Un məmulatları, şirniyyat və qazlı içkilərdə geniş istifadə olunan süni dadlandırıcılarla bağlı təhlükə aktullaşıb. Sintetik yolla istehsal olunan süni dadlandırıcılar xərçəng xəstəliyi yaradır. Hansı ki, bu günlərdə Ümumdünya Səhiyyə Təkilatı (ÜST) tərkibində süni dadlandırıcı aspartam olan qida və içkilərin xərçəngə səbəb ola biləcəyini, lakin müəyyən hədlər daxilində istehlak edildikdə təhlükəsiz olduğunu bəyan etmişdi.
Sahibkarlar bu xəbərdarlıqlara məhəl qoymaraq, öz sənayelərində dadlandırıcılardan geniş istifadəni davam etirməkdədirlər.
Qida mütəxəssisi Ağa Salamov Bizim.Media-ya açıqlamasında süni dadlandırıcıların insan orqanizminə ciddi fəsadlarının olduğunu deyib.
MÖVZU İLƏ BAĞLI:
Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT
Onun sözlərinə görə dadlandırıcılar təhlükəli olsa da, onlardan imtina etmək mümkünsüzdür. Çünki tərkibinə dadlandırıcı qatılan məhsulları 3 gündən artıq saxlamaq olmur.
Bu da sənaye və istehsalla məşğul olanlara sərf etmir:
“Sintetik yolla istehsal olunan süni dadlandırıcı aspartamdan pəhriz içkilərində, xəmir məmulatlarında, süd məhsullarında, şəkərsiz saqqızlarda, hazır qəhvə, pudinq və bəzi dərman preparatlarında istifadə edilir. Keçmiş sənaye ilə indiki sənayeni müqayisə edəndə nə görürük? Hətta xalçalar belə süni rənglərlə deyil, təbii rənglərlə boyanırdı. Qidalara kimyəvi qida boyası vurulmurdu. Yumurta boyayanda belə, rəngi kök, göyərti və ya çuğundurdan əldə edirdilər.
İndi baxırsan ki, hər birinin tərkibində kimyəvi qatqısı var. Bioloji varlıq olan insan yavaş-yavaş bu sintetikləri qəbul edir və nəticədə mədə xərçəngi, ürək qan-damar pozğunluqları, eləcə də müxtəlif xəstəlilərlə üz-üzə qalır. Ya biz keçmişə qayıdıb o vaxtki adət-ənənələrimizi, dəyərlərimizi qorumalıyıq, ya da tərkibi aspartamdan tutmuş fosfor turşusuna qədər olan rəngli qazlı içkilər və zəhərli qidalardan yeyib fatihəmizi oxumalıyıq.
Bunun üçün güclü maarifləndirmə işləri aparılmalıdır və müəyyən zərərli qatqı maddələrinə qadağa qoyulmalıdır.
Yəni satışı dayandırılmalı, istənilən sənayedə zərərli qatqı maddələrdən istifadəyə qadağa qoyulmalıdır. Bu da mümkün deyil. Çünki kapitalizmdə yaşayırıq və IV sənaye inqilabı əsridir. Bu da o deməkdir ki, müəyyən normativləri aşmadan kim nə istəyirsə, edə bilər.
Məsələn, “Taorin”i (yarı əvəzolunmaz metionin və sistindən əldə edilən sülfürdən alınan amin turşusu) enerji içkisinin içinə qatırlar. Amma qablaşdırmanın üzərinə yazmırlar ki, bir adam neçə banka içə bilər. Şəxs 5 banka içir və ürəyindən əziyyət çəkir. Amma bunun maarifləndirmə işi aparılmır ki, bir banka içmək kifayətdir. Marketinq cəhətdən onlara ziyan gətirir deyə bunun üstünü də vurmurlar”.
Ağa Salamov hazırda meyvə və tərəvəzlərin də təhlükəli olduğunu vurğulayıb. O, qeyd edib ki, artıq hibrid məhsullar da süfrələrimizə gəlib çıxıb ki, bunun xeyli ziyanları var:
“Tez-tez tövsiyə edirlər ki, meyvə və tərəvəz yeyin. Axı bütün bu məhsullar hibriddir. Müəyyən şirniyyatlarıın tərkibinə qarğıdalı siropu vurulur. Hansı ki, bu maddə şəkər tozundan daha ucuz başa gəlir və şəkər xəstələrinə ziyandır. İndi elə bir dövrdür ki, məhsulların çoxu əlçatandır. Amma o məhsulların 90 faizi zərərlidir. 10 faizi zərərsizdir ki, onlar da kənddə əldə edilən kərə yağı, süddən hazırlanmı pendir, qatıq və qaymaqdır. Bu isə Azərbaycanı təmin edəcək gücdə deyil.
İnsanların əkib-becərməyə marağını artırmaq lazımdır. GMO (geni modifikasiya olunmuş) yeməklərlə heyvanları yemləmək deyil, sağlam şəraitdə və təbiətin qanunlarını pozmamaqla bu işi görmək lazımdır. O zaman biz sağlam qidadan danışa bilərik. Bazar iqtisadiyyatı olduğu üçün kim nə istəyir satır və hansı qiymət istəyirsə qoyur. Bunun əziyyətini isə insanlar çəkir”.
Ekspert ölkədə istehsal olunan və xaricdən Azərbaycana gətirilən kolbasaların tərkibinə də toxunub. O, deyib ki, bütün kolbasaların tərkibinə bəzi ölkələrdə qadağan olunan “nitrat” vurulur. Sadəcə müəyyən bir miqdar qadağan olunmur:
“Nitrat isə çox zərərli bir maddədir. Ondan 5-10 qram filə verilsə, ölər. Amma bu, kolbasalara vurulur. Məqsəd isə vitrinin ömrünü uzatmaq və pul qazanmaqdır. İşbazlar tonlarla məhsul istehsal edir və bunlar bir günə satılan məhsullar deyil. Tam orqanik olsa, kolbasaların saxlanma müddəti 3 gündən artıq olmaz. 72 saat ərzində ya satılmalı, ya da tullanmalıdır. Bu da şirkətlərə sərf etmir. Ona görə də məhsulların tərkibinə vitrinin ömrünü uzadacaq kimyəvi rəngləndirici və dadlandırıcı qatqılar qatırlar.
Bunlara isə insan orqanizminə zərər verməyən bir doza həddi təyin olunur. O həddi aşanda aidiyyətu qurumlarımız, məsələn AQTA artıq buna müdaxilə edə bilər. Amma AQTA şirkətlərə ümumiyyətlə məhsullara dadlandırıcı vurulmasını qadağan edə bilməz. Kimsə hər gün kolbasa çörək yeyəcəksə, təbii ki, bu, ona ziyan edəcək. Çünki nitratı və ya kimyəvi qatqıları çox istehlak etmiş olur.
Onu da qeyd edim ki, Azərbaycana xaricdən hazır gələn burger və çörəklərin tərkibində sistein maddəsinin olması ehtimalı çoxdur.
Rəngli-qazlı içkilərin tərkibində fosfor turşusu var və o şəkəri balanslaşdıran bir maddədir. Fosfor turşusu uşaqlarda sümük inkişafının qarşısını alır, yaşlı insanlarda isə sümük əriməsinə gətirib çıxarır.
Azərbaycanda elə süfrə yoxdur ki, orada rəngli-qazlı içki olmasın. İstehlakçını maarifləndirmək lazımdır ki, bu içkiləri içməyin. Yaxud içirsinizsə, az için. Bir sözlə, qloballaşan dünyada və bütün sənayedə düz heç nə yoxdur. Ancaq və ancaq fırıldaq, hiylə və pul qazanmaq var”.
Alçina Amilqızı, Bizim.Media