İyul ayının 17-də Sabunçu rayonunda anası tərəfindən məişət tullantıları qutusuna atılan 10-15 günlük körpənin vəziyyəti stabildir.
Bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında Klinik tibbi Mərkəzin mətbuat katibi Aqşin Ağayev bildirib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda körpəsini zibil qutusuna atan qadının kimliyi BİLİNDİ - YENİLƏNİB
Onun sözlərinə görə Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulan körpənin müalicəsi TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasında davam etdirilir:
“Körpənin vəziyyəti stabildir, göbəyi düşüb, qidalanması normaldır. Qızdırma müşahidə edilmir. Sidik, nəcis ifrazı normaldır. Hazırda götürülmüş analiz nəticələrinin, digər lazımı analizlərin götürülməsi və müalicəsi davam etdirilir”.
Xatırladaq ki, yeni doğulan körpə iyulun 18-də 1 saylı Körpələr Evinin göndərişi əsasında Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına yerləşdirilib. Ona mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulmuşdu.
Qeyd edək ki, iyulun 17-də uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər.
Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.
Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.
İyulun 20-də Sabunçu Rayon Məhkəməsi tərəfindən Səbinə Qasımova barəsində cinayət işi açılıb.
Alçina Amilqızı, Bizim.Media