Xəbər verdiyimiz kimi müğənni Roza Zərgərli “German Hospital”dan şikayətlənib. Mədəqatlama əməliyyatı keçirən müğənni həkim səhvi ucbatından ölümcül vəziyyətə düşdüyünü iddia edib.
Əməliyyatdan sonra səhhətində ciddi problemlər yaşandığını vurğulayan Roza Zərgərli məsələyə məsul olan bariatrik -cərrah Aslan Abdullayevə və “German Hospital”ın rəhbəri İlham Əliyevə təzminat davası qaldırıb.
"German Hospital"ın isə mediaya verdiyi açıqlama birmənalı qarşılanmayıb. Klinikadan bildirilib ki, Roza Zərgərli ilə bağlı məsələni öz aralarında həll edəcəklər və medianı buna qarışdırmayacaqlar.
Eyni zamanda klinikanın rəhbəri İlham Əliyev də Roza Zərgərli ilə əlaqə yaradaraq, həkim Aslan Abdullayevlə bağlı şikayətə baxılacağını və müvafiq tədbir görüləcəyini vəd edib. Halbuki məsələ ictimailəşib və daha bir həkim səhlənkarlığının bariz nümunəsi ortaya qoyulub.
Eyni zamanda bu məsələdən sonra sosial şəbəkələrdə “German Hospital”la bağlı neqativ fikirlərin sayı artıb.
Belə olan təqdirdə insanların həyatını təhlükə altına qoyan klinikanın belə məsuliyyətsiz açıqlaması ilk növbədə ora üz tutan insanlara, ikinci növbədə isə mediaya hörmətsizlik kimi qarşılanıb.
Klinikanın “öz aramızda həll edəcəyik” açıqlamasına Roza Zərgərlinin də mövqeyini öyrənməyə çalışdıq.
Müğənni Bizim.Media-ya açıqlamasında bildirib ki, məsələni belə qoyan deyil və günahkarlar cəzalandırılacaq:
MÖVZU İLƏ BAĞLI:
İnsanların sağlamlığına təhlükə yaratdığı iddia olunan “German Hospital”dan AÇIQLAMA – “Aramızda həll edəcəyik”
“Xəstəxananın rəhbərliyi mənlə əlaqə saxladı. O da mən də xaricdən gəlib görüşəndən sonra nəticə barədə mediaya açıqlama verəcəyəm. Çünki bunu belə qoymaq olmaz. Məsələni qabardan mənəm və açıqlama da verən mənəm. Boş yer mediaya müraciət etməmişəm.
Bu ayın 10-dan sonra onlarla görüş təyin etmişik. O görüşdən sonra günahkarlar cəzalandırılacaq. Ona görə narahat olmayın, nəticə barədə məlumat verəcəyəm. Heç kimin həyatı ilə oynamaq olmaz.
Qaldı ki, klinikanın sözügedən mövqeyinə, hər kəs çox şey deyə bilər. Bakıya qayıdandan sonra hamıya bunu izah edəcəyəm”, - deyə Roza Zərgərli qeyd edib.
Alçina Amilqızı, Bizim.Media