Ukraynanın Xerson vilayətində rus tankı içərisi meyvə-tərəvəzlə dolu və həmvətənlərimizin idarə etdiyi yük maşını üzərindən keçərək qətlə yetirdiyi həmyerlilərimizin nəşi vətənə gətirilib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, onların meyitləri bu gün səhər saat 05:00 radələrində Zərdab rayonunun Məmmədqasımlı kəndinə aparılıb.
MÖVZU İLƏ BAĞLI:
Xersonda rus tankı azərbaycanlıların yük maşınının üstündən keçdi - VİDEO
Kənd məscidində onların hər ikisi üçün cənazə namazı qılındıqdan sonra Əzizov Orxan Mahir oğlu və Qədirov Ramiz Abuzər oğlu kənd camaatının iştirakı ilə Məmmədqasımlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, onlar ailəli olub və hər ikisinin azyaşlı uşaqları var.
Ailə üzvləri bildiriblər ki, Ramiz və Orxan təqribən 5 ay əvvəl Ukraynaya işləmək məqsədilə gediblərmiş.
Avqustun 13-də gecə saatlarında isə məlum hadisə baş verib.
Bizim.Media, Aran bürosu