Xəbər verdiyimiz kimi Azərbaycanlı model və bloger Leyla Mirzəliyevanın səhətində plastik əməliyyatlar nəticəsində ciddi problem yaranıb. Bloger özü sosial şəbəkə hesabında bədənin çürüdüyünü qeyd edib. Bu məsələdə ən dəhşətli məsələ modelin 1 ayda 9 dəfə əməliyyat olunmasıdır.
“Ağrılarım var, artıq dözə bilmirəm. Dolğulardan bədənim çürüyür. Heç bir həkim də kömək edə bilmir. Əməliyyat olunmalıyam. Sağ qalma şansım on faizdir. Xahiş edirəm dua edin, kimin haqqına girmişəmsə haqqınızı halal edin”, – deyə o qeyd edib.
Plastik əməliyyatlardan sonra belə ağır xəstəliyə mübtəla olma halları son vaxtlar getdikcə çoxalır. Təəssüf ki, belə ağır fəsadlar çox zaman ölümlə nəticələnir.
Bəs, qadınlar bunu bilə-bilə niyə riskə gedirlər?
Mövzu ilə bağlı psixoloq Gülnar Orucovanın fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, təəssüf ki, plastik əməliyyatların yaşı çox gəncləşib:
MÖVZU İLƏ BAĞLI:
Estetik əməliyyat etdirərkən EHTİYATLI OLUN!
“Son illər gənc qadınlar arasında plastik əməliyyat etdirmək trend olub. Çox təəssüf ki, bu gün 18-20 yaşlı qızlar çəkinmədən bıçaq altına girirlər. Amma onlar unudurlar ki, ən azı 25 yaşadək orqanlara toxunmaq olmaz. Çünki, 25 yaşadək orqanlarda böyümə gedir. Ona görə də gənc yaşlarında plastik əməliyyatlar keçirən insanlarda sonradan ciddi xəstəliklər üzə çıxır.
Leyla Mirzəliyevanın da səhhətində yaranmış problemlər də çox güman ki, bu səbəbdəndir. Çox təəssüf ki, qadınlarımız bədənlərdən daha çox pul qazanmaq üçün plastik əməliyyatlara gedirlər”.
Psixoloq daha bir həssas məqama toxunub:
“Bu məsələdə narahtlıq doğuran məqamlardan biri də odur ki, qadınlar davamlı əməliyyatlardan çəkinmirlər. Elə olur ki, istədiyi bədən fiqurasını və yaxud üz cizgilərini almaq üçün bir ay içində 2-3 dəfə bıçaq altına girirlər. Amma həmin xanımlar unudurlar ki, hər əməliyyatda hansısa toxuma zədələnir. Bu da sonradan qorxulu xəstəliklərə yol açır. Dünyaca məşhur Maykl Ceksonun həyatını bir anlığa göz önünə gətirək. O, hətta dərisinin də rəngini dəyişdirtmişdi. Sonu nə oldu? Çox erkən yaşda və dəhşətli ağrılarla həyatdan köçdü”.
Gülnar Orucova bu məsələdə həkimlərin öz Hippokrat andlarını çoxdan pozduqlarını bildirib:
“Onlar davamlı şəkildə apardıqları əməliyyatların fəsadları barədə pasiyentə heç bir xəbərdarlıq etmirlər. Pula görə hər şeyə göz yumurlar. Halbuki, həkimlər yaxşı bilirlər ki, orqanlara edilən müdaxilə heç zaman fəsadsız qalmır. Amma bu barədə susurlar. Bir çox hallarda kosmetoloqlar da cərrahlıq edirlər. Daha gözəl görünmək istəyən xanımlar da qorxub çəkinmədən davamlı olaraq bıçaq altına girirlər.
Məsələn, Leyla özü etiraf edir ki, bir ayda 9 dəfə əməliyyat keçirib. Müəyyən mənada Leylanı başa düşmək olar. Amma bir ayda bir adamı 9 dəfə əməliyyat edən həkimi heç cür başa düşmək olmaz. Bu ən azından həkim adına xəyanətdir”.
Surxay Atakişiyev, Bizim.Media