Bu gün şəhid Xudayar Yusifzadənin doğum GÜNÜDÜR 

Bu gün şəhid Xudayar Yusifzadənin doğum GÜNÜDÜR 

Hazırda oxunan: Bu gün şəhid Xudayar Yusifzadənin doğum GÜNÜDÜR 

146326

Şəhid gizir Xudayar Yusifzadə 44 günlük Vətən müharibəsində təkcə qəhramanlığı və göstərdiyi şücaətləri ilə deyil, eyni zamanda nəğməkarlığı, füsunkar səsi və "Vətən yaxşıdır" mahnısı ifa etməklə Azərbaycan tarixində iz buraxdı və böyük bir dastan yazdı.

Bizim.Media xatırladır ki, Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Atası Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu olub, anası isə İradə Qurbanova evdar xanımdır. Xudayarın özündən başqa 2 qardaşı və 1 bacısı vardı. Özü isə evin kiçik uşağı olub. 

Atası Müslüm onun doğumundan 24 gün sonra vəfat edib.

2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil aldıqdan sonra 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etdirir və marketlərin birində mühafizəçi olaraq çalışır. Bir müddət sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Kursdan keçdikdən sonra "kiçik gizir" hərbi rütbəsi alıb.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edir. 

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edir. Əvvəlcə, Füzuli rayonunda sərhəd məntəqəsində xidmətə başlayır, sonra isə müharibədə döyüşərək xidmətinə davam etdirir. 

Xudayar Murovdağın, Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 22-də Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Xudayar Yusifzadə Vətən müharibəsinin şəhidi, “Vətən yaxşıdır” mahnısı ilə könüllərdə taxt qurub.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO