Nadir kitabxanası ilə gələcəyə böyük xəzinə qoyan YOL MÜHƏNDİSİ – FOTOREPORTAJ 

Nadir kitabxanası ilə gələcəyə böyük xəzinə qoyan YOL MÜHƏNDİSİ – FOTOREPORTAJ 

Hazırda oxunan: Nadir kitabxanası ilə gələcəyə böyük xəzinə qoyan YOL MÜHƏNDİSİ – FOTOREPORTAJ 

146229

Ömrü yollarda keçən insanlar... Bəli, elə peşə, sənət sahələri var ki,  həmin işdə çalışan insanlar daim yollarda olur. Ömrünü yol mühəndisliyinə həsr edən, Şimal-Qərb bölgəsində yol tikintisi və körpü inşaat işləri həyata keçirən, layihələndirən, “Tərəqqi” medallı Mövlud Qəhrəmanov da belə insanlardan biridir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, öz işinin dərin bilicisi olan Mövlud müəllim həm də özəl kitabxanası, xüsusən peşəsinə aid nadir kitabları ilə bu sahədə ölkəmizdə tanınan yeganə mütəxəsislərdən sayılır.   

Yarım əsir yol və körpü tikintisində keçən ömür 

Ömrünün 50 ildən çoxunu Şimal-Qərb bölgəsinin yol və körpü tikintisinə həsr edən “Tərəqqi” medallı Mövlud Qəhrəmanovun kitabxanasındayıq. Bu kitabxana bir neçə bölmədən ibarətdir.

Burada Azərbaycan və dünya ədəbiyyatı ilə yanaşı, eynən Azərbaycan və dünyanın texniki göstəricilərinə aid yol və körpü tikintisinə dair hər cür ensklopedik məlumatlara rast gəlmək mümkündür. Bu kitabxanada 3 mindən çox kitab qorunur.

Mövlud müəllimin bu kitabxanası hər zaman onu iş otağında toplanardı. Təqaüdçü olandan sonra kitabxanasını evində “Xəzinə otaq” dediyi ən sakit və rahat məkana köçürüb. Onunla ünsüyyət qurmaq, danışmaq insanda xoş aura yaradır. Hansı mövzuda danışsan, həmən əlini kitabxananın bir küncünə atır və “Bax bununla bağlı filan dahi ya da filan filosof belə deyib”-deyə, mütləq əlavəsi olacaq. 

“Bəs bu kitablara maraq ondan hardan yaranıb?” - deyə, müsahibimə sual ünvanladım:

“Hələ kəndimizdə balaca bir kitabxana var idi. Mən 4-5-ci siniflərdə o kitabxanadakı kitabların hamısını oxumuşdum. Kitaba uşaqlığımdan aludə olmuşam. Ali məktəb illərində kitabla yatıb-dururdu o zamankı gənclər. Baxın, bu kitabxanada da mənim uşaqlıq illərimin yadigarları, mənim əlimdən tutub bu səviyyəyə qalxmağıma yardımçı olan kitabları qoruyuram”.

Övladlarım qədər bu kitablar mənə əzizdir. 

Hər gün ən azı bir iki saat bu guşəyə çəkilir, kitab oxuyur, məlumatlarını yeniləyir. Bu kitablar sırasında onun uşaqlıq illərindən yağılıb qalan da var, sonrakı illərdə aldığı da. O, səfərə getdiyi şəhərdə ya qonaq olduğu evdə belə ilk növbədə kitabla maraqlanıb, həmin ailənin kitab ruhlu olub-olmadığını müəyyənləşdirir. 

Kitabxananın səliqəli və təmiz olmasına ciddi fikir verir. Deyir bu çox vacibdir: 

“Bəzən gecə elə bir məqamda yadıma hansısa əsərdən bir epizod düşür ki, sanki unutmuşam. Həmən yerimdən qalxıb gəlib oranı vərəqləyirəm.  Bəzən də yol və körpü tikintisi ilə bağlı yeniyetmə və gənclərin müraciəti olur. Ona görə həmin texniki ədəbiyyatlar da mütləq yenidən vərəqlənməlidir”. 

Mövlud müəllimin kitabları hansı qayda ilə düzməsi ilə maraqlanırıq. Heç tərəddüd etmədən elə yerindən göstərir:     

“Ensklopediyalar, baxın, aşağıda bağlı şkaflardadır. Yol tikintisinə dair istənilən kitabım var, yəni yolun nəzəri mexanika, materialların müqaviməti, inşaaat mexanikası, dəmir-beton hesabatı, metalların hesabatı, bütün hesabatlara aid kitablar, mühəndislərə aid məlumatlar olan kitablar bax, sağ tərəfdə üçüncü sırada yer alır. Sonra, baxın arxamda olan əsərlər dedektiv əsərlərdir. Sonradan dedektivə də aludə oldum. 

Tarixi şəxsiyyətləri araşdırmaq, onların həyatını öyrənmək sanki hobbimə çevrilib. Məsələn, Atilladan tutmuş Çingiz xana , Ağqoyunlular, qaraqoyunlular, bizim Atabəylər bunların fəaliyyətinə dair bütün kitabları yğımışam. Əlbəttə, ulu öndər Heydər Əliyevlə bağlı kitabxanamda kitablar az deyil. Keçmiş sovetlər birliyi dövründə dahi insanla bağlı dərc edilən nəşrlərin də kitabxanamda yer alıb”.

Kitablara xərclədiyi pulu bəzən ailəsindən əsirgəyib.

- Bəs Mövlud müəllimin kitabxanasında hansı kitabları varki, onların dəyəri daha çoxdur? Ən bahalı kitabı hardan almısız?

“Məsələn, 1988-ci ildə Moskvanın Bukinis mağazasından Qurani-Kərimin tərcüməsini almışam. 300 manatdan aşağı vermirdilər. Bir kitaba 300 manat vermişəm. O dövr üçün böyük pul idi. Yəni, elə ədəbiyatlar çoxdu məndə” deyən, Mövlud müəllim bir sirri də ilk dəfə bizimlə bölüşür. 

Deyir hamı gəzməyə gedəndə mən kitabxanalardan başlayırdım. Ailəm yanımda olanda onlar da bilirdi ki, kitablardan sonra bazar-dükan olacaq. Elə də olub ki, pulum çatmayıb, xanımından borc alıb. Bir sözlə kitab sevdalısı olan bu insan qarşısına çıxan və bəyəndəyi əsərləri almağa heç vaxt xəsislik etməyib.    

Dövlət əməyini qiymətləndirib. 

Mövlud Qəhrəmanovun əməyi dövlətimiz tərəfindən müxtəlif fəxri fərman və medallarla qiymətləndirilib. O, həmçinin “Tərəqqi” medalına layiq görülüb. Artıq bir neçə ildir təqaüdə çıxıb.

Lakin bu gün də bilik və bacarığını gənc mütəxəssislərdən əsirgəmir. Arxivindəki elmi ədəbiyyatları yeniləməklə yanaşı onları oxuyub, tətbiq sahələrini öyrənir, istinad edir, özünü dolğun məlumatlarla zənginləşdirir. Çünki hər an, hər saat ondan kimsə nəsə öyrənə bilər.   














Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO