Kürdəmirdə 5 kəndin 3 ildir həkimsiz qalan TİBB MƏNTƏQƏSİ – “İlanlar yuva salıb...” – FOTO 

Kürdəmirdə 5 kəndin 3 ildir həkimsiz qalan TİBB MƏNTƏQƏSİ – “İlanlar yuva salıb...” – FOTO 

Hazırda oxunan: Kürdəmirdə 5 kəndin 3 ildir həkimsiz qalan TİBB MƏNTƏQƏSİ – “İlanlar yuva salıb...” – FOTO 

146967

Kürdəmirin Şüşün kəndinin bərbad vəziyyətdə olan tibb məntəqəsi 20 il əvvəl istifadəyə verilsə də son 3 ildə bu məntəqədə nə həkim var, nə də dərman. Acınacaqlı vəziyyətdə olan tibbi məntəqəsinin bu halından sakinlər də təngə gəliblər. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Kürdəmirin ucqar kəndlərindən olan Şüşün kəndi rayon ərazisindən 30 km uzaqlıqda yerləşir. 

Kənddə 20 il öncə tikilib istifadəyə verilən tibb məntəqəsi 5 kəndin 7 mindən çox əhalisinə o cümlədən Qaramahmudlu, Sovla, Şüşün, Köhünlü və Söyüdlər kəndlərinə xidmət etmək üçün nəzərdə tutulub. Bu günə kimi bir dəfədə olsun aidiyyatı qurumlar tərəfindən təmir edilməyən tibb məntəqəsi hazırda ilan-qurbağa yuvasına çevrilib. Belə ki, məntəqənin nə həkimi, nə avadanlığı, nə işığı, nə suyu var, döşəməsi isə çürüyüb.

Sakinlər mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyatı üzrə müraciət etsələr də bu günə kim onların harayına çatan olmayıb. 

Kənd sakini Aydın Tağıyev Bizim.Media-nın yerli bürosuna bildirib ki, 3 ildir, məntəqədə həkim yoxdur:

“Bu gün yıxılsam, təcili yardım mən öləndən sonra gəlib çatacaq. Ondan sonra gələn təcili yardım heç kimə lazım deyil. Həyatım yoldaşım bu yaxınlarda xəstələnmişdi. Apardım Kürdəmir rayon xəstəxanasına. Orda baxdılar, müalicə yazdılar, gətirdim gördüm ki, vəziyyət elə də yaxşı deyil. Mən də çox götür qoy edəndən sonra uşaqların köməyi ilə onu Bakıya apardım. 

Burda bizə bir yardım edən həkim tapmadıq. İndi mən xahiş edirəm, gəlsinlər, bu xəstəxana haqqında tədbir görsünlər, həkim yollamırlarsa, söküb aparıb başqa yerdə tiksinlər. 5 kəndin həkimi yoxdu. Bir də dərman lazımdır, aptekimiz yoxdur. Dərman almaq üçün burdan gedən taksilərə pul verməliyik ki, alıb gətirsinlər. Ya da özün rayon mərkəzinə getməlisən. Belə olan halda da 5 manatlıq dərman yol xərci ilə bir yerdə 25 manata başa gəlir”. 

Digər müsahibimiz İsa Tağıyev deyir ki, səhiyyə barəsində problemləri həddindən artıqdır:

“Çünki Kürdəmir rayonunun ucqar kəndlərində yaşayırıq. Təcili yardıma ehtiyacımız olanda gəlib çıxmır, yəni çox gec gəlir. Bu saat təzyiqi olan, şəkəri qalxan olsa, bu 5 kənddə ona yardım edəcək bir həkim yoxdur. Respublikada peşəkar həkimlərimiz var, mütəmadi olaraq rayonlara səfər edib gəlirlər. 

Məhz bu kəndin 1178 nəfər əhalisi var səhiyyəmizin durumu isə göz önündədir. Başqa problemimiz aptekimiz yox dərman ala bilmirik. 5 kənddən heç olmasa birində aptek olsa, yaxın məsafədə gedib dərman alarıq. Şəkər xəstələrimiz də var. Onlar dərman almaq üçün rayon mərkəzinə getməli olurlar”. 

Digər kənd sakini Şölə Qənbərova isə qeyd edib ki, tibb məntəqəsinin binası ilan yuvasına çevrilib:

“Döşəmələr də çürüyüb. Mən özüm şəkər xəstəsiyəm, şəkərim yüksələndə ölümlə üzləşirəm. Rayon mərkəzinə isə məsafə 30 kilometrdir. Dərmanları gedib rayon apteklərindən alırıq, oda bizə baha başa gəlir”.

Qeyd edək ki, hazırda istismara yarasız olan bu tibb məntəqəsi qonşu kənddən olan tibb bacısı Dilbər Əlhəsənovaya həvalə olunub.

Dilbər Əlhəsənova məntəqənin 2 aydır ona həvalə olunduğunu bildirib:

“Mən də gəlib vəziyyəti görəndə başa düşdüm ki, burada nəinki xəstə qəbul etmək, heç iynə vurub, sistem də qoşmaq olmaz. Gördüyünüz kimi hər tərəf bərbad vəziyyətdədir, əsaslı təmirə ehtiyac var. Aidiyyəti qurumlardan vəziyyətlə yerində tanış olub, müvafiq tədbirlər görmələrini xahiş edirəm. Çünki burada işləmək üçün heç bir şərait yoxdur, hətta işıq sistemləri də məhv olub. 

Tibb məntəqəsində xadimə işləyən Tükəzban Rüstəmova da tibb məntəqəsində ilanların çox olmasından şikayətlənib. 

Problemlə bağlı Kürdəmir rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə üz tutduq. Qurumun əməkdaşı Rasim Əzizov Şüşün kəndinin tibb məntəqəsindəki durumdan xəbərdar olduqlarını bildirib.

“Həmin tibb mənətəqəsində olan tibb işçimiz dünyasını dəyişib, hal-hazırda həmin məntəqəyə qonşu kəndin tibb işçisinə həvalə eləmişik”. 

Qurum rəsmisi problemlə bağlı aidiyyəti üzrə müraciət etdiklərini də vurğulayıb:

“Onların qərarını gözləyirik. Yalnız müvafiq ərardan sonra orda təmir işləri aparılacaq. Və yeni kadr gələn kimi, onu müvafiq məntəqəyə yönləndirəcəyik. Yaxın zamanlarda, yəqin ki, ilin sonuna qədər bu işlərin görülməsi nəzərdə tutulur”.

Məsələ ilə bağlı  Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elvin Hacıyev isə qeyd edib ki, sözügedən tibb müəssisəsi ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) müraciət daxil olmalıdır: 

“Müraciət (şikayət) daxil olduğu təqdirdə TƏBİB-in nümayəndələri məntəqəyə baxış keçirirlər. Müəssisənin yenidən inşası məqsədəuyğun hesab edilirsə, TƏBİB Səhiyyə Nazirliyinə tikintinin həyata keçirilməsi ilə əlaqədar müraciət edir. Bundan sonra müəssisə İnvestisiya Planına salınır və tikintisi həyata keçirilir”.



Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO