BİZİM.TƏQVİM: 30 avqust Müstəqilliyimizin bərpası haqqında Deklarasiyanın qəbul edildiyi GÜNDÜR

BİZİM.TƏQVİM: 30 avqust Müstəqilliyimizin bərpası haqqında Deklarasiyanın qəbul edildiyi GÜNDÜR

Hazırda oxunan: BİZİM.TƏQVİM: 30 avqust Müstəqilliyimizin bərpası haqqında Deklarasiyanın qəbul edildiyi GÜNDÜR

152825

1991-ci ilin bu günündə Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında respublikanın dövlət müstəqilliyinin bərpası haqqında Deklarasiya qəbul edilib. Eyni vaxtda “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Soveti qərar çıxarıb.  

1991-ci il oktyabrın 18-də Ali Sovet bu qərarın icrası məqsədilə 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi müstəqillik haqqında Deklarasiyaya əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Deklarasiyasını rəhbər tutaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını və müstəqil ölkəmizin dövlət, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edib. 

Bəs, avqustun 30-da dünyada daha hansı hadisələr baş verib? 

1. 30 avqust 1410-cu ildə Təbriz yaxınlığında baş verən ikinci Şənbi-Qazan döyüşündə Qaraqoyunlu hökmdarı Qara Yusifin qoşunları Cəlairilər dövlətinin başçısı Sultan Əhmədin ordusunu məğlub edib. Cəlairilər dövlətinin (Cənubi Azərbaycan 1359-1410-cu illərdə bu dövlətin tərkibində olub) mövcudluğuna son qoyulub. Bölgədə geosiyasi arenaya yeni Azərbaycan-türk dövləti – Qaraqoyunlu imperatorluğu (1410-1468) çıxıb. 

2. 30 avqust 1922-ci ildə Mustafa Kamal Paşanın şəxsən rəhbərlik etdiyi Dumlupınar Meydan Müharibəsi Türk Ordusunun qəti qələbəsi ilə nəticələndi. Yunan ordusunun baş komandanı Trikopis komandirləri ilə birgə əsir alındı. 

3. 1930-cu ilin bu günündə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin qərarı ilə respublikanın ərazisi yeni ərazi-inzibati vahidlərə - rayonlara bölünüb. Qərara əsasən, Azərbaycan SSR ərazisində 63 rayon yaradılıb. Əvvəllər respublikada dairə və qəzalar fəaliyyət göstərib. 

4. 30 avqust 1941-ci ildə II Dünya müharibəsində alman ordusu Leninqradı mühasirəyə almağa başladı. Leninqrad blokadası 900 gün davam etdi. 

5. 30 avqust 1955-ci ildə London Konfransında Kipr problemi müzakirə olundu. Böyük Britaniya Kiprdə üçtərəfli idarə sistemini təklif etdi. Yunanıstan ada xalqının gələcəyini müəyyən etmək istəyirdi. Bu halda Fatih Rüştü Zorlunun başçılıq etdiyi Türkiyə nümayəndə heyəti Kiprin keçmiş sahibi Türkiyəyə qaytarılmasını tələb etdi. 

6. 30 avqust 1981-ci ildə İran prezidenti Məhəmməd Əli Recai və baş nazir Məhəmməd Cavad Bahomar bombalı hücumda öldürüldülər. 

7. 30 avqust 1988-ci ildə İraq ordusundan qaçaraq Türkiyə sərhədinə yığılan minlərlə iraqlı kürd hökumətin icazəsi ilə Türkiyəyə daxil oldu. 

8. 1992-ci ilin bu günündə Azərbaycan Respublikası Qazaxıstan ilə diplomatik əlaqələr qurub. 

9. 30 avqust 1992-ci ildə Türkiyənin təhlükəsizlik qüvvələri ilə İrandan Türkiyəyə girən separatçı terrorçular arasındakı qarşıdurmada 100 terrorçu öldürüldü.  

10. 30 avqust 1995-ci ildə NATO Markale qətliamının ardından bosniyalı serblərə qarşı hava əməliyyatı keçirdi. "Qərarlı güc" adlandırılan əməliyyat  II Dünya müharibəsindən sonra Avropadakı ən intensiv bombardman oldu. 

Avqustun 30-da bu şəxsiyyətlər xatırlanır: 

1. Yazıçı-publisist, Azərbaycanın əməkdar jurnalisti Əhməd İsayev 30 avqust 1940-cı ildə anadan olub. 

2. Belarusun Prezidenti Aleksandr Lukaşenkonun bu gün doöum günüdür. O 30 avqust 1954-cü ildə dünyaya göz açıb. 

3.  Azərbaycan hərbçisi, Milli Qəhrəman Rövşən Əliyev 30 avqust 1972-ci ildə anadan olub. 

4. Azərbaycan polkovniki, Milli Qəhrəman Sergey Murtuzəliyev 1993-cü ilin bu günündə şəhidlik zirvəsinə yüksəlib. 

5. Tanınmış şair Şahmar Əkbərzadə 30 avqust 2000-ci ildə vəfat edib. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO