Nəsilləri kor edən müəllimlər: Onları bağışlamaq olarmı?

Nəsilləri kor edən müəllimlər: Onları bağışlamaq olarmı?

Hazırda oxunan: Nəsilləri kor edən müəllimlər: Onları bağışlamaq olarmı?

148379

Müəllimlər üçün sertifikasiya imtahanlarının keçirilməsi məktəblərdə dərs deyən, lakin kifayət qədər bacarıq və savad sahibi olmayan kadrları üzə çıxarmaqla bərabər, onlar üçün alternativ imkanların da müzakirəsinə səbəb oldu. Təhsil İnstitutunun bildirdiyinə görə, bu il sertifikasiyadan keçə bilməyən müəllimlər növbəti il müəllimlərin işə qəbulu imtahanında iştirak edərək keçid balını toplayıb yenidən məktəbdə fəaliyyətə başlaya bilərlər. 

Həmçinin qeyd olunub ki, 2022-ci ildə sertifikasiyadan kəsilmiş müəllimlər cari ildə yenidən uğursuz nəticə göstərsələr, onların əmək müqaviləsinə xitam verilə bilər. Bu qayda güzəşt tətbiq edilmiş müəllimlərə şamil deyil. 

Azəbaycanda müəllimlərin sertifikasiyası ilk dəfə 2022-ci ildə keçirilib. 11 min ibtidai sinif müəllimi imtahanda iştirak edib. Onlardan 2800-ü minimum keçid balını toplaya bilməyib. Əmək Məcəlləsində edilən dəyişikliyə əsasən sertifikasiyadan keçə bilməyən müəllimlərə yenidən şans veriləcək. Bu dəfə də kəsilənlər olarsa, onların əmək müqaviləsinə xitam veriləcək.

Bəziləri bu dəyişiliklə razılaşmır, neçə il müəllim işləyən şəxsin bir imtahanla işdən uzaqlaşdırılmasını düzgün hesab etmir.

Bu qərarı ədalətli sayanlar da az deyil. Onların arqumentlərini haqlı saymaq olar. Belə ki, uzun illər məktəbdə dərs deyən müəllim bilik və bacarığının yoxlanıldığı imtahandan kəsilirsə, demək, onun işinə xitam verilməsi heç də obyektivlikdən uzaq deyil. 

Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, deputat Razi Nurullayev sosial şəbəkə hesabında sertifikasiyadan kəsilən müəllimlərə daha bir şans verilməsini təklif edib. Deputat deyib ki, həmin müəllimlər üçün kurslar təşkil edilsin, qoy, həmin kurslara qatılmaqla savadlarını, bilik və bacarıqlarını artırsınlar.


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov isə deputatın fikirlərini dəstəkləmir. 

Ekspert açıqlamasında bildirib ki, söhbət təhsildən gedirsə, heç bir güzəştə yer olmamalıdır: 

“Razi bəyin fikirlərilə tanışam, açığı, bunu dəstəkləmirəm. Biz təhsil naminə mövqe ortaya qoyuruqsa, burada güzəştdən söhbət gedə bilməz. Təsəvvür edin, 10-15 il müəllim işləmiş şəxs elementar suallara cavab verə bilmirsə, o hansısa təlimlərə cəlb olunaraq müvəffəqiyyət əldə edə bilməz. Biz seçim etməliyik – təhsili seçirik yoxsa həmin müəllimləri?”. 

İ.Orucov təəssüflə qeyd edib ki, bu gün məktəblərimizdə savadsız müəllimlərin sayı az deyil. Bunlar kimlərdir? – vaxtilə saxta diplomla müəllim adı alanlar:

“Özüm də ixtisasca müəlliməm, mən də istəyərdim ki, uğurlu nəticələrin sayı çox olsun, məktəblərdə savadlı, bacarıqlı müəllimlər dərs desin. Təəssüflə deyirəm ki, reallıq başqadır. Vaxtilə pedaqoji kollec bitirənlər imtahan vermədən nəyinsə müqabilində gəlib məktəblərə dolanda, eyni zamanda qanunsuz köçürmələr yolu ilə Müəllimlər İnstitutunun filiallarında dırnaqarası təhsil alanda fikirləşmirdilər ki, bir vaxt gələcək, cavab verməli olacaqlar?! 

Əslində həmin müəllimlər şükr etməlidirlər ki, illərlə işləyiblər, onları çıxaran olmayıb. Neçə şagirdin savadsız yetişməsinə səbəb olublar, nəsilləri kor ediblər. Dövlət humanistlik göstərib, onları işlərindən uzaqlaşdırmayıb. Bu, aqressiya deyil, təhsil naminə etməli olduğumuzdur”. 

Cəmiyyətin gələcəyinin, dövlət üçün savadlı kadrların yetişməsinin təhsildən, müəllimdən asılı olduğunu vurğulayan eskpert onu da bildirib ki, savadlı, bacarıqlı müəllimlərimizin sayı kifayət qədərdir. 


Savadsızlarsa zamanında diplom alıb indi layiq olanların yerini zəbt ediblər. Bu da təhsilin keyfiyyətini aşağı salır. Kurs keçməklə imtahandan uğurlu nəticə əldə etmək mümkün deyil:

“Müəllimə hörmət etməliyik, amma savadsızları müdafiə etmək düzgün deyil. Bu, heç bir əndazəyə sığmır. Belə ediriksə, doğru etmirik. Müəllimlərin sertifikasiyası təzə başlayıb. Düşünürəm ki, bu proses ayrı-ayrılıqda cəmiyyətin bütün peşə sahələrini əhatə etməlidir. Təhsildən başlamağımız yaxşı oldu”. 

Fikirlərini sonadək müdafiə etdiyi deyən İ.Orucov sözlərinə belə davam edib: 

“Savadsız müəllimlər təhsildən uzaqlaşdırılmalıdır deyəndən sonra sosial şəbəkələrdə məni təhqir edənlər oldu. Müəllimlər müəllim adına yaraşmayan ifadələr yazdılar ünvanıma. Nalayiq sözlər işlədən kəslər özlərinə müəllim deyir. Bu, təəssüf doğurur. 

Razi bəyə hörmətim var, dostumuzdur. Lakin təklifini dəstəkləmirəm. Öz fikrimdə qalıram. Hesab edirəm ki, savadsız müəllimlərin gələcəyimizi məhv etməsinə göz yummaqdansa, onları vaxtında məktəblərdən xaric etmək ən ədalətli yanaşmadır. Bu fikri kiminsə çörəyinə bais olmaq üçün deyil, gələcəyimizi düşünməyimiz üçün deyirəm. 

Yeni təhsil standartları tətbiq etmək istəyiriksə, o zaman işini bilməyən şəxslərin pedaqoji fəaliyyətinə də son qoymalıyıq. Onların yerini  savadlı, bacarıqlı gənc kadrlar tutmalı, əməyi ilə müəllim adını uca tutan şəxslərin əmək haqqısı artırılmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO