Artıq onların hər ikisi evimizdədir. Tailandın paytaxtı Bonkonq şəhərində keçirilən Beynəlxalq SİMSO Olimpiadasının final mərhələsində ölkəmizi müxtəlif məktəblərin 7 şagirdi təmsil edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onlardan biri, Oğuz rayon N.İbrahimli adına 3 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Dağlar Fətəlizadə yaşıdları arasında Olimpiadanın qızıl medalına və kubokuna sahib çıxıb.
Məktəblinin bu uğuru rayonun təhsil həyatında bir ilk olduğundan Fətəliyevlər ailəsində böyük çoşqu yaşanır.
Beynəlxalq Olimpiadanın qızıl medalçısı Dağlar Fətəliyev qatıldığı mötəbər tədbir haqda təəssüratlarını bölüşüb. Hamı kimi o da 6 yaşında orta məktəbə gedib.
Baxça illərində yaşıdlarından riyazi bilikləri, hesablamaları ilə fərqlənsə də valideynləri o qədər də əhəmiyyət verməyib. İlk hərfləri də, yazmasını da birinci sinifdə öyrənən Dağlar illər keçdikcə dərs əlaçısı kimi önə çıxıb. Lakin onun riyazi bacarıqları artıq ailədə deyil məktəbdə də bəlli idi.
Bu baxımdan müəllimləri onun bu sahədə uğur qazana biləcəyini hiss edir və dərslərinə daha yaxşı çalışmasını istəyirdi. İlk dəfə 5-ci sinifdə məktəb daxili yarışlara qatılır və uğurunu əldə edir. Növbəti illər isə o məktəbi rayon və bölgə müsabiqələrində layiqincə təmsil edir.
Bu haqda danışarkən Dağlar bir qədər həyəcanlı görünsə də artıq bütün çətinliklər geridə qalıb.
“Məndə riyaziyyata uşaq vaxtından xüsusi bir maraq olub. Baxmayaraq ki, mənim ixtisasım tibb istiqamətidir. Lakin mən riyaziyyatı xüsusi sevirəm, xüsusi marağım var. Respublika daxilində də uğur qazanmışdım riyaziyyat fənnindən. Lakin bu mənim ilk uğurum idi. Mən də bu Beynəlxalq uğuru qazanmaq üçün gecə-gündüz çalışdım. Valideynlərimin, məktəb kolektivimin üzünü ağ çıxartmaq üçün. Allahıma şükür edirəm ki, istəyimə nail oldum” - deyir Oğuz məktəblisi.
Beynəlxalq Olimpiadanın Bakı mərhələsindən və “Sabahın alimləri” Respublika müsabiqəsindən başlayan yol
Beynəlxalq Olimpiadanın Bakıda təşkil edilən Respublika turuna qatılarkən birinciliyə iddialı olan Dağlar, bu istəyinə çox çətin mərhələdən keçərək nail olur. Deyir ki, medalı alarkən özünə söz verir. Söz verir ki, yola davam etmək və Dünya birinciliyinə də qatılaraq bu uğurlu yolu tamamlamaq lazımdır. Son 5-6 ayda bütün qüvvəsini dərslərinə, xüsusən riyaziyyat fənninə sərf edən məktəbli nəhayət Bonkoqda tarixi bir uğura imza atır.
Uğurların başlanğıcı: Valideyn və müəllimlər
Dağların Dünya birincisi kimi uğura imza atmasında əlbəttə valideynlərinin ilk növbədə isə anasının əziyyəti böyükdür. Hənifə müəllimə ixtisasca ingilis dili müəllimi olsa da, Dağlara istiqamət seçimində eləcə də dil bacarıqlarının öyrənilməsində hər zaman dəstək olur. “Sabahın alimləri” Respublika müsabiqəsinin iştirakçısı olan Dağlar ona göstərilən etimadı layiqincə doğrulda bilib.
Bu günlər Hənifə müəllimənin sevincinin həddi-hüdudu yoxdur.
“Yaşıdları kimi o da 6 yaşında məktəbə gedib. Xüsusi bir hazırlıq görmədən, ilk müəllim onun əlindən tutub yazmağı öyrədib. Mən evdə ona evdə heç nə öyrətməmişəm . Və heç bir zaman mən onun yanında oturub dərs oxu, yaxud kömək elə söhbəti olmayıb. Riyaziyyatı çox sevirdi.
Körpəlikdən riyaziyyata marağı vardı. Eyni zamanda riyaziyyata olan maraq və sevgisi fizika və kimyaya da yansıdı. Baxmayaraq ki, mən anası olaraq humanitar yönümlü bir ixtisasa yiyələnmişəm. Mənə fizika və kimyanı Dağlar öyrədib. Kimyanın dərinliklərini mən ondan öyrənmişəm. Oğlum həm də bu sahələrdə mənim müəllimim olub” deyən Hənifə Fətəliyeva övladının bu çətin sınaqlardan keçməsində təhsil aldığı məktəb-liseyin rolunu yüksək qiymətləndirir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:20 / 30.08.2023
Elmi ilə zirvələrə yüksələn Oğuz məktəblisi – Dağlar Fətəlizadənin evindən REPORTAJ – FOTO
Hazırda oxunan: Elmi ilə zirvələrə yüksələn Oğuz məktəblisi – Dağlar Fətəlizadənin evindən REPORTAJ – FOTO
Hazırda oxunan: Elmi ilə zirvələrə yüksələn Oğuz məktəblisi – Dağlar Fətəlizadənin evindən REPORTAJ – FOTO
152947
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.