Hövsanın mərkəzi küçəsi kimlər tərəfindən ZƏBT OLUNUB? - VİDEO 

Hövsanın mərkəzi küçəsi kimlər tərəfindən ZƏBT OLUNUB? - VİDEO 

Hazırda oxunan: Hövsanın mərkəzi küçəsi kimlər tərəfindən ZƏBT OLUNUB? - VİDEO 

148011

Hövsan qəsəbəsinin mərkəzi küçəsindəki ticarətlə bağlı xaos davam edir. Aylardır sakinlərin müraciəti əsasında bir neçə dəfə gündəmə gətirdiyimiz məsələ həllini tapmır. Nə qanunsuz küçə ticarətinə son qoyulur, nə qə ərazi üzrə hüquq mühafizə orqanları tərəfindən məsələyə müdaxilə edilir. 

Uzun müddətdir qəsəbənin “Suraxanski” deyilən ərazisindən “Şüşəli bazar”a qədər məsafədə səki boyu qanunsuz küçə ticarəti aparılır.
 

MÖVZU İLƏ BAĞLI:

Hövsanda bu küçə XAOS içində - Qanunla qadağan edilən küçə ticarətinə niyə SON QOYULMUR?  


İnsanların rahat gediş-gəliş üçün maneələrin yaradıldığı ərazidə antisanitariya hökm sürür. Yol boyu düzülmüş səliqəsiz piştaxtalar, səpələnmiş boş sellofan və qutular, ərazini bürüyən üfunət sakinləri ciddi narahat etməyə başlayıb. Üstəlik ərazidən istifadə edənlər sıxlıqla yanaşı, ticarətlə məşğul olanların bir-birlərinə qeyri-etik davranışlarından, söyüş və kobud  ifadələrindən təngə gəliblər. 

Bu dəfə Bizim.Media-ya şikayətlənən sakinlər son vaxtlar qeyd olunan ərazidə vəziyyətin dözülməz olduğunu bildiriblər.

Dediklərinə görə mövsümlə əlaqədar ticarətçilər piştaxtalarının sayını çoxaldıb. Ərazini bir qədər də zəbt ediblər və daha xaotik mənzərə yaranıb. Səkidən də rahatlıqla istifadə etmək mümkünsüz olub. Sakinlər hərəkətə mane olan pərakəndə ticarətin bazara köçürülməsini və ya səliqə ilə boş ərazilərdən birində nizamlanmasını tələb edirlər.

Ərazi üzrə hüquq-mühafizə orqanları isə problemi illərdir ki, görməzdən gəlir. Qanunsuz küçə ticarətinə nəinki mane olurlar, ərazidəki xaosla bağlı duruma belə heç bir müdaxilə etmirlər. 

Qeyd edək ki, təxminən 70 min nəfər əhalisi olan Hövsan qəsəbəsində yalnız bir bazar fəaliyyət göstərir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov məsələ ilə bağlı araşdırma apardıqdan sonra məlumat verəcəyini desə də, on gündən artıqdır ki, sorğumuzu cavabsız qoyub. Suraxanı Rayon İcra Hakimiyyəti də sorğumuza cavab verməkdən imtina edib.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunsuz küçə ticarəti, yəni Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat məbləğində cərimə edilir.
Vergi qanunvericiliyinin pozulması hallarına gəldikdə isə küçə ticarəti ilə məşğul olan şəxsə sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanında vergi uçotuna alınmadığı halda 40 manat məbləğində, əhali ilə nağd pul hesablaşmalarını nəzarət kassa aparatı və ya ciddi hesabat blankları tətbiq etmədən apardığı halda təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat məbləğində, ikinci dəfə yol verildikdə 800 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.



Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO