ASAN və DOST ola-ola arayışları niyə hələ də “JEK”dən ALIRIQ? – Mərkəz direktorundan İRAD 

ASAN və DOST ola-ola arayışları niyə hələ də “JEK”dən ALIRIQ? – Mərkəz direktorundan İRAD 

Hazırda oxunan: ASAN və DOST ola-ola arayışları niyə hələ də “JEK”dən ALIRIQ? – Mərkəz direktorundan İRAD 

146028

Vətəndaşlar hələ də "Yaşayış yeri haqqında arayış" əldə etmək üçün mənzil-kommunal istismar idarəsinə (MKİİ) müraciət edirlər. Halbuki illər əvvəl informasiya texnologiyaları əsasında qurulmuş Elektron hökumət portalının xidməti tam olaraq qeyd etdiyimiz məsələ üçün ərsəyə gəlmişdi. 

Hələ Məlumat Hesablama Mərkəzindən (MHM) bildirilmişdi ki, “Elektron Hökumət” portalı tərəfindən təqdim olunan “Yaşayış yeri haqqında arayış” xidmətindən istifadə etməklə, heç bir yerə müraciət etmədən, növbə gözləmədən və vaxt itkisinə yol vermədən rahat bir şəkildə arayışı əldə etmək mümkündür. Amma hazırki reallıq tam olaraq bunun əksini deyir. 

Problem isə ondadır ki, Mənzil Məcəlləsi birmənalı olaraq əhali arasında daha çox “JEK” kimi tanınan Mənzil İstismar Sahələrinin fəaliyyətini qadağan edir. Ümumiyyətlə “JEK”-lərin varlığı haqqında bu məcəllədə heç bir bənd də yoxdur.
Buna baxmayaraq, bu qurumlar qanunsuz fəaliyyətini davam etdirməklə yanaşı, vətəndaşlara pul müqabilində arayışlar verir. Yəni qanunsuz qurumun verdiyi arayışlar da qanunsuz sayılır.

Ölkədə ASAN, DOST və ABAD kimi sosial xidmətlər agentlikləri mövcud olduğu halda arayışların hələ də “JEK”-lərdən alınması gülünc doğurur. 

Axı adlarını çəkdiyimiz mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.

Bəs, bu məsələ niyə kökündən həll olunmur? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, ölkədə elektronlaşma dövlət xidmətlərinin elektronlaşması və vahid sistem halında birləşməsində mövcud olan problemin nəticəsidir:
 

MÖVZU İLƏ BAĞLI:

“ASAN xidmət”lə bağlı YENİLİK - Bu sənədlər tələb EDİLMƏYƏCƏK


“Sosial Tədqiqatlar Mərkəzi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022—2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 4 və 9-cu bəndi üzrə əsas icraçı təşkilatdır. Milli Fəaliyyət Planı qüvvədə olduğu dövrdə, yəni 2022-2026-cı illərdə əhalinin dövlət xidmətlərindən məmnunluğu və dövlət xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsini həyata keçirəcək. 

Bu yaxınlarda 2022-ci il üçün hesabatımız da artıq dərc olundu və ictimaiyyətə təqdim olundu.

Hazırda 1160-dan yuxarı dövlət xidmətinin 550-dən çoxu elektronlaşmış və ya avtomatlaşdırılmış xidmətlər adlanır.

Amma əslində araşdırma aparanda gördük ki, elekronlaşmış və avtomatlaşdırılmış xidmətlərin bir çoxu ya yarımçıq xidmətlərdir (ola bilər obyektiv səbəblərdən tam elektronlaşdırmaq mümkün olmur), ya da sırf subyektiv səbəblərə görə elektronlaşma başa çatmayıb. 

Bir dövlət orqanı bir xidməti göstərmək üçün digər dövlət orqanının öz elektron bazasına çıxışı yoxdur. Yaxud həmin dövlət orqanında elektron baza hələ də yaradılmayıb. Qeyd etdiyiniz arayışlarla bağlı da belə bir problem var.
Təəssüf ki, bu ölkədə elektronlaşma dövlət xidmətlərinin elektronlaşması və vahid sistem halında birləşməsində mövcud olan problemin nəticəsidir. 

Ya dövlət orqanlarının elektron sistemləri bir-birinə inteqrasiya olunmayıb, ya dövlət orqanlarının elektron sistemləri proqram təminatı baxımından bir-birindən fərqlənir, ya da dövlət orqanları özlərinə aid bütün məlumatları elektronlaşdırmayıb.

Hətta elektron xidmətlər adı altında göstərilən xidmətlərdə də kağız daşıyıcıları almaq, əldə etmək və gətirmək lazımdır. Bu, ciddi bir problemdir”. 

Sahib Məmmədovun sözlərinə görə qeyd etdiyimiz Milli Fəaliyyət Planında vahid elektron bazanın yaradılması, vahid qanunvericilik sistemi üzərindən keçilməsi ilə əlaqədar tədbirlər nəzərdə tutulub:

“Nə dərəcədə icra olunacaq, deyə bilmərəm. Azərbaycanda illərdir ki, işlər gedir. Bəzi dövlət orqanları dəfələrlə elektron xidmətləri yaradıb. Yarımçıq qalıb, başa çatmayıb və nəticədə biz qonşu ölkələrdən, hətta Qazaxıstandan geri qalmışıq.

Hələ də şəxsiyyət vəsiqəmizdə elektron imza yoxdur. Bunu etmək çox asan bir məsələdir. Yeni nəsil şəxsiyyət vəsiqələrində belə elektron imza yoxdur. 

Halbuki qonşu və digər ölkələrin çoxu elektron şəxsiyyət vəsiqəsi tipinə keçib. Biz hələ də gedirik ASAN Xidmətdən şəxsiyyət vəsiqəsi alırıq, onu dəyişdiririk və s...Bütün bunlar elektronlaşmanın sistemli şəkildə aparılmaması, qanunvericilik sisteminin geridə qalması və elektronlaşmaya şərait yaratmaması, eləcə də elektronlaşmada vahid yanaşmanın olmaması ilə bağlıdır”. 

Alçina Amilqızı, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO