Məktəblərdə telefon probleminə ÇÖZÜM – “Dərsə gələndə alınmalı, çıxanda geri verilməlidir”

Məktəblərdə telefon probleminə ÇÖZÜM – “Dərsə gələndə alınmalı, çıxanda geri verilməlidir”

Hazırda oxunan: Məktəblərdə telefon probleminə ÇÖZÜM – “Dərsə gələndə alınmalı, çıxanda geri verilməlidir”

154098

Tədris ilinin başlanmasına sayılı günlər qaldığı vaxtda bir sıra problemlər yenidən gündəmə gəlməyə başlayıb. Əsas və həll olunması vacib məsələlərdən biri də şagirdlərin məktəbə mobil telefonla gəlməsidir.

Xatırladaq ki, bir müddət əvvəl paytaxt məktəblərinin birində şagirdlərdən biri yoldaşları arasında gedən yumruq davasını telefonla çəkərək, bütün şəbəkələrdə yaydı.

Yaxud, bu ilin mayında başqa bir məktəbdə şagirdlə müəllim arasındakı mübahisəni çəkərək “TikTok” və digər şəbəkələrdə yaydılar.

Məhz bu hallar həm cəmiyyətdə geniş rezonans doğurdu, həm də telefonların məktəblərdən yığışdırılması və uşaqlardan alınması məsələsini gündəmə gətirdi.
Telefonu şagirddən alıb, hara qoyaq?

Son olaraq, elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 6-da təşkil olunan brifinqdə şagirdlər üçün telefon qadağasının tətbiqi məsələsinə də toxunub:

“Telefonu şagirdin əlindən alıb hara qoyaq? Ümumiyyətlə bu məsələ ilə bağlı təhlil aparılmaldır. Bəli, dərs zamanı telefondan istifadə etmək olmaz. Amma məktəbə gətirilməməsi ilə bağlı qayda və norma işlənməlidir.

Gələcəkdə məktəbə telefon gətirilməsi qadağan oluna bilər. Amma indiki halda bu, mümkün deyil"

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran təhsil eksperti Nadir İsrafilov bildirdi ki, bu qadağanın tez bir vaxtda tətbiq olunması çox vacibdir.
 

MÖVZU İLƏ BAĞLI:

Məktəblərdə telefondan istifadə qadağan EDİLƏ BİLƏR – RƏSMİ/VİDEO


“Telefonun təhsilə vurduğu fəsadlar böyükdür” Onun sözlərinə görə, nə qədər ki, bu kimi məsələlərə rəsmi mövqe bildirilməyib, problem kimi qalmaqda davam edəcək: “Mobil telefonların təhsilə vurduğu fəsadlar çox böyükdür.

Belə ki, məktəblərdə baş verən hadisələrin fotolarının və videolarının çəkilərək sosial şəbəkələrdə yayılması məktəbi, tədris sistemini və müəllimləri nüfuzdan salır. Bəzi ölkələrdə bu telefonların məktəbə gətirilməsi qadağandır.

Dünyanın ən aparıcı dövlətlərində belə, məktəblərin girişində xüsusi şkaflar quraşdırılır və telefonlar burada toplanılır. Dərsin sonunda isə yenidən onlara təhvil verilir. Telefonu uşağın əlindən almaq nə qədər qanunazidd olsa da, tətbiq olunmalıdır.
Düzdür, bir neçə məktəbdə bu qayda tətbiq olunur, amma bu, bütün ölkəni əhatə etməlidir. Telefon məktəbin girişində şagirddən alınmalı, dərsdən sonra təhvil verilməli və məktəbin rəhbərliyi tərəfindən bununla bağlı valideylərlə söhbət aparılmalıdır”.

Müsahibimiz, Azərbaycanda bu məsələyə birmənalı yanaşılmadığını bildirib:

“Bəziləri belə hesab edir ki, telefon şəxsi mülkiyyət olduğu üçün toxunulmazdır və uşaqların əlindən almaq olmaz.

Burada söhbət təkcə şəkil va ya video çəkib paylaşmaqdan getmir. Uşaq dərsdən yayınır, yəni bütün dərs boyu telefon əlindən düşmür və əsas vaxtını sosial şəbəkələrdə keçirir.

Bu baxımdan da uşaqlar arasında maarifləndirmə və təbliğat aparılmalıdır. Ola bilər ki, hansısa valideyn buna etiraz etsin və telefonu uşaqla əlaqə saxlamaq üçün verdiyini söyləsin.

Əgər valideyn həqiqətən uşaqla tez-tez əlaqə saxlamaq istəyirsə, o zaman 60-70 manata olan sadə telefonlardan birini alıb uşağına versin. Amma onlar 2-3 min manatlıq çoxfunksiyalı telefon alır və uşağına verir ki, bu da məktəblilər arasında sosial ədalətsizlik yaradır.
Bütün bunlara görə də mobil telefonların məktəbə gətirilməsi rəsmi şəkildə qadağan edilməlidir”.

Bir müddət əvvəl bəzi məktəblərdə davranış qaydalarının tətbiqi və şagirdlərə nəzarətlə bağlı layihənin həyata keçirildiyini xatırladan N.İsrafilovun sözlərinə görə, növbəti ildən layihənin bütün məktəblərdə tətbiq olunması gözlənilir:

“Bu qaydalarda toxunulmayan məsələ qalmayıb. Yaxşı olardı ki, burada mobil telefonlarla bağlı şagirdlərin üzərinə düşən məsuliyyətlər əks olunsun.

Əgər dərsə gecikməyə görə qırmızı kart tətbiq olunursa, o zaman bu, telefonla məşğul olan və ya şəkillər, videolar çəkib paylaşanlara qarşı da tərbiq olunsun. Nə qədər ki, bu məsələyə dırnaqarası baxılacaq, problem də həll olunmamış qalacaq.

Təhsillə bağlı bu qədər iş görülür, uğurlar əldə edilir, amma bu problem bütün bunların üstündən xətt çəkir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO