Fövqəladə Hallar Nazirliyi (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka ərzində 50 halda yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçiriblər.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Bu barədə Bizim.Media-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə, FHN-in qüvvələri ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfəri xilas ediblər. Həmçinin paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsi yaxınlığında dənizdə batan bir nəfərin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bizim.Media