Bir müddət əvvəl bloger Aysel Şükürovanın dayə axtarmaq üçün verdiyi elan sosial şəbəkələrdə gündəm yaratdı. Belə ki, blogerin ailəli qadın yox, boşanmış ya da əri ölmüş qadın dayə tələb etməsi bəzi insanlarda qıcıq yaratdı.
Belə bir halın yaranması onu göstərir ki, bizim mühitdə dayə fiquru hələ formalaşmayıb. Bunu hər il baş verən dayə şikayətləri də sübut edir.
Yəni, bəzi usaqlar dayə tərəfindən şiddətə, bəziləri psixoloji basqıya məruz qalır. Digər qismi də ümumiyyətlə cəmiyyət üçün yad bir fərd olaraq formalaşır. Ancaq işini yaxşı bacaran dayələr problemin dayəyə görə dəyişdiyi faktını təsdiq edir.
Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran psixoloq Gülnar Orucova bildirib ki, dayə seçərkən diqqət yetirməli olduğumuz önəmli kriteriyalar var:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda DAYƏ XİDMƏTİ necə yaradıla bilər? – TƏKLİF
“Bəzən dayə seçərkən, xüsusilə, yaşlı insanlara önəm verilir. Çünki cavan qadınları adətən həyat yoldaşına qısqanırlar. Amma dünya statistikası da göstərir ki, gənc dayələr uşaqlara yaxşı qayğı ilə yanaşır və daha enerjili olurlar. Uşaqlarla ünsiyyəti, oyun, əyləncə və maraqlı nələrsə edərək keçirirlər.
Yaşlı insanların probleminin çoxluğu onların psixologiyasının gərgin olmasına səbəb olur və bu da onun gördüyü işə yansıyır. Dayə seçərkən onun özünün də ana olmasına xüsusi diqqət yetirilməlidir.
Analıq hissini yaşayan bir qadının, çox gözəl dayə ola bilmə ehtimalı yüksəkdir. Çünki elə insanlar daha qayğıkeş, səbirli və daha təmkinli olur. Bəzən nələrisə sığortalamaq üçün yaşlı qadın seçirlər və sonradan məlum olur ki, uşağın inkişaf yönümlülüyü irəliləmir”.
Həmçinin psixoloq qeyd edir ki, Azərbaycanda dayə mövzusunda problemlərin yaranması bu sahədə ixtisaslaşmanın və hər kəsin seçim haqqının olmamasından irəli gəlir:
“Bizim ölkədən fərqli olaraq xaricdə dayələr kurslardan keçir. Dayə təhsilli olmalı, xüsusi kitabları var ki, onları bilməli və özünü inkişaf etdirməlidir. Dayəlik kurslarında pediatrlar, müxtəlif fizioterapevtlər, oyun terapevtləri dərs deyir.
Bu baxımdan dayə seçərkən ixtisaslı dayə seçmək lazımdır. Bizdə ən çox da maaşa da diqqət edirlər. Yəni kimsə baha işləyirsə o daha yaxşıdır, yaxud da ucuz işləyən dayə, daha uyğundur anlayışı yanlışdır”
Sosioloq Üzeyir Şəfiyevin fikirlərinə görə isə, dayələrin sertifikasiyasi aparılmalı, onlar üçün təlim keçirilməli və mütəmadi olaraq bununla bağlı monitorinqlər aparılmalıdır.:
“Yaxşı olar ki, dayələrlə bağlı mərkəzləşdirilmiş nəzarət mexanizmi olsun. Eləcə də psixoloji olaraq testdən keçirilməli və dayələlik üçün bir sıra tədris müəssisələrində xüsusi kurslar yaradılmalıdır. Bu kursları bitirənlərə ancaq dayə adı vermək olar ki, bu formada hər yoldan ötən “dayəyəm” deyə uşaqların həyatında mənfi iz qoymasınlar”.
Üzeyir Şəfiyevin sözlərinə görə dayə seçərkən ən diqqət yetirməli olduğumuz məqam da namizədlərin həyat tərzləri yəni, normal mühitin üzvü olmalarıdır:
“Onların uşaq tərbiyə etməyə, cəmiyyətə yararlı vətəndaş yetişdirməyə hazırlığı yoxlanılmalıdır. Bəzən normal həyat tərzi sürməyən, problemli və pis vərdişləri olan insanlar uşaqların da həyatını məhv edə bilir. Tarixə nəzər salsaq görərik ki, yüksək şəxsiyyətlərin, hökmdarların və sərkərdələrin yetişməsində dayələrin böyük rolu olub”
Nəticə olaraq belə qənaətə gəlmək olar ki, ölkəmizdə dayə ilə bağlı bir sistemin olmaması ənənəvi problemlərin davam edəcəyini göstərir. Digər mövzularda olduğu kimi xarici təcrübələrdən bəhrələnmiş olsaq, elə ekspertlərin dediyi kimi sağlam nəslin formalaşmasına heç bir şübhə duymarıq.
Röyanə Oğuz, Bizim.Media