İxtisas seçimi başlayır: Nəyə diqqət yetirilməlidir? - Ekspertdən maraqlı AÇIQLAMA

İxtisas seçimi başlayır: Nəyə diqqət yetirilməlidir? - Ekspertdən maraqlı AÇIQLAMA

Hazırda oxunan: İxtisas seçimi başlayır: Nəyə diqqət yetirilməlidir? - Ekspertdən maraqlı AÇIQLAMA

150877

Abituriyentlərin ixtisas seçimlərinə sayılı günlər qalıb və bəzi ali təhsil müəssisələrinin qəbul planında yerlər artırılıb. Artıq 10 minə qədər plan yerinin boş qalacağı ilə iddialar səslənir. Bunu da abituriyentlərin topladığı balların aşağı olması ilə əlaqələndirirlər.

Qəbul və ixtisas seçimi ilə bağlı məsələnin mahiyyəti nədən ibarətdir? Doğrudanmı, bu qədər yer boş qalacaq? Plan yerinin boş qalmasını təhsilin keyfiyyətinin aşağı olması ilə əlaqələndirmək doğrudurmu? 

Məsələ ilə bağlı fikirlərini Bizim.Media saytına açıqlayan təhsil eksperti Nadir İsrafilov problemin faciəyə çevrilməsinin düzgün olmadığını söylədi. 
 

MÖVZU İLƏ BAĞLI:

DİM ixtisas seçimi ilə bağlı abituriyentlərə müraciət etdi


“Hər il bəzi vacib ixtisaslar üzrə yerlər tam dolur, bəziləri üzrə isə boş yerlər qalır və yenidən qəbul keçirilir. Bunu da təhsilin keyfiyyətinin aşağı düşməsi ilə əlaqələndirməyə çalışırlar. Son illər texniki peşə məktəblərinə axın müəyyən qədər artıb. Ola bilsin ki, plan yerlərinin dolmamasında son illər həmin məktəblərə marağın artmasının da öz rolu var. Yaxın vaxtlarda bununla bağlı rəsmi statistika dərc olunacaq və hansı yerlərin dolduğu, hansı yerlərin boş qaldığı məlum olacaq”.

Bununla belə, cəmiyyətin müxtəlif təbəqələrində qəbul prosesinin asanlaşdırılması, dövlət buraxılış imtahınının isə ləğv edilməsi ilə bağlı təkliflərin səsləndirildiyini diqqətə çatdırdı:

“Ölkəmizdə bunun əksi baş verir. Qəbul prosesini çətinləşdirir, buraxılışı isə asanlaşdırırıq. Əslində, qəbuldan sonra tədris prosesini çətinləşdirmək olar. Çünki, tələbənin nəyə qabil olub-olmadığı 4 il müddətində ortaya çıxacaq. İstəyən oxuyacaq, istəməyən də oxumayacaq və ona diplom verməyə ehtiyac da qalmayacaq. Onsuz da bir çox sahələrdə diplomu elə də ciddi qəbul etmirlər, hətta ləğv olunmasını istəyənlər də var. Onsuz da gənc məzun olduqdan sonra harasa işə düzələrkən diplomuna baxılmır və yenidən imtahan verməli olur”.  

Qəbulun əsas mərhələsinin ixtisas seçimi ilə bağlı olduğunu deyən Nadir İsrafilovun sözlərinə görə, bəzi dövlət rəsmiləri də bu modelin özünü doğrultmadığını təsdiq edirlər: 

“Ölkəmizdə repititorluq ibtidai siniflərdən başlayır. Bu da onu göstərir ki, uşaq özü seçim edə bilməz və valideyn ona hansı sahəni seçəcəyini zorla diqtə edir. Abituriyent müvafiq keçid balını toplayıb və 15-20 ixtisasdan birini seçməlidir. Bu zaman valideyn təzyiqi ilə üzləşir və onun dediyi ixtisaslardan birini seçməlidir. Ancaq topladığı keçid balı həmin ixtisasla uyğun gəlmir. Belə ki, 500 bal toplayan məzun düzgün seçim etmədiyi üçün ali məktəbə daxil ola bilmir, yaxud da ödənişli ixtisasa qəbul olur”. 

Onun dediyinə görə, son vaxtlar imtahanın sadələşdirilməsi, təkpilləli və vahid imtahanların keçirilməsi məsələsi müzakirə olunur:

“Hələ 2016-cı ildə Dövlət İmtaham Mərkəzinin sədri Məleykə Abbaszadə, bu barədə məlumat vermiş və imtahan modelinin daha rahat və münasib forması üzərində iş getdiyini bəyan etmişdi. Hazırda bir neçə Avropa ölkəsində bu təcrübədən istifadə olunur. Bir imtahanla həm attestat verilir, həm də abituriyent topladığı bala müvafiq olaraq, istədiyi universitetə qəbul ola bilir. Ölkəmizdə də buna ciddi ehtiyac yaranıb. Əgər qəbul qaydalarında dəyişiklik edilməsə, zorla mütəxəssis yetişdirməyə davam edəcəyik.

Bu gün universitetlərdə təhsil alanların çoxu ixtisas seçərək qəbul olunsalar da, sonradan fikirlərini dəyişiblər və məcburiyyət qarşısında qalaraq təhsillərini davam etdirirlər. Bu baxımdan da seçimin mərkəzləşdirilmiş qaydada aparılması ilə bağlı təkliflər gündəmdədir. Keçmiş SSRİ dövründə peşəyönümlü məsələlər orta məktəbdən başlayırdı.

Kim hansı ixtisas üzrə təhsil alacaqdısa, əvvəlcədən müəyyən edir, müəllimlər və valideynlər də onlara dəstək verirdi. İndi isə ixtisas seçimi keçid ballarının ümidinə qalıb.

Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev də bu məsələyə toxundu və bildirdi ki, hüquqşünas olmaq istəyən sonda tarixçi, yaxud həkim olmaq istəyən bioloq olur. Elə etmək lazımdır ki, peşə seçimi orta məktəbdən başlasın, məktəbli isə hansı ixtisasa maraqlı olduğunu indidən müəyyən etsin”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO