“Azad olunmuş ərazilərdə televiziya və radio yayımının həyata keçirilməsi üçün, bildiyiniz kimi, ilk olaraq bu sahədə tam dağıdılmış və ya yararsız hala salınmış infrastruktur yenidən qurulmalıdır”.
Bizim.Media "apa.az"a istinadən Audiovizual Şuranın sədri İsmət Səttarovun müsahibəsini təqdim edir.
- Son zamanlar Audiovizual Şura tərəfindən peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyaları verilir. Bu ifadə çox da anlaşılmır, platforma yayımçısı tam olaraq nədir və hansı vəzifələri var, ənənəvi televiziya kanallarından fərqi nədir?
- “Media haqqında” Qanunda əsas yeniliklərdən biri də platforma yayımçısı ifadəsinin gətirilməsi oldu. Yeni qanuna əsasən, ümumi götürsək, yayım üsuluna görə yayımçılar 2 böyük qrupa bölünürlər: yerüstü yayımçılar və platforma yayımçıları.
Platforma yayımçılarının digər alt qrupu olan və ən çox müzakirə olunan qismi isə peyk yayımı həyata keçirməyən platforma yayımçılarıdır. Keçən ilin oktyabr ayından indiyədək Şura 12 peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verib. Ənənəvi televiziya kanallarından onların çox da fərqi yoxdur. Yerüstü və peyk üsulu ilə yayımlanan televiziya kanalları yalnız yayım üsulları ilə onlardan fərqlənir. Bunun da kontentə xüsusi aidiyyəti yoxdur.
- Bir neçə il əvvəl APA-ya müsahibənizdə bildirmişdiniz ki, “Netflix”, “Megogo”, “Oll.tv”, “Vimeo” kimi video xidmət platformaları Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya almalı olacaqlar ki, bunun üçün də ölkəmizdə nümayəndəliklərini açaraq qeydiyyatdan keçməlidirlər. Bu cür nümayəndəliklərin açılması ilə bağlı hər hansı yenilik varmı, müraciətlər olubmu?
- Bəli, “Media haqqında” Qanunun tələbləri bunu ehtiva edir. Bu sahədə görüləcək işlərimiz kifayət qədərdir. Qeyd etdiyiniz platformaların bir qisminin fəaliyyəti yeni qanuna görə “sifarişli yayım xidməti provayderi” kateqoriyasına, digər qismi “platforma operatoru” kateqoriyasına düşür. Hazırda həmin xidmətlər Azərbaycanda heç bir qeydiyyat keçmədən, vergi ödəmədən fəaliyyət göstərirlər ki, bu da həmin sahədə işləyən yerli subyektlərə onlarla qeyri-sağlam rəqabətdə olmağı vadar edir. Bir məqamı da qeyd etmək istərdim ki, müasir texnologiyaları nəzərə alsaq belə platformaların fəaliyyətinin tam olaraq qarşısının alınması da çox çətindir. Bu istiqamətdə Şura digər dövlət qurumları ilə koordinasiyalı fəaliyyəti təmin etməyə çalışır ki, bu sahədə qanunvericiliyin tələblərinə riayət olunmasına nail olaq.
- Azad olunmuş ərazilərdə televiziya və radioların fəaliyyəti, tezlikləri ilə bağlı hansı yeniliklər var?
- Azad olunmuş ərazilərdə televiziya və radio yayımının həyata keçirilməsi üçün, bildiyiniz kimi, ilk olaraq bu sahədə tam dağıdılmış və ya yararsız hala salınmış infrastruktur yenidən qurulmalıdır. Şuşa şəhəri və ətraf ərazilərdə, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının ərazilərində ümumölkə TV kanallarının açıq yayımı və habelə, 5-8 ümumölkə yerüstü radio yayımçısının proqramlarının yayımı tam təmin olunub. Laçın, Qubadlı, Kəlbəcər rayonlarının sərt relyefini nəzərə alaraq orada hazırda yayım təşkili ilə bağlı işlər gedir. Bu xüsusda, Laçın şəhərində televiziya və radio yayımın təşkili işini qeyd edərdim ki, bu prosesin ilin sonuna yaxın yekunlaşacağı gözlənilir.
- Televiziyaya tənqidlər azalmır: İstər sosial şəbəkələrdə, istərsə də müzakirələrdə. Audiovizual Şura televiziya rəhbərləri ilə görüşlər təşkil edir. Bu görüşlərin nəticəsi necədir, ümumiyyətlə, televiziya və radio kanallarının bugünkü fəaliyyətini necə dəyərləndirirsiniz?
- Bilirsiniz, televiziya da, radio da cəmiyyətin bir parçası olduğundan onlar da daim inkişafdadır, axtarışdadır. Təbii ki, hər bir inkişaf prosesində tənqidlər də olacaq, narazılıqlar da. Audiovizual Şura olaraq vəzifəmiz Azərbaycanda rəqabətədavamlı, müasir çağırışlara cavab verən, digər tərəfdən də dövlətin ali məqsədlərinə və ictimaiyyətin maraqlarına xidmət edən audiovizual media mühitinin yaradılmasıdır. Televiziya kanallarının fəaliyyətinə gəlincə, son illər baş verən hadisələr - COVID-19 pandemiyası, Vətən müharibəsi, post-müharibə reallıqları və s. onların fəaliyyətinə çox ciddi təsir göstərmişdi. Bu reallıqları nəzərə alaraq ümumən ümumölkə televiziya kanallarının fəaliyyətini müsbət qiymətləndirərdim. Təbii ki, çatışmazlıqlar var və ümumən media sahəsində rəqabət artdıqca, cəmiyyətin media istehlakı üzrə bilikləri və savadlılığı çoxaldıqca, daha keyfiyyətli kontent də olacaq, texniki cəhətdən yayım keyfiyyəti də artacaq.
- Audiovizual Şura müxtəlif vaxtlarda televiziyalarda olan hər hansı problemlə bağlı televiziya kanalının yayımını bir neçə saatlıq dayandırır. Bunun nəticəsi varmı və bu, həmin televiziya kanallarına necə təsir edir?
- Bəli, “Media haqqında” Qanuna görə Şuranın qanunvericilik tələbi pozulduğuna görə haldan asılı olaraq yayımı 24 saatadək və ya 30 günədək dayandırmaq səlahiyyəti var. İlk olaraq deyim ki, çox ağır hallar olmadığından Şura yayımı 3-6 saat dayandırmağa üstünlük verir. Bu dayandırma həmin yayımçıya maliyyə yükü yaratmaqla - yayım dayananda reklam yayımlanmır və dolayısı ilə maliyyə öhdəliyi yaranır - yanaşı, qanunvericilik pozuntusuna həm ictimaiyyətin, həm də redaksiyanın diqqət etməsinə şərait yaradır ki, gələcəkdə bu halların baş verməməsi üçün daha məsuliyyətli olsunlar.
- Televiziya kanallarımızda bir sıra verilişlər var ki, ictimaiyyət nümayəndələri tərəfindən tez-tez ciddi tənqid edilir, xüsusilə də evlilik proqramları. Həmin verilişlərdə insanların şəxsiyyətinin alçaldılması, həmçinin psixoloji sağlamlıq durumu sual doğuran adamların efirə çıxarılaraq şou yaradılması qınanır və Audiovizual Şuranın bununla bağlı konkret addım atmasının zəruriliyi vurğulanır. Şura bu cür məsələlərə münasibət bildirə, hansısa addımlar ata bilərmi?
- Bizim bu məsələyə münasibətimiz tam qanunvericilik prizmasından ola bilər. İlk olaraq bildirim ki, media sahəsində fəaliyyət tam olaraq yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Şuranın və ya heç bir dövlət orqanının yaradıcılıq fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur. Bu müddəa da fəaliyyətimizin əsasında bir qırmızı xətt kimi keçir. Təbii ki, bir sıra proqramlarda, həmçinin sosial problemlərə həsr olunmuş proqramlarda bəzən xoşagəlməz, cəmiyyətdə böyük qınaq yaradan hallar baş verir. Şura, demək olar ki, bütün bu halların hamısını araşdırır və hüquqi qiymət verir, bəzən də yaradıcılıq və redaksiya müstəqilliyinə xələl gətirmədən həmin yayımçılara müvafiq tövsiyələr verir və cəmiyyətin reaksiyasını nəzərə almağı çağırır.
- Audiovizual Şuraya televiziya və radio kanallarla bağlı şikayət və təkliflər yazılırmı?
- Bəli, Şuraya belə müraciətlər daxil olur. Hər bir müraciət ayrıca olaraq araşdırılır. Bəzən yenidən monitorinq keçirilir. Təkrar monitorinqdən sonra xəbərdarlıq etdiyimiz və ya sanksiya tətbiq etdiyimiz hallar da olub. Bəzi müraciətlər aidiyyəti üzrə yayımçılara yönləndirilir, çünki bəzən bizim səlahiyyətimizdə olmayan məsələlərlə bağlı müraciətlər olur.
- Müraciətlər daha çox hansı istiqamətdə olur?
- Kanallarda işə düzəlmək, onların redaksiya fəaliyyətinə müdaxilə edilməsi ilə bağlı çağırışlar və s.
- Şura tərəfindən televiziya və radio verilişlərinin monitorinqi zamanı ən çox hansı qanun pozuntuları aşkarlanır?
- Ümumölkə yerüstü və peyk yayımında olan televiziya və radio kanallarının monitorinqi gündəlik bazada həyata keçirilir. Digər yayımçıların, o cümlədən regional yayımçılar, platforma yayımçılarının proqramlarının monitorinqi ya vaxtaşırı, ya da şikayət əsasında aparılır. Ümumölkə və peyk yayımında olan pozuntuların çoxu reklam qanunvericiliyinin pozulması ilə əlaqədar olur. Belə pozuntular çoxdur. Bəziləri texniki xarakter daşıyır, bu zaman yayımçıya bildiriş göndərilir. Həmin bildirişdən nəticə çıxarmayan yayımçı pozuntuya davam edirsə, təbii ki, sanksiya tətbiq olunur. Reklam qanunvericiliyinin pozulması halları çoxdur. Reklam yayımları ən çox özəl kanallarda var və pozuntuya da daha çox onlar yol verirlər.
- Biryönümlü FM-lərin fəaliyyətə başlaması müşahidələrimizə görə, xoş qarşılanıb. Sizcə, gələcəkdə bunun davam etdirilməsini görə biləcəyikmi?
- Bu yayımçıların səlahiyyətində olan məsələdir. Şuranın bu sahədə siyasəti odur ki, yayımçı öz janrını, redaksiya istiqamətini özü müəyyənləşdirir. FM radio yayımçıları da fəaliyyət istiqamətlərini özləri müəyyən edirlər. Musiqinin nə qədər istiqaməti varsa o qədər də radio istiqaməti və onların qarışmış variantı ola bilər. Elə radio ola bilər ki, musiqidən çox müzakirələrə üstünlük versin, eləsi ola bilər ki, maarifləndirməyə üstünlük versin və s. Bu sahəyə Şuranın müdaxiləsini düzgün hesab etmirəm.
- İxtisaslaşmış televiziya kanallarının yaradılması ilə bağlı müraciətlər olurmu, bununla bağlı hazırkı vəziyyəti necə dəyərləndirirsiniz?
- Yerüstü və peyk yayımında fəaliyyət göstərmək üçün lisenziya müsabiqə əsasında verildiyindən hər şey müsabiqənin şərtindən asılıdır. Hazırda yerüstü və peyk yayımında ümumi götürsək “ixtisaslaşmış”, yəni sahəvi janrda yayım aparan altı kanal var: mədəniyyət janrlı yayımda bir kanal - Mədəniyyət TV, idman janrlı yayımda iki kanal - İdman TV və CBC Sport TV, xəbər janrlı yayımda iki kanal - Real TV və ARB 24, uşaq proqramları janrlı yayımda bir kanal - ARB Günəş var. Qeyd etdiyim kimi, yerüstü və peyk yayımında janrı müsabiqə şərti müəyyən edir və sənədlər qəbul olunanda, yekun qalib seçiləndə bu şərt nəzərə alınır. Platforma yayımçıları ilə bağlı isə, vəziyyət başqadır. Platforma yayımçısı olmaq istəyən ərizəçi hansı janrda yayım aparmasını özü müəyyən edir və ərizəsində bildirir.
Lisenziya aldığı təqdirdə lisenziyada janrı da qeyd olunur. Şuranın lisenziya verdiyi 12 platforma yayımçısında hazırda janr bölgüsü belədir:
Xəbər janrlı yayım bir (Baku TV)
Musiqili-əyləncəli janrlı yayım iki (Beat TV, ATV Vivace)
Sənədli, elm-təhsil janrlı yayım üç (Agro TV, Səhiyyə TV, Təhsil TV)
Film-kino janrlı yayım beş (ATV Cinema, Ailə Kinozal, CTVHD, CTVHD1, CTVHD2)
Ümumi janrlı yayım bir (APA TV)
Gördüyünüz kimi, platforma yayımçılarının çoxu ixtisaslaşmış yayım aparırlar.
- İnternet televiziyaların fəaliyyətinə nəzarət etmək mümkündürmü, Şuranın belə bir səlahiyyəti varmı?
- “Media haqqında” Qanuna görə internet televiziyaları Şuradan lisenziya alıb platforma yayımçısı statusu qazandıqdan sonra bizim səlahiyyət sferamıza düşürlər və “Media haqqında” Qanunun tələblərinə riayət etməlidirlər. Platforma yayımçısı kimi Şuradan lisenziya almış “Baku TV”, “APA TV”, “Agro TV”, “Təhsil TV” sizin dediyiniz anlamda internet televiziyalarıdır.
- Sonda, türk serialları və filmlərinin tərcümə olunmadan verilməsi məsələsi yenə də müzakirə olunur. Radio və televiziya efirlərinə türkiyəli ekspertlərin qoşulması zamanı da canlı efirdə tərcümə problemi yaşanır. Qanunda bununla bağlı dəyişiklik edilməsinə dair təklif verəcəyinizi bildirmişdiniz. Bu istiqamətdə hansısa addım atıldımı?
- “Media haqqında” Qanunun 14.2-ci maddəsinə əsasən yerüstü yayımçı dövlət dilindən istifadəni təmin etməlidir. Yalnız əsaslandırılmış şəkildə müraciət edəndə və Şura buna razılıq verərsə, digər dildə yayım aparmaq olar, ancaq bu zaman da dövlət dilində altyazı nümayiş olunmalıdır. Bu tələbdən irəli gələrək qeyd etdiyiniz türk serialları və filmləri də dublyaj olunmalıdır. Burada hər hansı dil ilə bağlı istisna verilmir. Bizim təklif edəcəyimiz məsələ daha çox texniki xarakter daşıyır, o da müzakirə mərhələsindədir. Belə ki, bildiyiniz kimi canlı yayım zamanı xarici dildə danışan şəxsin tərcüməsini təmin etmək olmur. Bu, dövlət başçılarının, siyasətçilərin, ölkəyə gəlmiş xarici qonaqların televiziya və radio ilə müsahibələrinə, çıxışlarına daha çox aiddir. Bizim də təklifimiz qanunda bu maddəyə dair açıqlama verilməsidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:26 / 07.07.2023
İsmət Səttarov: “Türk serialları dublyaj olunmalı, dövlət dilindən istifadə təmin edilməlidir” - MÜSAHİBƏ
Hazırda oxunan: İsmət Səttarov: “Türk serialları dublyaj olunmalı, dövlət dilindən istifadə təmin edilməlidir” - MÜSAHİBƏ
Hazırda oxunan: İsmət Səttarov: “Türk serialları dublyaj olunmalı, dövlət dilindən istifadə təmin edilməlidir” - MÜSAHİBƏ
145102
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.