Hər il minlərlə tələbə təhsil kreditindən yararlanır. Təhsil Tələbə Krediti Fonduna notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron müraciət edərək kreditdən yararlanmaq mümkündür.
Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin ümumilikdə 6714 nəfər bu imkandan yararlanıb.
Onlardan 2345 nəfərinin müraciəti sosial TTK, 4369 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
Kreditdən yararlanan tələbələrin bəziləri isə sonradan ödənişi ödəməkdən boyun qaçırır.
Bəs, görəsən bu krediti ödəməyən tələbələri nə gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, kreditin verilməsilə bərabər, bir sıra güzəştlər də həyata keçirilir:
MÖVZU İLƏ BAĞLI:
Altı mindən çox tələbəyə təhsil krediti VERİLMƏYİB - RƏSMİ
“Mövcud qaydalara görə hətta ödənişli təhsil alanlar semestr ərzində yaxşı nəticələr göstərsə onlara həm təhsil kreditinin faiz hissəsi, əsas məbləğin də həmin semestr üçün bağışlanması həyata keçirilir.
Ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olan şəxslərə təhsil haqlarının ödənməsi ilə bağlı dövlət tərəfindən güzəştli şərtlərlə Təhsil Tələbə Krediti Fondu vasitəsilə kreditlər verilir. Yəni kifayət qədər güzəşt edilir. 91 balı keçən tələbələr üçün əlavə güzəştlər nəzərdə tutulub”.
Ekspert qeyd edir ki, krediti götürən şəxslər 2 ildən sonra işlə təmin olunmalı və müvafiq kreditin əsas hissəsini geri ödəməyə başlamalıdırlar:
“Güzəştlərlə yanaşı geri qaytarma mexanizmi də var. Onlara müəyyən qədər vaxt verilir. Əgər 2 ildən sonra müvafiq kreditin geri ödənişini təmin etməsələr, xəbərdarlıqlar verilir. Ardınca isə mümkün qaydada məhkəməyə müraciət edilir.
Yəni mövcud qaydalara əsasən bu bank krediti ilə bərabər tutulur. Necə ki problemli kredit olaraq kredit götürənlərlə banklar münasibətlərini tənzimləyir, məhz təhsil krediti götürən şəxslərə də bu tətbiq edilə bilir.
Yəni təhsilini başa vuran şəxs 2 ildən sonra kreditini geri ödəməyə başlamalıdır. Hesab edirəm ki, kredit götürənlər sözügedən şərtləri nəzərə almalıdırlar. Tələbə kreditində cüzi faiz geri qaytarılır, yəni aylıq xərclər çox aşağıdır”.
K.Əsədov bildirir ki, ödəniş vaxtında həyata keçirilməsə, müvafiq olaraq təhsil tələbə fondunun vəsaitini verən banklar məhkəməyə müraciət edirlər:
“Həmin şəxslər kreditin məcburi şəkildə ödənilməsini tələb edirlər. O zaman da həmin şəxs mütləq şəkildə islah işlərinə cəlb edilir və oradan gələn gəlirlə kreditin ödənilməsi həyata keçirilir”.
Röyanə Oğuz, Bizim.Media