Vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsindən ağız dolusu danışan cavabdeh qurumun daha bir “nümunəvi” addımı müzakirə yaradıb. Sərnişinlərin rahatlığı üçün nəzərdə tutulan və Bakı şəhərində mərhələlərlə quraşdırılan smart tipli avtobus dayanacaqlarına sərnişinlərin özləri buraxılmır.
Bununla bağlı Bizim.Media-ya bir neçə sərnişin müraciət edib.
MÖVZU İLƏ BAĞLI:
BNA dayanacaqlarından köşk kimi istifadə olunur? – FOTOFAKT
Dediklərinə görə istilərin dözülməz olduğu vaxtlarda sərinləmək üçün kondisionerli qapalı dayanacaqlarda gözləmələrinə imkan verilmir.
“Burada gözləyə bilməzsiniz, çölə çıxın” deyirlər. O gün “Əhmədli” metrostansiyasının yaxınlığındakı dayanacaqda avtobus gözləyirəm. Oğlum həm yorulmuşdu, həm də istiyə dözümü qalmamışdı. Smart dayanacağa göndərdim ki, heç olmaya marşrut gələnə qədər orada gözləsin.
Baxdım ki, uşaq geri gəlir. Soruşdum, dedi “ana məni içəridən çıxarıb dedilər ki, burada oturmaq olmaz”. Anlamıram, bəs, bunları nə üçün quraşdırıblar? Özləri üçün? Satdıqlarını satıb, sərinləsinlər? Nə vaxta qədər biz sərnişinlər əziyyət çəkəcəyik?”, - deyə şikayətçi sərnişinlər qeyd edib.
Problemlə bağlı isə konkret iki ünvan – “Əhmədli” metrostansiyasının yaxınlığında və S.Vurğun bağında yerləşən smart dayanacaqların adı çəkilib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bizim.Media-ya açıqlamasında bildirib ki, qeyd olunan ünvanlardakı smart tipli avtobus dayanacaq pavilyonları yeni qoyulub və texniki quraşdırma işləri tam yekunlaşmayıb:
“İşlər yaxın günlərdə tam yekunlaşdıqdan sonra pavilyondan sərnişinlər rahat şəkildə istifadə edə biləcəklər. Onu da bildirim ki, smart tipli avtobus dayanacaq pavilyonlarının quraşdırılması dövlət özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilir.
Layihəyə uyğun olaraq əsasən insanların daha sıx toplaşdığı, sərnişin axını yüksək olan ərazilərdə bu mərhələdə ümumilikdə 100 ədəd bu tip pavilyonun quraşdırılması nəzərdə tutulub. Hazırda 23 ədədi quraşdırılıb və proses davam edir”, - deyə qurum rəsmisi əlavə edib.
Məlumat üçün bildirək ki, smart avtobus dayanacaqlarının bir çox üstünlükləri var. Dayanacaq pavilyonunda sərinləndirmə sistemi quraşdırılıb ki, bu da şəhərin ictimai nəqliyyat infrastrukturunda bir ilkdir.
Müasir avadanlıqlarla təchiz olunan smart dayanacaqlarda müşahidə kameraları və monitor quraşdırılıb.
Dayanacaqların işıqlandırılması və elektrik təminatı qismən günəş paneli hesabına təmin olunur. Həmçinin smart dayanacaqlarda kofe, çay, su və s. zəruri məhsulların satışı təşkil edilir.
Yaxın 2 il ərzində ümumilikdə Bakı şəhərində 100 smart dayanacağın quraşdırılması planlaşdırılır.
Alçina Amilqızı, Bizim.Media