Kürdəmirlilərin KÖRPÜ PROBLEMİ – “300 metr aralıdakı kəndə 40 km-lik yolla gedirik” – FOTO 

Kürdəmirlilərin KÖRPÜ PROBLEMİ – “300 metr aralıdakı kəndə 40 km-lik yolla gedirik” – FOTO 

Hazırda oxunan: Kürdəmirlilərin KÖRPÜ PROBLEMİ – “300 metr aralıdakı kəndə 40 km-lik yolla gedirik” – FOTO 

152626

Kürdəmirdə sakinlər  iki kəndi birləşdirən körpünün dağılmasından şikayətlənirlər. Belə ki, körpü illərdir istismar müddətinin başa vurduğundan sakinlər 300 metrlik yolu gedib-gəlmək üçün əlavə 40 km məsafəni qət etməli olurlar. 

Bu sözləri Bizim.Media-nın Aran bürosuna kənd sakinləri bildiriblər. 

Qeyd edək ki, Kürdəmir rayonunun Şahbəyli və Cəyli kəndlərini birləşdirən yarım əsr əvvəl sovetlər dönəmində tikilərək istifadəyə verilən, eləcədə vaxtilə rayonun 4 kəndinin 6 minə yaxın əhalisinə xidmət göstərən asma körpü uçaraq yararsız vəziyyətə düşüb.

Sakinlər illərdir bu körpünün uçması səbəbindən bir neçə yüz metrlik yolu gedib-gəlmək üçün əlavə 40 km məsafəni  qət etmək məcburiyyətində qalıblar. 

Kənd ərazisindən keçən  Girdiman çayı kəndi iki yerə böldüyü üçün təqribən 50 il əvvəl sovetlər dövründə sakinlərin qonşu kəndə rahat və təhlükəsiz gediş-gəlişi məqsədilə çayın üzərində asma körpü inşa edilib. Sakinlər bu körpüdən illərlə istifadə edərək rahatlıqla qonşu kəndə gedib-gəliblər. Artıq bir neçə ildir ki, bu körpü istismar müddətini baş vurub və sakinlər körpünün yenidən təmir olunaraq əvvəlki vəziyyətinə qayıtmasını istəyirlər. 


“Uşaqlarımız məktəbə gedə bilmir”

Kənd sakini Daşqın Qurbanov deyir ki, bu körpü əvvəllər 4 kəndi birləşdirib:

“Həm özümüz, həmdə uşaqlarımız bu körpü vasitəsilə Cəyli kəndində təhsil almağa gedib-gələrdik. Bizim məktəbimiz 8 illik olduğu üçün gedib orda təhsilimizi davam etdirirdik. 10 ilə yaxındır bu körpü dağılıb, heç bir qurum da maraqlanmır. 

Təhsilin inkişaf edən vaxtında uşaqlarımız tam savadsızlığa doğru gedir, 11  illik təhsillərini davam etdirə bilmir. Qız uşaqlarını tək başına 20-30 km uzağa göndərə bilmirik. Biz yardım istiyirik,  xahiş edirik bu yolumuz bərpa olunsun gedək-gələk bu kəndlə biz elik, obayıq bir-birimizin xeyrinə şərinə buradan gedib gəlirdik. İndi tamam yadlaşmışıq, əmioğlu əmioğlu, dayıoğlu bibiqızı ilə  yadlaşıb. Beləcə əslimiz kökümüz itməyə doğru gedir. 

Hazırda bir arayış almaq üçün 10 manat taksiyə verib, Cəylidən fırlanıb, o biri kənddən arayış alırıq”.


“Körpüdən keçmək üçün gərək kəndirbaz olasan”

Digər kənd sakini Elməddin Mansurov deyir ki, sözügedən körpü 4  kəndi birləşdirir:

“6 min əhalisi olan kənddir, yəni bir-birimizə gediş- gəlişimiz təhsilimiz də orda olub. Mən özüm orda təhsil almışam. 10 ilə yaxındır ki, körpümüz yararsızdır, uşaqlarımız təhsil ala bilmir. Dövlət qurumlarından xahiş edirik ki, körpünün təmirində bizə dəstək olsunlar. Avtomobili olanlar uşaqlarını dərsə apara bilirlər olmayanlar isə 3-cü dərsə gedib çatırlar. Belə olan halda isə onlar 2 saat dərs ala bilirlər, digər fənnlərdən xəbərsiz olurlar.

Körpü çox təhlükəli vəziyyətdədir. Mən cavan olmağıma baxmayarq oradan keçə bilmirəm. Gördüyünüz kim nərdivan qoyublar. Ordan keçmək üçün də gərək kəndirbaz olasan. Buna cəhd edənlər içərisində dəfələrlə xəsarət alanlar da olub.


Kənd sakini Şəfaət Əzimov da gediş-gəlişin çətinliyindən gileylənir: 

“Şəxsən mən Cəyliyə keçən müddətdə özüm yıxılmışam, ağır xəsarət almışam”. 

Sakinləri dinlədikdən sonra Kür və Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinə üz tutduq. İdarənin baş mühəndisi Əsgər Salahov Bizim.Media-nın yerli bürosuna bildirdi ki, adı çəkilən körpü bizim idarənin balansındadır və bir müddət öncə mütəxəssislərlə adı çəkilən körpüyə baxış keçirilib: 

“Körpünün tikintisi ilə bağlı heç bir işin görülməsi nəzərdə tutulmur. Körpü istismar müddətini başa vurub və materialları çürüyüb. Mütəxəssislər gəldilər, baxdılar və dedilər ki,  körpü yarasızdır. Ona görədə  o körpü silgiyə gedir. Yeni körpünün tikilməsi nəzərdə tutulmur. Amma sakinlər yuxarı instansiyalara müraciət etsələr yəqin ki, bu məsələyə baxılar”. 


Baş mühəndis bildirib ki, təhlükəsizlik baxımından tələblərə uyğun olmadığına görə, o körpünün ləğv olunması qərarı verilib. Yəni kimsə düzəldib istifadə etsə belə  körpü istismara yarasızdır və qanunsuz hesab olunur. 

Qurumun açıqlamasından belə aydın olur ki, sakinlər körpünün bərpa olunması üçün aidiyyatı üzrə yenidən müraciət etməlidirlər. Ümid edək ki, sakinləri narahat edən körpü məsələsinə aidiyyatı qurumlar biganə qalmazlar və bu problemin tezliklə həll olunmasında sakinlərə dəstək olarlar.

Mövzunu diqqətdə saxlayacağıq.












Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO