2018-ci ildə layihəsi təsdiqlənən, iki il əvvəl isə inşasına başlanan Muğanlı-İsmayıllı-Qəbələ yolunun təmir-bərpa işləri davam edir. Yenilənən yol turizm mövsümündə və xüsusilə isti aylarda sürücülərin əməlli-başlı kabusuna çevrilib. İsmayıllının girişindən sonuna qədər təmir gedən yollarda ən az 1 saat ləngimə baş verir. Sürücülər isti havada idarəetmənin çətinliyindən, toz-torpaqdan və uçuq-sökük yolda avtomobillərin sıradan çıxmasından təngə gəliblər.
Alternativ yol isə yoxdur...
Yolun yenilənməsi işini həyata keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi təmirin dayanmadığını və mərhələli şəkildə aparıldığını əsas gətirərək, işlərin hamsının birdən-birə görməyin mümkünsüzlüyünü bəyan edir. Üstəlik sözügedən layihənin tam olaraq hələ 2025-ci ildə yekunlaşacağını qeyd edirlər. Sürücülərin dediyinə görə isə Muğanlı-İsmayıllı-Qəbələ yolunun əsaslı təmiri ləng getdiyindən işlər daha uzanacaq.
MÖVZU İLƏ BAĞLI:
İsmayıllı-Qəbələ yolunda təmir nə vaxt yekunlaşacaq? – RƏSMİ AÇIQLAMA/VİDEO
Xatırladaq ki, layihə üçün ölkə başçısı tərəfindən AAYDA-ya 23 milyon 600 min manat vəsait ayrılıb.
Ayrılan vəsaitin aidiyyəti üzrə nə qədər xərclənməsi məlum olmasa da, Muğanlı-İsmayıllı-Qəbələ yolunda işlərin 31 %-i tamamlanıb.
2025-ci ildə yekunlaşdırılması nəzərdə tutulan və dövlət başçısının xüsusi tapşırığı ilə hazırlanan layihənin icrası üçün 2018-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,8 milyon manat ayrılıb.
Ardınca, 2019-cu ildə Prezident İlham Əliyev İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında növbəti sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, 3 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Sözügedən yolun inşasına ölkə başçısı tərəfindən növbəti vəsait 2020-ci ildə ayrılıb. Bu dəfə Prezident İlham Əliyev Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Yeni körpünün tikintisi məqsədilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 15,0 (on beş) milyon manat ayrılıb.
Hazırda həmin yolda vəziyyət necədir?
Bizim.Media Muğanlı-İsmayıllı- Qəbələ yolundakı son görüntüləri təqdim edir:
Alçina Amilqızı, Bizim.Media