Ukraynalı uşaqlar ŞƏKİDƏ – “Azərbaycanın xeyirxahlığını unutmayacağıq” – FOTO 

Ukraynalı uşaqlar ŞƏKİDƏ – “Azərbaycanın xeyirxahlığını unutmayacağıq” – FOTO 

Hazırda oxunan: Ukraynalı uşaqlar ŞƏKİDƏ – “Azərbaycanın xeyirxahlığını unutmayacağıq” – FOTO 

150303

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşağın növbəti ekskursiyası Şəkiyə təşkil edilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Bakıda düşərgəyə yerləşdirilərək, müxtəlif reabilitasiya proqramlarına cəlb edilən ukraynalı uşaqların ölkəmizin müxtəlif bölgələrində gəzintisi təşkil edilir.  

Şəkidən xoş xatirələrlə.

Ötən gün Qəbələdə olan uşaqlar ucqar Laza kəndi ilə tanış olub. Təbiətlə tanışlıqdan sonra onlar milli mətbəx nümunələrindən olan lavaşın hazırlanması prosesində də iştirak ediblər. Bu günsə uşaqlar Şəkinin tarixi məkanlarına səyahət edib. 

Qrup rəhbəri Lyudmila Kornionko getdikləri hər yerdə böyük sevgi və məhəbbətlə qarşılandıqlarını bildirir:  

“Azərbaycana daxil olandan zəngin ekskursiya və reablitasiya proqramlarına cəlb olunmuşuq. Bizim Ukrayna da gözəldir, onun Karpat dağları var. Sizdə isə Böyük Qafqaz dağları var ki, mən bunları bir-birinə bənzətdim. Bir daha bizim proqramlarımıza qayıtmaq və Azərbaycana minnətdarlığımızı çatdırmaq istəyirəm. 

Biz müharibə şəraitində yaşayırıq və hər gün insanlar ölür. Belə bir məqamda Azərbaycan ukraynalı uşaqların istirahətini təşkil edir, bir anlıq da olsa onlara sosial reablitasiya xidmətləri göstərilir”, - deyən Lyudmila Azərbaycan dövlətinin bu xeyirxah və humanist addımını heç zaman unutmayacaqlarını sözlərinə əlavə edir. 

Tarixi abidələr şəhəri Şəki

“Yuxarı Baş” Tarix-Memarlıq Qoruğu ərazisinə gələn ukraynalı uşaqlar Xan sarayı ilə tanış olub. Daha sonra ərazidəki digər memarlıq abidələrinə səyahət ediblər. Tarix-memarlıq abidələri, xüsusən Xan sarayı ilə tanışlıq uşaqlarda böyük maraq və diqqət cəlb edib. Səfər iştirakçısı, ukraynalı yeniyetmə Maksim Boyko ilə ölkəsi, müharibənin gətirdiyi fəlakətlər və necə yaşamaları ilə maraqlanırıq. 

Maksim dərin zəkaya və dünyagörüşünə malikdir. O, Azərbaycanın əvvəl də belə humanitar aksiya təşkil etdiyini və ukraynalı uşaqların gələcəyi üçün xeyirxah missiya icra etdiyini alqışlayır. 

- Bəs səfər haqda nə deyə bilərsən? - deyə Maksimə sual ünvanlayırıq. 

“Biz əvvəlcə paytaxt Bakıda olduq və bu şəhərin gözəlliyi bizi valeh etdi. Sonra biz İsmayıllı və Qəbələ rayonlarına gəldik, bir çox maraqlı məkanları gəzdik. Sizin ölkənizin təbiəti kimi insanları da gözəl və mehribandır.

Hara gediriksə bizi ən yüksək qonaq kimi qarşılayır və qayğımıza qalırlar”, - deyən Maksim qrup rəhbərinin fikirlərinə qoşulduğunu və bu xeyirxah missiyanın onlar tərəfindən heç zaman unudulmayacağını bildirir.

Səfər boyu təcrübəli psixoloqlar uşaqlarladır.

Gəzinti müddətində uşaqlara peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyaları həyata keçirilir, liderlik təlimi verilir. Elə Xan sarayının həyətində maraqla izlədiyimiz bir məqam oldu. Ukraynalı balaca yaşlılar Xan sarayı ilə tanış olub qayıdan kimi psixoloq onların gördüklərini, onlarda hansı təəssürat yaratdığı ilə maraqlandı, fikir mübadiləsi apardı. 

Məsuliyyətli və çətin layihə. 

Layihə rəhbəri Sevda Babanlının sözlərinə görə uşaqların proqramı çox zəngin və mənalı qurulub. Müharibə stresini atmaq, bir anlıq unutmaq üçün bütün vasitələrdən istifadə edilir. 

“Düşərgə 14 gün müddətinə təşkil olunacaq. 14 gün ərazində uşaqlar Azərbaycanın bir neçə şəhərini ziyarət edəcəklər. Azərbaycanın tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış olacaqlar. Ümumən uşaqların fikirləri müsbətdir. Azərbaycan mətbəxi də xoşlarına gəlir” - deyən Sevda xanım bu çətin və məsuliyyətli işdə çalışmağın da öz ləzzəti olduğunu qeyd edir.
Qeyd edək ki, müharibə şəraitində olan ukraynalı uşaqların 14 günlük sosial reabilitasiya proqramı onların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədilə təşkil edilib. Səfər boyu iştirakçılara psixo-sosial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərsləri keçirilir. 






















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO