“Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra artıq bir müddətdir Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Xatırladaq ki, iyulun 11-nə qədər verilən vaxt ərzində üzvlərlə bağlı sənədləri təqdim edən 28 partiyadan yalnız hakim YAP ilkin mərhələdə qeydiyyata alındı. Yerdə qalan digər partiyaların təqdim etdikləri sənədlərdə müəyyən nöqsanlar aşkar edilib.
Aşkar edilən nöqsanların aradan qaldırılması üçün Nazirlik tərəfindən partiyalara bir ay vaxt verilib.
Qeyd edək ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların mütləq əksəriyyətində qüsurlar– üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
Artıq həmin siyasi təşkilatlardan 3-ü sənədlərini yenidən Ədliyyə Nazirliyinə təqdim edib. Bunlar ReAL, Müsavat və AXCP partiyalarıdır.
Bizim.Media-ya açıqlamasında ReAL-ın icra katibi Natiq Cəfərli sentyabrın 15-ə kimi məsələ ilə bağlı son rəsmi cavabı gözlədiklərini dedi:
“Keçən həftə ReAL Partiyası 5401 nəfərlik siyahını yenidən Ədliyyə Nazirliyinə təqdim edib. Xatırladım ki, ilk siyahıda 5118 nəfərlik siyahı vermişdik. Bu siyahını yenidən təmizlədik, işlədik, bəzi texniki səhvləri düzəltdik.
Bu müddət ərzində çağırış etmişdik. Ona əsasən bir ay ərzində 500-ə yaxın yeni üzvlər qəbul üçün müraciət ediblər. Ötən həftənin sonu sənədləri Ədliyyə Nazirliyinə təqdim etmişik.
Təxminən sentyabr ayının 15-ə kimi rəsmi cavab veriləcək. Bu dəfə ciddi problemlərin olacağını düşünmürəm. Çünki Ədliyyə Nazirliyinin texniki səhvlər kimi qeyd etdiyi məsələlərin hamısı aradan qaldırılıb. Yeni, daha keyfiyyətli və daha doğru, rəqəm və hərf səhvlərinin olmadığı bir siyahı vermişik”.
Müsavat Partiyası başqanının müavini Razim Əmiraslanlı isə əminliklə bildirdi ki, yeni təqdim edilən sənədlərdə hər hansı bir çatışmamazlıq olmayacaq:
“Partiyanın qeydiyyatı ilə əlaqədar texniki qüsurlarla bağlı olaraq yaranan problemi aradan qaldırıb, 6 min nəfərlik siyahını yenidən Ədliyyə Nazirliyinə təqdim etmişik.
Qanuna müvafiq olaraq 30 gün ərzində Ədliyyə Nazirliyi cavab verməlidir. Güman ki, bir-iki həftəyə Nazirlikdən cavab alacağıq. Ən mükəmməl bir siyahı təqdim etmişik”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:20 / 23.08.2023
Hansı partiyalar qeydiyyat üçün təkrar müraciət edib? – SİYAHI
Hazırda oxunan: Hansı partiyalar qeydiyyat üçün təkrar müraciət edib? – SİYAHI
Hazırda oxunan: Hansı partiyalar qeydiyyat üçün təkrar müraciət edib? – SİYAHI
152038
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.