Zaqatala rayonunun dağlıq əraziləri və ona yaxın yaşayış məntəqələrində yağış yağıb, sonradan doluya çevrilib. Leysan və dolu sonradan küləklə müşahidə olunub.
Bizim.Media xəbər verir ki, dolu əsasən rayonun Mazıx və YuxarıTala kəndlərinə, qismən də Car kəndinə düşüb. Dolu meyvə ağaclarına ziyan vurub, bəzi evlərin həyətlərni sel-sular basıb, elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.
Mazıx kənd sakinlərinin sözlərinə görə, dolu kənddə bir neçə evin dam örtüyünə zərər vurub. Həmçinin həyətlərdəki avtomobillər də doludan zədələnib.
Hazırda Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, eləcə də müvafiq təşkilatların əməkdaşları adıçəkilən kəndlərdə fəsadların aradan qaldırılmasına və dəymiş ziyanın hesablanmasına cəlb edilib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu