Kəmiyyət artır, keyfiyyət AZALIR... – Paytaxtın bitmək bilməyən TAKSİ PROBLEMİ

Kəmiyyət artır, keyfiyyət AZALIR... – Paytaxtın bitmək bilməyən TAKSİ PROBLEMİ

Hazırda oxunan: Kəmiyyət artır, keyfiyyət AZALIR... – Paytaxtın bitmək bilməyən TAKSİ PROBLEMİ

145104

Paytaxt sakinləri arasında kiçik bir sorğu aparsaq, görərik ki, hər 10 nəfərdən 7-si taksi sürücülərindən şikayətçidir. Səbəblər isə kifayət qədərdir. Xüsusən, düzgün həyat tərzi keçirməyən insanların taksi fəaliyyəti ilə məşğul olmaları müştəriləri ciddi şəkildə narahat edir. 

Bu tip sürücülər avtomobildə siqaret çəkir, yüksək səsli müsiqiyə qulaq asır, avtomobili təhlükəli şəkildə idarə edir və s. 

Bəzi sürücülər taksi fəaliyyəti ilə ikinci iş kimi məşğul olsa da, qiymətlərin aşağı olduğundan ən çox gileylənənlər də elə onlar olur. Sual verəndə ki “bəyənmirsənsə,  niyə bu işlə məşğulursan?” bu an sürücünün qəzəbinə tuş gəlirsən. Şirkətə olan qəzəbini sonda sırf müştəridən çıxarmağa çalışan sürücülər də kifayət qədərdir.

Bəzən də sifariş edilən zaman göstərilən qiymətlə, mənzil başına çatanda sürücünün tələb etdiyi qiymət arasında kəskin fərqlər meydana çıxır.

Bəs, belə halla qarşılaşan müştərilər nə etməlidirlər?

Bizim.Media-nın sualını cavablandıran nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə taksi fəaliyyətlərində olan qüsurlarla bağlı bu ayın sonundan xüsusi tədbirlər planı nəzərdə tutulur:

“Taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunur. Yaxın vaxtlarda bununla bağlı ciddi yenilik olacaq. Xüsusən bu ayın sonundan bu proses  başlayacaq. Taksi fəaliyyətində təkmilləşdirilmə ilə bağlı işlər oktyabr ayına qədər davam edəcək. Gələn ilin əvvəlindən etibarən böyük dəyişikliklərin şahidi ola biləcəyik”.

Ekspert bildirir ki , hədsiz dərəcədə ucuzlaşdırılmış, süni şəkildə artıb-azalan qiymətlər nəticəsində taksi sürücüləri arasında xaos hökm sürür: 

“Bu sahədə çoxlu qüsurlar var ki onlardan biri də qiymət məsələsi ilə bağlıdır. Bu günki qiymətlər nə sürücüləri qane edir, nə aidiyyatı qurumlar bundan razıdır. Həmçinin insanlar da başa düşür ki, bu qiymətlər real deyil. Vətəndaşlarla kobud davranışdan tutmuş, küçələri tanımamaq və digər bu tipli problemlər özünü göstərir. 

O baxımdan düşünürəm ki, təkmilləşdirilmə işi başa çatandan sonra bu kimi qüsurlar yaşanmaz. Qiymət əvvəlcədən müəyyənləşirsə, müştəri ona uyğun ödəniş edir. Çünki sistem üzərindən və yaxud zənglə sifariş veriləndə avtomatik qiymət deyilir. 

Əgər sürücü bundan artıq qiymət tələb edirsə, deməli sürücü qiymətdən narazıdır. Yəni bu narazılıq ucbatından da o artıq tələblər qoyur. Bunun səbəblərini müəyyən etmək lazımdır. Əslində sürücünün tələb etdiyi qiymət bir tərəfdən baxdıqda realdır”.

Elməddin Muradlı qeyd edir ki, taksi qiymətləri indiki qədər ucuz olmamalıdır ki, bu mövzuda problemlər səngisin:

“Bəzi şirkətlər, operatorlar bəzən özbaşına hərəkət edib qiyməti ucuzlaşdırırlar. İndi də dövlət buna müdaxilə etmək istəyir. Ucuz qiymətin nəticəsidir ki, sürücü fasiləsiz ağır iş rejimində çalışmalı olur. Bu da neqativ  hallara gətirib çıxarır. Ən yaxşı hallarda vətəndaş sürücü münasibətlərində bu özünü göstərir. Pis hallarda yaranan mübahisə xoşagəlməz cinayət hallarına qədər gedib çıxa bilir”

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO