Zaqatalada qorxulu kabusa çevrilən İTLƏR -

Zaqatalada qorxulu kabusa çevrilən İTLƏR - "Heyvansevərlər maneə törədir"

Hazırda oxunan: Zaqatalada qorxulu kabusa çevrilən İTLƏR - "Heyvansevərlər maneə törədir"

145203

Son vaxtlar Zaqatalanın mərkəzi küçələrində, parklarda sahibsiz itlərin sayının xeyli artdığının şahidi oluruq.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onlar insan həyatı üçün real təhlükə yaradır. Çünki bu cür itlər quduzluq və digər yoluxucu xəstəliklərin daşıyıcılarıdır. 

Həmçinin tez-tez sahibsiz itlərin ətrafdakı insanlara hücum etməsini müşahidə edirik. Bu da insanların, xüsusən də valideynlərin narazılığına səbəb olur. Baş verən xoşagəlməz hadisələrdən məlum olur ki, sahibsiz itlər daha çox uşaqlara hücum edir. 

Hər küçədə, hər dalanda… 



Onlarla hər küçədə, hər dalanda qarşılaşmaq mümkündür. Cəmi yarım saat bəs edir ki, Zaqatala şəhər ərazisində istənilən küçə və döngədə, insanların sıx hərəkət etdiyi yollarda sahibsiz itlərə rast gələsən. Hətta sakinlərin istirahəti üçün nəzərdə tutulan besetkalarda belə onlar daldalanır. Yolumuza davam edib şəhərin yeni yaşayış massivinə yönəlirik. Və bir neçə azyaşlının küçənin kənarında dayanıb həyəcanla gözlədiyi diqqətimizdən yayınmır. Məlum olur ki, onlardan 20-25 metr aralıda küçənin sağ və solunda iki sahibsiz it yatıb və…

Azyaşlılara yaxınlaşıb tanış oluruq. 

Murad Babayevin 9 yaşı var. Mağazaya gəlib, indi geri dönməkdə çətinlik yaşayır. Əli ilə itləri göstərərək: " Orada-yolun ortasında itlər dayanıb, ona görə gedə bilmirəm evə. Baxçadakı xala xilas eləmişdi bir dəfə də".

Digər həmsöhbətim isə 11 yaşlı Aqşin Sulxayevdir. “Çörək almağa getmişdim, bu mağaza bağlı idi. Qayıdanda gördüm düz burada oturub. Mən getdim yan tərəfə ki, üstümə cummasın, yavaş-yavaş üstümə gəldi deyə, geri qayıtdım. İndi məhəlləmizdən yaşlı bir adam gəlməlidir ki, evə qayıdım. Yoxsa üstümüzə cumurlar” deyir və həyəcanını gizlədə bilmir. 

Sanki hamı itini bura azdırıb.



Təəssüf ki, son vaxtlar şəhər ərazisində bu kimi faktlar daha da artmaqdadır. Elə ən qorxulusu da hücum edən itin quduz olması təhlükəsidir. Uşaqlarla söhbət etdiyimiz məqamda bir nəfər yaxınlaşır. Xosu Zulmanov mətbuatdan olduğumuzu bilincə sanki dərdi təzələnir. Dərindən bir ah çəkir və təəssüfünü gizlədə bilmir.  

“Qəsəbədə itlərin əlindən bezmişik. Uşaqlar çölə çıxmağa qorxur, biz özümüz də qorxuruq axşam gələndə ya işıqlar yanmır. Bütün hər yerdə it var. Bir deyil, iki deyil, yüzlərlə. Bunun bir çarəsi yoxmu?!" deyə, sual edən Xosu kişi müvafiq təşkilatlara dəfələrlə müraciət etdiklərini lakin bir tədbir görülmədiyini qeyd edir. 

Göz görə -görə on baş qoyunu parçaladılar.

Uşaqları maşınımıza mindirib evlərinə tərəf aparırıq. Hər ikisini qapılarına düşürüb valideynlərinə təhvil verən zaman daha bir sakinin haqlı narazılığı ilə qarşılaşırıq.

Göyəm kənd sakini Xəyal Boliyev sahibsiz itlərdən zərər çəkənlərdən biridir. İtlər onun qoyun təsərrüfatına ciddi zərər vurub.  

“Göyəm kəndində itlərin əlindən gəzmək olmur. Hər gün bir-iki uşağın da üstünə hücum eləyir. Mənim də 10 baş xırdabuynuz qoyunumu göz görə-görə parçaladı” deyən Xəyal həmin itlərin quduzlaşdığını hər an təhlükə yaratdıqlarını bildirir. 

Azyaşlılardan birinin valideyni Murtuzəli Dervişov bildirir ki, onların küçəsində gün ərzində ən azı 200-300 arasında sahibsiz iti müşahidə etmək mümkündür.   

Ötən il 1200 fakt qeydə alınıb. 



Rayon İcra Hakimiyyəti başçısının Zaqatala şəhəri üzrə nümayəndəsi Oruc Qaraxanov çox ciddi bir problemlə qarşı-qarşıya olduqlarını, bəzi vətəndaşların sahibsiz heyvanları küçələrdən yığan şəxslərə mane olduqlarını bildirir. 

"Belə insanlar başa düşmürlər ki, xəstə, əslində sahibsiz itlər övladlarımız, elə özümüz üçün ciddi təhlükə mənbəyidir. İl ərzində təxminən rayon mərkəzi xəstəxanasına sahibsiz it hücumu ilə bağlı 1000-1200 nəfər müraciət edir. Bu ilin altı ayı ilə ötən ili müqayisədə xeyli artım var".

Həmçinin şəhər nümayəndəsi, özlərini heyvansevər kimi təqdim edənlərin onlara, xüusən xəstə, qoca itləri küçələrdən yığan kommunal təsərrüfatı işçilərinə zaman-zaman mane olduqlarını diqqətə çatdırıb.

“Bu həddindən artıq böyük rəqəmdir. Həddindən artıq sayı çoxalıb. Gələcəkdə bu məsələnin qarşısını almaq üçün müəyyən tədbirlərin keçirilməsi nəzərdə tutulub. Müəyyən ərazi müəyyənləşdirilərək, sahibsiz itlərin ora yığılması və baytarlıq xidmətinin göstərilməsi , bu itlərin vaxtaşırı nəzarətdə saxlanılması nəzərdə tutulub” deyən Oruc müəllimin layihənin nə zaman icrasına başlanacağından xəbərsizdir. 

Şəhər ərazisində sahibsiz itlərə qarşı görülən tədbirlərə baxmayaraq, onların yaratdığı təhlükə hələ də qalmaqdadır. Müxtəlif mənbələrin məlumatına görə, hazırda Zaqatala ərazisində minlərlə sahibsiz it var və onların sayı kimi yaratdıqları təhlükə də getdikcə artmaqdadır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO