycanlıları humanist və mərhəmətli xalq kimi vəsf edib.
Kitabın sətirləri sanki bütün dünyaya insanlığın necə olduğunu örnək göstərir. Mingəçevir şəhərində ehtiramla qorunub ziyarət edilən qəbiristanlıq kimi...
Həmin kitabda əsirlərin Azərbaycan ərazisinə gətirildiklərindən tutmuş buradan ayrıldıqları günə qədər hər şey, necə deyərlər alman dəqiqliyi ilə qeyd olunub. Həmçinin kitabın səhifələrində müəyyən sənəd və fotoşəkillər də yer alır.
Həmsöhbətimiz son olaraq bildirir ki, kitabın Azərbaycan dilinə tərcümə edilib çap olunmasını məqsədə müvafiq hesab etmək olar. Çünki orada azərbaycanlı humanistliyindən söhbət gedir.
Özü də bunu dünyaya bir alman danışır...
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:20 / 11.09.2023
“Azərbaycanlılar bizə humanist davrandılar” – Mingəçevirdəki alman əsirlərin SONRAKI AQİBƏTİ – FOTO
Hazırda oxunan: “Azərbaycanlılar bizə humanist davrandılar” – Mingəçevirdəki alman əsirlərin SONRAKI AQİBƏTİ – FOTO
Hazırda oxunan: “Azərbaycanlılar bizə humanist davrandılar” – Mingəçevirdəki alman əsirlərin SONRAKI AQİBƏTİ – FOTO
154645
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.