Məhsul boldur, qiymət isə UCUZ... – Zaqatalanın fındıq bağlarından REPORTAJ/FOTO

Məhsul boldur, qiymət isə UCUZ... – Zaqatalanın fındıq bağlarından REPORTAJ/FOTO

Hazırda oxunan: Məhsul boldur, qiymət isə UCUZ... – Zaqatalanın fındıq bağlarından REPORTAJ/FOTO

153968

Zaqatala rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri də fındıqçılıqdır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur. 
 

MÖVZU İLƏ BAĞLI:

Fındıqçılıqla məşğul olan fermerlər ÇƏTİN VƏZİYYƏTDƏ – Məhsuldarlıq az, qiymətlər ucuz...


Ötən il rayonda 32 min tona yaxın fındıq istehsal edilib. Rayonda istehsal edilən fındığın böyük payı Fındıqlı kəndinin üzərinə düşür. Bu yaşayış məntəqəsi hələ keçmiş sovetlər birliyi dövründə nəinki rayonda hətta respublikamızda fındıqçılıq sovxozu kimi tanınıb.   

Ölkənin ən böyük fındıqçılıq sovxozu necə yaranıb?

1965-ci ildə Zaqatalada fındıq bağları salınmağa başlanıb. Və elə həmin bağların salındığı ərazidə eyni adlı kənd-Fındıqlı yaşayış məntəqəsinin əsası qoyulub. Bu kənddə məskunlaşdırılan insanlar, ailələr kənd təsərrüfatının müxtəlif sahələrinin mütəxəssisləri olub. Onlar əsasən fındıq bağlarına qulluq edib. Fındıqlı kəndində bir neçə ilə min hektara yaxın fındıq bağları salınıb.  


Bəs bu gün?  

Sentyabr ayı Zaqatalada fındığın kütləvi yığımına başlanılan, bolluq-bərəkət ayı kimi qeyd edilir. Rayonun elə kənd və qəsəbəsi olmaz ki, orada bu məhsul yetişdirilməsin. Təsadüfi deyil ki, zaqatalalılar fındığı qızılla müqayisə edir. Ona görə mövsüm dövrü gələndə hər kəs fındıq sahələrində məhsul yığımı üçün səfərbər olur.  

Zaqatalanın fındıq bağlarında fındıq yığımına başlanılıb. Ötən ilə nisbətən bu il məhsul bol həm də keyfiyyətlidir. Rayonun ən iri fındıqçılıq təsərrüfatı olan Fındıqlı kəndində hazırda 750 hektar barverən sahələr var. Avqust və sentyabr aylarında bu kəndin küçələrində çox az adama rast gəlmək olur.İndi hamı məhsulunu torpamaq üçün bağlardadır...

Kənd sakini Nərgiz Qurbanova ilə təsərrüfatında görüşük. 

“Artıq fındıq sezonu başlayıb, başlamışıq yığmağa. Keçən ilə nisbətən bu il fındıq yaxşıdır. Keçən il yaxşı deyildi fındığın qiyməti. İstəyərdik ki, qiyməti qalxsın. Çünki biz kəndlilər fındıq, xurma kimi məhsullarla dolanırıq. Çox istərdik ki, fındığın qiymətini qaldırsınlar “ deyir və işinə davam edir. 

Tütünə, baramaya olduğu kimi fındığa da qiymət qoyulsun.  

Fındıq yığımı ərəfəsində əsasən qadınlardan ibarət briqadalar təşkil edilir və iməcliklər keçirilir. Bu il məhsul əvvəlki ilə nisbətən bol olduğundan qonşu kəndlərdən gələnlər az deyil. İş saatına və məhsulun yığımına gəldikdə isə səhər saatlarından başlanır və axşam saat 17:00-a kimi davam edir.



Fındıq yığanlara günəmuzd 20 manat ödənilir. Kənd sakini İsgəndər Məmmədovun ailə təsərrüfatı böyükdür. O fındıq bağlarına lazımı aqrotexniki qulluq etdiyindən bu il bol məhsul yetişib. Məhsulu tez və itkisiz yığmaq üçün iməcilik təşkil edir. 

Onunla söhbətdən bəlli olur ki, hazırda fındığın qiyməti 3 manatla- 3 manat 20 qəpik arasında dəyişir. Bu isə çəkilən zəhmətin maya dəyəri eləmir. Bir sözlə, hazırki qiymətlər onları qane etmir. 

İsgəndər Məmmədov bildirir ki, bizdə də Türkiyədə olduğu kimi fındığa dövlət qiymət qoysa, yaxşı olar: 

“Mənim fındıq təsərrüfatım var. Yaxşı olar dövlər pambığa, başqa şeylərə qiymət qoyduğu kimi fındığa da qiymət qoysun. Çünki bu saat fəhlə də baha işləyir, fəhlə tapmaq olmur. Çox əziyyət çəkirik, bunun gübrəsini ver, suluyuruq, budayırıq, bunun bütün əməyi burdan çıxır,  qış uzunu çörəyimiz buradan çıxır. Xahiş edirəm bu fındığa yaxşı bir qiymət qoysun dövlətimiz”- deyə,

İsgəndər Məmmədov fikrini tamamlayır.   

Yerli orqanlar da fındığın qiymətinin ucuz olduğunu təsdiqləyir. 

Kənd bələdiyyəsinin üzvləri də fındığın hazırkı qiymətlərinin qənaətbəxş olmadığını bildirir.

Kənd bələdiyyəsinin üzvü Qoçəli İsayev bildirir ki, hazırda kəndin 750 hektar fındıq bağı var:

“Kəndin camaatı bir il gözləyir ki, fındıq nə vaxt yetişəcək, nə vaxtı yığıb ailəmizə çörək pulu qazanacağıq. Bizdə isə fındığın qiyməti lap aşağıdır. O biri məhsullara dövlət necə qiymət qoyubsa, xahiş edirik, dövlətimizdən fındığa bir qiymət qoysun, biz də işimizi bilək ki, camaata, fəhələ işləyəndə verəsini verə bilək” - deyən Qoçəli kişi ümidlidir ki, onların səsini tezliklə eşidən olacaq.



Dünya bazarlarında Zaqatala fındığı xüsusi keyfiyyət və dadı ilə tanınır. Ölkəmizdə bu sahənin inkişaf etməsi və ixrac potensialının artırılmasında Zaqatala fındığının xüsusi yeri var. Artıq dünya bazarlarında bu rayonda istehsal edilən məhsul öz dadı və keyfiyyəti ilə seçilir.Elə buna görə də rayonda fındıqçılığın inkişafı daim diqqətdə saxlanılır. 

Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Aynur Qanzayevanın sözlərinə görə, rayon üzrə ümumi 20 min 118 hektar fındıq bağları var:

“Bundan 16 min 475 hektarı barverəndir. 2022-ci il üzrə 31 min 846 ton məhsul yığılıb. Orta məhsuldarlıq 19.1 sentner təşkil edib. Son zamanlar rayonumuzda məhsulun istehsal potensialını nəzərə alaraq yeni fındıq bağlarının salınması işlərinin sürətləndirilməsi həyata keçirilir”. 

Qeyd edək ki, son illər Zaqatala rayonunda yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, 2016-cı ildə rayon ərazisində 2560 hektar, 2017-ci ildə 1732 hektar, 2018-ci ilin yaz mövsümündə isə 352 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 20 min hektara çatdırılıb. Bu bağların 14 min hektara yaxını barverəndir.   


Tural Rasim oğlu, Bizim. Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO