“Stansiyalardan əldə edilən məlumatların təhlilləri göstərir ki, Bakı şəhərində hava keyfiyyəti göstəricilərindən toz hissəciklərinin miqdarı 1.8 dəfə, dəm qazı 1.7 dəfə normadan çox müşahidə olunub”.
Bunu Milli Hidrometeorolgiya Xidmətinin rəisi Nazim Mahmudov dünən Bakı və Abşeron yarımadasının atmosfer havasında müşahidə olunan toz axını ilə bağlı Bizim.Media-ya açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Bakı və Abşeronda toz müşahidə OLUNUR
Onun sözlərinə görə, atmosfer havasının keyfiyyəti hərgün Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə yoxlanılır:
“Stansiyalardan gündəlik olaraq atmosfer havasında olan müxtəlif qaz qarışıqları haqda məlumatlar əldə olunur. Atmosfer havasının keyfiyyətinə dair monitorinqin nəticələri gündəlik olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi səhifələrində yerləşdirilir. Son günlərdə cənub istiqamətli isti hava axınlarının üstünlük təşkil etməsi, yağıntının olmaması havanın keyfiyyət göstəricilərinin, yəni toz hissəciklərinin, çirkləndirici qaz qarışıqlıqlarının normadan yüksək olmasına səbəb olur”.
Xəzər Hava Keyfiyyəti Laboratoriyasının müdiri Rövşən Abbasov da havanın toz hissəcikləri ilə çirklənməsinin yüksək səviyyədə olduğunu bildirib:
“Hal-hazırda yay ayları olduğu üçün şəhərdə avtomobillər bir qədər azalıb. Ona görə də Bakıda tozla, xüsusilə də 2.5 ölçüsündə olan toz hissəcikləri ilə çirklənmə çox yüksək səviyyədədir. Toz Bakının əsas çirkləndiricisi hesab olunur” .
Mütəxəssis qeyd edir ki, tozla çirklənmə həssas qruplar üçün bir qədər təhlükəli ola bilər, xüsusilə də ağciyər xəstəlikləri olan insanlar üçün yaxşı deyil:
“Buna görə də günün pik saatlarında maskadan istifadə edilsə, yaxşı olar. Təbii ki, bu, yay aylarında çətindi. Və yaxud da şəhərdən kənarda dincəlmək olar. Lakin bütün bunlarla yanaşı, Bakının havasına təsir edən əsas amil dəniz və küləkdir. Bu, Bakını bir növ xilas edir”.
Şəfəq Samed, Bizim.Media