Tanınmış şair Əjdər Olun 65 illik yubileyidir — Ziyalıların TƏBRİKİ

Tanınmış şair Əjdər Olun 65 illik yubileyidir — Ziyalıların TƏBRİKİ

Hazırda oxunan: Tanınmış şair Əjdər Olun 65 illik yubileyidir — Ziyalıların TƏBRİKİ

151223

Bu gün çağdaş Azərbaycan ədəbiyyatının istedadlı və tanınmış nümayəndəsi, çoxşaxəli və zəngin ədəbi-bədii yaradıcılığı ilə ədəbiyyatımıza xidmət edən şair – publisist, yazıçı – dramaturq Əjdər Olun 65 illik yubileyidir. 

Bizim.Media xəbər verir ki, bu münasibətlə qələm dostları demokrat.az vasitəsilə ona ürək sözlərini çatdırıblar:

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar:


“Əvvəla, Əjdər Ola tezliklə azadlığına qovuşmasını arzu edirəm. Arzu edirəm ki, növbəti yaşlarını ailəsinin, dostlarının, onu sevənlərin əhatəsində keçirsin. Azadlıqdan böyük nemət yoxdur. Əjdər Ol bizim dəyərli şairimizdir. Bir yerdə çalışmışıq. Onun zəngin yaradıcı fəaliyyəti olub”.

Xalq şairi, deputat Sabir Rüstəmxanlı:


“İstərdim ki, 65 yaşını azadlıqda qeyd etsin. Ona ən böyük arzum budur. Əjdər Ola həbsxanada yatmaq yaraşmır. Şair dostumuzdur, gözəl yazıçıdır. Xeyirxah insandır, yüzlərlə adama yaxşılığı keçib. Hansı şərtlər onu vadar edib deyə bilmərəm, hər halda öz iradəsinin nəticəsi deyil ki, o, indi cəza çəkir.

Təbiət etibarilə ədalətli, dürüst biridir, onu belə tanıyıram. İnanıram ki, böyük bir günah sahibi deyil. 65 yaş ciddi rəqəmdir. İnsan gərək öz ailəsinin, övladlarının yanında olsun. Amma harada olmasından asılı olmayaraq onu təbrik edirəm, can sağlığı arzulayıram. İnşallah tezliklə aramıza qayıtsın”. 

Yazıçı, şair Seyran Səxavət:


“Bütün ürəyimlə, qəlbimlə ona azadlıq arzu edirəm. Allah tezliklə qapısını açsın. Əjdər Ol qapının o üzündə yox, bu biri üzündə olmalı adamdı. Çox şey demirəm. Birini arzulayıram ki, həyata keçsin. Çox şey istəyəndə yuxarıda deyirlər ki, bu, çox şey istəyir. Ən vacibi azadlıqdır. Bu, varsa, qalan bütün şeylər də bunun içində olacaq. Düzdümü?!” 

Yazıçı, deputat Aqil Abbas:


“Yenidən ailəsinə, dostlarına ədəbiyyata qovuşmasını istəyirəm. Dostumuzdur, istedadlı qələm əhlidir, gözəl insandır. Nə arzu etmək olar?! Yalnız xoş günlər...” 
 

Yazıçı, jurnalist, Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar Mədəniyyət işçisi Rəşad Məcid:


“Əjdər Ol peşəkar yazıçıdır. Onun duzlu, koloritli portret hekayələri çox maraqla qarşılanıb. “Lo” romanı ötən əsrin 80-ci illərindən bəri baş verən hadisələrin bədii xronikası kimi azsaylı dəyərli əsərlərdəndir.

Əjdər Olun gözəl şeirləri var; insan ovqatının, taleyinin bədii əksi bu şeirlərdə qabarıq təsvir olunur. Onun vətənpərvərlik şeirləri aktyorlarımızın dilinin əzbəridir, əksər tədbirlərdə səsləndirilir, oxucularda qürur və zəfər duyğuları oyadır. Əjdər müasir ədəbi-prosesi  formalaşdıran , ona yön verən ədiblərimizdəndir.
Çox təəssüf edirik ki, Əjdər Ol bu ad gününü azadlıqda qarşılamır. Mən bizim dəyərli şairimizi, yazıçımızı təbrik edirəm, sağlamlıq arzulayıram. İnanıram ki, dəyərli əsərləriylə yenə bizi heyrətləndirəcək”. 
 

Xatırladaq ki, 50 ilə yaxın yaradıcılıq yolu keçən, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əjdər Ol — (Cəbiyev Əjdər Feyzulla oğlu) 1958-ci il avqustun 17-də Hacıqabul rayonunda anadan olub. 

Bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlayıb. "Dünənim də belə keçdi", "Necə sevməyəsən?!" adlı ilk şeirləri "Azərbaycan" jurnalında (1981, N 9) dərc edilib. Müxtəlif ədəbi janrlarda yazdığı bir çox kitabların, pyeslərin, ssenarilərin və tərcümələrin müəllifidir.

Yaradıcılıq sahəsindəki fəaliyyətinə görə “Milli kitab mükafatı”na (2010), Mədəniyyət və Turizim Nazirliyinin təsis etdiyi “Qızıl kəlmə” (2011) mükafatına layiq görülüb. 2012-ci ildə Ankarada Mahmud Kaşqarlı Beynəlxalq hekayə yarışmasının birinci mükafatçısı olub. 2021-ci ildə Türk Ədəbiyyatı Vəqfi tərəfindən "Türk Dünyasına Üstün Xidmət" mükafatı ilə təltif edilib.

Qeyd edək ki, Əjdər Olun "Molla Nəsrəddin və Əmir Teymurun filləri” komediyası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (2005), "Son məktub” pyesi Azərbaycan Dövlət Milli Dram Teatrında (2007), "Kimyagər” Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (2014), "Biri vardı, biri yox” pyesi isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (2015) səhnələşdirilib.
Bütün səhnə əsərlərinə Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov quruluş verib. 

Əjdər Ol müxtəlif janrlarda əllidən çox kitabın müəllifidir. İndiyədək onun kitabları Türkiyə, Polşa, İran, Gürcüstan, Almaniya və Rusiyada çap olunub. 

Əjdər müəllim, Sizi 65 illik yubileyiniz münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO