Festivallar şəhəri Şəki bu dəfə kənd təsərrüfatına dair möhtəşəm tədbirə ev sahibliyi etdi.
Şəkidə Aqrar İnnovasiya Festivalı keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən Festival Şəkidəki Heydər Əliyev Parkında baş tutub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Festivalda 30-a yaxın yerli şirkət və kənd təsərrüfatı istehsalçısı iştirak edib. 10-cu Festivala Festivallar şəhəri ev sahibliyi etdi. Şəkidə təşkil edilən festival Kənd Təsərrüfatı nazirliyinin bu il bölgələrdə baş tutan sayca 10-cu tədbiridir.
Bu həm də əlamətdar bir Festival kimi yadda qalacaq. Çünki 10-cu Festival bir çox yenilik və özəlliyi ilə seçilirdi. Festival çərçivəsində innovativ texnologiya və avadanlıqların nümayişi ilə birgə , toxum sərgi-satış yarmarkası keçirilib. Yerli şirkətlər öz məhsullarını nümayiş etdirməklə yanaşı həm də işgüzar görüşlər də keçirib.
Yerli toxumçuluq şirkətlərdən birinin meneceri Vüsalə Çərçiyeva təssüratlarını bizimlə bölüşür:
“Bu gün festivalda toxumlarımızla iştirak edirik. Toxumlarımız Rusiya mənşəli, yerli iqlim şəraitinə uyğun, regionlaşdırılmlş toxumlardır. Bizdə istənilən toxumun təcrübəsi həyata keçirilir. Təcrübə sahələrində və Azərbaycanın 8 regionu üzrə sınanmış və yaxşı nəticə əldə olunmuş toxumları biz fermerlərə təklif edirik”, - deyən menecer sözlərinə onu da əlavə edir ki, ötən il hər hektara orta məhsuldarlığı 50-60 sentner olub.
Fermerlərə yaşıl işıq
Aqrar innovasiyaların təbliği və təşviqi, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində keçirilən festivalda yerli şirkətlər innovativ suvarma texnikaları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri nümayiş etdirib Festivalda həmçinin yeni təşəkkül tapmış yüksək məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri kimi innovativ məhsul və texnologiyaları nümayiş etdirilib. Əlbəttə, bu ilk növbədə fermer və sahibkarların rəğbətinə səbəb olub.
Fermer Dilarə Həmədova bir neçə istiqamətdə öz işini qurur. O həm fındıqçılıq, həm də taxılçılıqla məşğuldur.
Ötən il fındıq bağı salan fermer cərgələr arasını boş buraxmayaraq ora taxıl əkib:
““Bu gözəl bir sərgidir. Ötən il də bu sərgidə iştirak etmişik. Mənim fındıq bağım var. Bu il həm də taxıl əkmişdik. Həmən fındıq bağlarının arasına. Məhsuldarlıq nisbətən yüksək olmasa da 1 ton 200 kq məhsul götürdüm. Bu gün gəlmişəm həm öz sahələrim üçün toxum seçimini edim həm də kooperatimizin fermerləri üçün yaxşı toxum əldə edim” deyən fermer qarşıdakı il meyvə quruları ilə bağlı sahəyə də sərmayə yatırmağı qarşısına məqsəd qoyub.
Payız əkinləri ərəfəsində bu Festivalın əhəmiyyəti böyükdür.
Kənd təsərrüfatı məhsul istehsalçılarına əlçatanlığının təmin edilməsi məqsədilə Aqrar İnnovasiya Mərkəzi tərəfindən ölkənin müxtəlif bölgələrində belə festivalları keçirməklə həm fermer və sahibkarları müasir texnologiyalarla tanış edir həm də yerli istehsalçıların işgüzar əlaqələr yaratmasında vasitəçilik missiyasını həyata keçirir.
Kənd Təsrrüfatı nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bütün sahələr kimi aqrar sektorun da innovativ üsullarla inkişafının labüd olduğunu diqqətə çatdırır:
“Bu günkü Festivalın əsas komponenti toxum-satış yarmarkasına həsr olunub. Bilirsiniz ki, bizim fermerlərimiz növbəti aylarda taxıl-buğda əkirlər. Bu onlar üçün önəmli aylardan biri sayılır. Nəyə görə? Çünki məhz bu aylarda bizim istehsalçılar öz toxumunu bazara təqdim edir.
Fermmerlərimiz də həmin toxum istehsalçılarının məhsulları ilə tanış ola bilir. Bugünkü Festivalda 30 dan çox yerli toxum istehsalçıları iştirak edir”-deyən Mərkəz direktor fermer və sahibkarların belə festivallardan səmərəli bəhrələndiyini, onlara lazmı olan texniki avadanlıqların daha ucuz aldıqlarını bildirir.
Qeyd edək ki, ilin əvvəlindən belə festivallar Gəncə, Füzuli, Lənkəran, Quba, Ucar, Qobustan, Ağstafa, Zaqatala, İmişli rayonlarında təşkil olunub. Növbəti Festivalın isə Şamaxıda keçirilməsi nəzərdə tutulur.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu