Keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı çərçivəsində ilk mərhələdə köç edən 23 ailəyə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimləri keçirilib.
ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, ümumilikdə 90-dan çox sakinin iştirak etdiyi təlimdə iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumat verilib.
Həmçinin, sakinlərə nizam-intizamlı, məsuliyyətli və sayıq davranmağa, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, eləcə də şübhəli əşyalara toxunmamağa dair çağırış edilib.
Təlimlər zamanı iştirakçılara xəbərdaredici və maarifləndirici qaydalar, eləcə də müxtəlif növ mina təhlükəsini əks etdirən çap materialları paylanılıb.
Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhalinin təhlükəsiz və dayanıqlı yaşam tərzinin yaradılması üçün Agentlik tərəfindən maarifləndirmə tədbirləri davam etdirilir.
Bizim.Media