\

\"Kişilər qadın usta olduğum üçün məni seçirlər\" - Nurlana Əsədullayeva - FOTOLAR

Hazırda oxunan: \"Kişilər qadın usta olduğum üçün məni seçirlər\" - Nurlana Əsədullayeva - FOTOLAR

14779

"Əvvəllər heç əlimdə qayçı tutmağı da bilmirdim. İşsiz idim, hər hansı bir işə ehtiyacım var idi. Demək olar ki, hər gün iş axtarırdım. İlk qarşıma çıxan iş bərbər köməkçisi oldu. Beləcə, 2015-ci ildə salonda bərbər köməkçisi olaraq işə başladım, 2 il belə işlədim.

Bundan sonra artıq məndə bu işə maraq yarandı. Bu işi peşəkarcasına öyrənib sərbəst olaraq çalışmaq istədim, peşə təhsili aldım.

Bir il peşəkar usta tərəfindən həm nəzəriyyə, həm də praktik olaraq peşənin incəliklərini öyrəndim".

Bizim.Media xəbər verir ki, bu fikirləri “Sputnik.az”a açıqlamasında 6 ildir kişi salonunda bərbər işləyən iki övlad anası, 37 yaşlı Nurlana Əsədullayeva deyib.

Onun sözlərinə görə, seçimi cəmiyyətdə birmənalı qarşılanmır:

“Qadını daha çox müəllim, həkim kimi görməyə alışan bir cəmiyyətdə böyümüşük. Mən isə kişilərə xas olduğu deyilən bir peşədə çalışaraq hər zaman özümü sübut etməyə çalışmışam ki, qadın yalnız müəllim, həkim deyil, başqa peşələrdə də çalışa bilər, yalnız bozbaş bişirmir”.

Nurlana Əsədullayevanın fikrincə, cəmiyyətimizdə çətinlik yaradan çoxsaylı stereotiplər var:

“Məsələn, qadının kişi bərbəri kimi çalışması normal qarşılanmasa da, kişinin qadın saç ustası olması, rənglərlə işləməsi təəccüb doğurmur. Bəzi müştərilər də təəssüf ki, peşəkar saç kəsiminə görə deyil, məhz qadın usta olduğun üçün səni seçirlər. Bu da mənə çətinlik yaradır.

Təbii ki, bu kimi düşüncələrin olması mənim üçün heç də xoş deyil. Məncə, artıq bu stereotiplərin qırılmasının zamanı gəlib".

Hər gün saat 10:00-dan axşam 21:00-dək iş başında olan Nurlana xanım bacardığı qədər 12 yaşlı qızına və 10 yaşlı oğluna da zaman ayırır. Evdə olduğu günlərdə birgə gəzintiyə çıxır.

Bizim.Media












© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO