Taksi fəaliyyətində YENİ DÖNƏM – “Oktyabrın 1-dən etibarən...” 

Taksi fəaliyyətində YENİ DÖNƏM – “Oktyabrın 1-dən etibarən...” 

Hazırda oxunan: Taksi fəaliyyətində YENİ DÖNƏM – “Oktyabrın 1-dən etibarən...” 

153932

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) verilən məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində taksi fəaliyyətinin tənzimlənməsinə dair oktyabrın 1-də qüvvəyə minəcək qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlər davam etdirilir.

Son bir həftə ərzində təlimlərdə iştirak etmək üçün 2000-dən çox taksi sürücüsü müraciət edib. İmtahandan müvəffəqiyyətlə keçən sürücülərə bu gün şəhadətnamələr təqdim olunub.

Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə vətəndaş məmnunluğunun artırılması məqsədini daşıyan təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir.

Bu barədə fikirlərini Bizim.Media-ya açıqlayan nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu məsələnin iki il əvvəl Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsinə dair” Fərmana əsasən icra olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni qaydalar taksi xidmətində nələri dəyişəcək? – Ekspertdən MARAQLI FİKİRLƏR 


Fərmanın icrasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə olunduğunu xatırladan müsahibimizin sözlərinə görə, bu müddət ərzində bütün proseslər araşdırıldı və geniş təhlil olundu:

“Sərnişin-sürücü münasibətlərində baş verən bütün neqativ hallar sonda taksilərin fəaliyyətinin tənizmlənməsi zərurətini ortaya çıxardı”.

Taksi fəaliyyətinin bir peşə sahəsi olduğunu deyən ekspert qeyd etdi ki, bu sahədə işləyənlərin də qeyri-peşəkar olması çox ciddi problemlər yaradır:

“Taksi sürmək çox asan bir sahəyə çevrilib. İstənilən şəxs sarı işarəni avtomobilinin üzəri yerləşdirir və taksi sürücüsünə çevrilir. Nəticədə çox ciddi hallar baş verir. Bəzi sürücülərin tərbiyəsizliyi əsəbləri tarıma çəkib. Daxili İşlər Nazirliyi hər həftə reydlər keçirir və nə qədər sürücünü saxlayır, cərimələyir və ya məsuliyyətə cəlb edir. Amma heç bir nəticə əldə olunmur. Taksi sürmək istəyən şəxs elə bilir ki, bu sahə çox asandır və hər istədiyini həyata keçirə bilər”.

Ekspert vurğuladı ki, bu gün ortaya qoyulan iradənin əsas məqsədi, bütün sürüclərin təlimlərə cəlb olunması ilə bağlıdır:

“Onlar bütün tələblərə cavab verməlidirlər. Artıq bir neçə mərkəzdə təlimlər başlayıb və xeyli sayda şəxs cəlb edilib. Növbəti mərhələdə isə onların imtahanlardan keçirilməsi nəzərdə tutulub ki, fəaliyyətləri sertifikatlaşdırılsın. İmtahandan sonra sertifikat alan şəxs rahat şəkildə taksi sürücüsü kimi fəaliyyət göstərəcək.Bundan başqa, bəzi ödənişlər müəyyən edilib və bu ödənişi edən şəxs 7 il ərzində taksi sürə biləcək”.

Onun dediyinə görə, bəzi insanlar bundan öz məqsədləri üçün istifadə etməyə və cəmiyyətdə ajiotaj yaratmağa cəhd edirlər:

“Belə fikir formalaşdırırlar ki, guya dövlət taksi sürücülərinə qarşı təzyiqlər göstərir, onları işləməyə qoymur və s. Bu da bəzi xarici taksi şirkətlərinin təxribatıdır.

Ona görə ki, əvvəldən yeni qaydalara uyğunlaşmaqdan boyun qaçırır və öz aruzladıqları kimi işləmək istəyirlər. İndi də öz maraqlarını təmin etmək üçün cəmiyyətdə mənfi fikirlər formalaşdırmağa cəhd edirlər.

Təəssüf ki, buna inananlar da var”. E.Muradlı, bu təlimlərin cəmiyyət tərəfindən müsbət qarşılandığını və yaxşı istiqamətdə gözləntilərinin olduğunu diqqətə çatdırdı:

“Buna çox ciddi ehtiyac var. Ona görə ki, vaxtilə sərnişin avtobus sürücüləri arasında da belə bir xaos vardı. Hər gün sərnişinlərlə mübahisələr, davalar və ciddi narazılıqlar baş verirdi. Ancaq Nəqliyyat Agentliyi bu sürücüləri təlimlərə cəlb etdi və onlara qarşı müəyyən nəzarət mexanizmləri tətbiq etdi. Bunun nəticəsində də müsbət dönüş yarandı.

Bu sahədə də eyni məqsədlə işə başlanılıb və sərnişindaşımalarının bir növü olan taksi fəaliyyəti müəyyən edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərsin və nəzarət mexanizmləri tətbiq olunsun.
Əslində, heç kim bu şəxslərin sürücülük hüququnu əlindən almır, sadəcə, onların qaydalara uyğun şəkildə öz işlərini görə bilərlər”.

Ekspert bildirdi ki, əsas hədəf sərnişinin bu xidmətdən razı qalması və sərnişin-sürücü münasibətlərində qarşılıqlı məmnunluğun təmin olunmasıdır:

“Bu gün hamı taksi fəaliyyətindən narazıdır. Bu, hətta sosial şəbəkələrdə özünü qabarıq şəkildə göstərir. İnsanlar qiymətdən razılıq etsələr də, xidmətlərin keyfiyyətindən narazılıq edir. Əsasən də sürücülərin kobudluğundan və tərbiyəsiz hərəkətlərindən şikayət edirlər. Bu baxımdan belə addımların atılması zəruridir”.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO