Azərbaycan qapanmaya hazırlaşır? - EKSPERTDƏN AÇIQLAMA

Azərbaycan qapanmaya hazırlaşır? - EKSPERTDƏN AÇIQLAMA

Hazırda oxunan: Azərbaycan qapanmaya hazırlaşır? - EKSPERTDƏN AÇIQLAMA

14804

Novruz bayramı ərəfəsində Azərbaycanda koronavirusa yoluxmanın artması insanları və aidiyyati qurumları narahat etməyə başlayıb. Yoluxanların, ölüm hallarının və aktiv xəstə sayının çoxalması ya bayramqabağı, ya da sonrası yeni qapanmaların olacağından xəbər verir.

Bəzi həkim-mütəxəssislər də bu səpkili şərhlərində bayramdan sonra yoluxmanın artacağını və karantin qaydalarının sərtləşəcəyini istisna etmirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

İlin çoxunu karantində keçirmişik - Nazirlər Kabineti günləri saydı


Epidemioloji vəziyyətin pisləşməsi Azərbaycanla yanaşı qonşu ölkələrdə də baş verib. Gürcüstan, Türkiyə və Rusiyada yoluxma 7-8 faiz artıb. Buna baxmayaraq həmin ölkələrdə qapanmaların əvəzinə açılmalara gedilir. 
 

Gürcüstanda bu gündən etibarən bəzi məhdudiyyətlər götürülüb. Belə ki, idman zalları, fitnes mərkəzləri açılır, ali təhsil müəssisələrində və kolleclərdə tam əyani təhsilə, auditoriyalarda mühazirələr oxunmasına icazə verilib.


Məktəblərdə dərnəklər fəaliyyətə başlayıb. Teatr, idman klubları və peşəkar ansambllar da məşqlərə başlayıb, aprelin 1-dən isə tam fəaliyyətə başlayacaqlar. Azərbaycanda isə əksinə, yenidən qapanma olacağı ilə bağlı söyləntilər var.

Üstəlik qapanmanın peyvəndləmə prosesində tətbiq ediləcəyi müəyyən suallar yaradıb. 

Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında koronavirusla bağlı epidemioloji vəziyyətin ayrı-ayrı ölkələrdə müxtəlif cür olduğunu deyib:
 

“Biz hansısa ölkənin təcrübəsindən deyil, Dünya Səhiyyə Təşkilatının tövsiyyələri əsasında hərəkət edirik. Əgər epidemioloji vəziyyət pisləşərsə, təbii ki, karantin qaydaları da sərtləşdirilə bilər.


Bayram ərəfəsində, karantin qaydalarının sərtləşməsi məqsədəuyğun deyil. Çalışmaq lazımdır ki, insanlar özləri də vətəndaş məsuliyyəti göstərsinlər və qapalı mühitdə karantin davranışlarına əməl etsinlər. İctimai nəqliyyatda qayda-qanun yaratmaq lazımdır. Bayramı heç olmaya normal keçirə bilək. Vaksinasiyaya gəlincə, cəmi yarım milyon adam peyvənd olunub.

Onların da immunitetinin formalaşmasına yarım ay vaxt lazımdır. Vaksin olunmaq hələ hər şey demək deyil. Bu baxımdan bu qaydalara riayət etmək şərtdir”.

Qeyd edək ki, Azərbaycanda bir ildən çoxdur ki, koronavirus pandemiyasına görə idman zalları, finnes klubları, teatr və kino zalları, iri ticarət mərkəzləri, eləcə də mollar bağlıdır.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO