BİZİM TƏQVİM: 32 il öncə azərbaycanlıların Ermənistandan deportasiyası BAŞA ÇATIB

BİZİM TƏQVİM: 32 il öncə azərbaycanlıların Ermənistandan deportasiyası BAŞA ÇATIB

Hazırda oxunan: BİZİM TƏQVİM: 32 il öncə azərbaycanlıların Ermənistandan deportasiyası BAŞA ÇATIB

149854

8 avqust 1991-ci ildə Ermənistan ərazisində azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqəsi – Mehri rayonunun Nüvədi kəndi erməni silahlı qüvvələrinin hücumu nəticəsində talan edilib. Erməni qüvvələri kəndin əhalisini zorla deportasiya ediblər. 1988-ci ildə Ermənistanda azərbaycanlı əhaliyə qarşı başlanan etnik təmizləmə sona çatıb.

Qeyd edək ki, Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km. şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi.

1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilib.

Bəs, avqustun 8-də daha hansı hadisələr baş verib?

1. İspaniya kralı II Felipenin İngiltərəni işğal üçün göndərdiyi böyük donanma 1588-ci ilin 8 avqustunda Manş dənizindəki döyüşdə ağır məğlubiyyətə uğradı. Bu zəfər kraliça I Yelizavetanın (Elizabeth) rəhbərliyi altındakı İngiltərənin müstəmləkə siyasətini başlamasına yol açdı.  

2. 8 avqust 1925-ci ildə Torontoda ilk dəfə işıqfor quraşdırılıb.

3. 1937-ci ilin bu günündə Çinin paytaxtı Pekin yaponlar tərəfindən ələ keçirilib.

4. 1945-ci ilin bu günü SSRİ, ABŞ, Böyük Britaniya və Fransa müvəqqəti hökuməti İkinci Dünya Müharibəsinin əsas hərbi canilərinin təqib olunması və cəzalandırılması üçün beynəlxalq hərbi tribunal yaratdılar.

Sazişə görə, tərəflərdən hər biri bu məhkəmə orqanına 2 nümayəndə göndərdi. Beynəlxalq hərbi tribunalın hökmü qəti hesab olunurdu və müzakirə edilmirdi. 1945-ci il noyabrın 20-də Nürnberqdə faşistlərə qarşı ilk məhkəmə prosesi başladı. Məhkəmə təhqiqatı təxminən 1 il davam etdi və sonda faşist Almaniyasının 12 yüksək rütbəli məmuruna ölüm hökmü çıxarıldı. 

5. 8 avqust 1949-cu ildə Strasburqda Avropa Şurasının ilk iclası keçirilib.

6. 8 avqust 1974-cü ildə ABŞ prezidenti Riçard Nikson "Watergate" qalmaqalına görə istefa verdi.  R.Nikson istefa verən ilk ABŞ prezidentidir. Onun yerinə dövrün vitse-prezidenti Cerald Ford keçdi. Bununla C.Ford ABŞ-ın seçilməmiş ilk prezidenti kimi tarixə düşdü.

7. 2008-ci ilin 8 avqustunda Gürcüstan-Rusiya baş verib. Bu müharibə iki keçmiş Sovet dövləti olan Rusiya və Gürcüstan arasında münasibətlərin ən pis həddə çatdığı 2008-ci ilin avqust ayında başlayıb. Cəmi bir həftə davam edən bu müharibə XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq da tanınır.
8. 2008–ci ilin bu günündə Çinin paytaxtı Pekində XXIX Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olub. Avqustun 24-dək davam edən Olimpiadada 205 ölkə təmsil edilib. 302 dəst medal uğrunda 10 min 500 idmançı mübarizə aparıb. Azərbaycan idmançıları Olimpiadada 7 medal qazanıblar.

8 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Kvant mexanikasının yaradıcılarından biri, görkəmli ingilis fizika nəzəriyyəçisi, London Kral Cəmiyyətinin üzvü Pol Dirak 1902-ci ilin bu günü anadan olub.    

2. Bosniya-Herseqovina respublikasının ilk ölkə başçısı, "Müdrik kral" adlandırılan Aliya İzzetbeqoviç 8 avqust 1925-ci ildə dünyaya gəlib. (1925-2003)  

3. Azərbaycan alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı Fəridə Məmmədova 8 avqust 1936-cı ildə dünyaya gəlib.

4. 8 avqust 1948-ci ildə Azərbaycanın tanınmış aktyoru, xalq artisti Rasim Balayev anadan olub. Aktyor ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib.

O, “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rolları ilə tamaşaçıların sevgisini qazanıb.

“Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Rasim Balayev “Özbəkfilm”də, “Mosfilm”də və başqa studiyalarda da filmlərə çəkilib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO