8-9 iyul 2023-cü il tarixlərində “Heydər Əliyev İli” çərçivəsində və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bir qrup əməkdaşı Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş ediblər.
XİN-dən Bizim.Media-ya bildirilib ki, yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəklərində düşərgə salaraq, növbəti gün oradan tam heyətdə öncədən müəyyənləşdirilmiş marşrut üzrə, xüsusi bələdçilərin müşayiəti ilə zirvəyə doğru davam ediblər. Relyefin mürəkkəb olmasına baxmayaraq, böyük ruh yüksəkliyi və əzmkarlıqla irəliləyən heyət zirvəni fəth edərək Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra yürüş iştirakçıları üzərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü əks etdirən bannerin fonunda xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, 9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.
Bizim.Media