Martın 17-də Azərbaycanda qeydiyyatda olan 50-yə yaxın siyasi partiya rəhbərləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər. Səfərdə hakimiyyət partiyası, hakimiyyətyönlü partiyalar, müxalifət partiyaları hamısı bir yerdə iştirak ediblər.
Otuz ildən sonra doğma torpaqlara ayaq basan siyasətçilər öz təəssüratlarını media nümayəndələri və sosial şəbəkələrdə bölüşüblər.
Onların bir çoxu işğaldan azad olunan torpaqlara ilk qədəm qoyanda ikili hisslər yaşadıqlarını söyləyiblər.
“İşğaldan azad olunan yerlərə keçən kimi hamımızın ürəyində bir ağrı var idi. Demək olar ki, hər yer dağıdılıb, minalanıb. Sanki Xəqanınin təsvir etdiyi “Mədail xarabalıqları”na düşmüşük, o hissləri keçirirəm. Lakin bununla yanaşı torpaqlarımızın azad olunmasına görə qürur, sevinc hissi də keçirirdik”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
MÖVZU İLƏ BAĞLI:
Partiya sədrləri Ağdam Cümə məscidini ziyarət edib
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə isə açıqlamasında Ağdam da gördüklərini hələ uzun müddət unuda bilməyəcəyini vurğuladı:
“Ağdam səfəri məni çox üzdü. Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Ağdamda daş üstündə daş yoxdur, tam məhv edilib. Burada hansı insanlıqdan söhbət gedə bilər? Mən tarixi abidələrimizin, irsimizin necə məhv edildiyini öz gözlərimlə gördüm. Ancaq Ermənistan dünyaya car çəkir ki, onların hüquqları pozulub. Axı, işğalçı dövlətin hansı hüququ ola bilər və bu hüquqlar nə zaman və necə pozulib?”
Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri İlqar Məmmədov isə Ağdam səfərindən olan fotolarını Facebook sosial şəbəkəsində yayımlayaraq, hisslərini bu sözlərlə dilə gətirib:
“Gedirik Ağdama. Yapışqan bir motiv avtobusun monoton səsinə uyğunlaşıb beynimdə fırlanır:
"Qartalımın bir qanadı yaralanıb, biz ona dərman gedirik almağa". Bu motivi sevən əsgərlərimiz sağ olsunlar, aldıqlarını alıblar, biz gedirik sadəcə baxmağa”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə Ağdamda gördüyü dağıntıların onu susqunluğa məhkum etdiyini bildirib. Onun sözlərinə görə bu cür ağır mənzərə qarşısında keçirdiyi hisslər hələ uzun müddət onunla yol-yoldaşı olacaq:
“Çox ağır hisslər idi. Ağdamı o halda görəndə sanki beynim dondu. Bir var, Qarabağı televiziyada görəsən, biri də var ki, canlı olaraq ayaqların torpağa dəysin”.
Səfərdə həmçinin Azad Demokratlar Partiyasının qurucusu və sədri Sülhəddin Əkbər, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, politoloq Eldar Namazov, və digər partiya sədrləri və ictimai-siyasi şəxslər iştirak edib.
Xatırladaq ki, səfərin təşəbbüskarı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir.
Səfərə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev rəhbərlik edib.
Vüsalə Balayeva, Bizim.Media