Bakı şəhərində parkların sayı ilə yanaşı, təklif olunan xidmətlərin də qiyməti sürətlə artır. Bu isə piknik üçün yolunu parkdan salan vətəndaşlarımızın önünə sədd çəkir. Ona görə də, əksəriyyət parklara deyil, daha uzaq olan regionlara turlar vasitəsilə getməyə üstünlük verirlər.
Təbii ki, pikniki girişi pulsuz parklarda da etmək olar. Amma heyif ki, orda sakinlər üçün arzuolunan xidmətləri tapmaq olmur. Bəzən isə sıxlıq istirahətə maneələr törədir.
Buna görə də, sakinlər qiymətlərin baha olmasından şikayətlənirlər.
Mövzu ilə bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının və Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
Onun sözlərinə görə parklar qanunla dövlət tabeliyində yəni ödənişsiz və ödənişli olaraq iki yerə ayrılır ki, bir çox xidmətlər də buna uyğun tənzimlənir:
“Əksər parklar dövlət tabeliyindədir. Yəni onların səliqə-səhmanına, baxılmasına dövlət qurumları həyata keçirir. Bundan əlavə özəl parklar, eyni zamanda sayı 10-a yaxın olan milli parklarımız da var. Onlara giriş haqqı isə adambaşına 2 manat civarındadır. Təbii ki, bu da qanunla tənzimlənir”.
Ekspert bildirir ki, bəzi parkların ərazisində, ümumiyyətlə, xidmətlər çox azdır, keyfiyyətli olanlarsa çox bahadır:
“Müəyyən parkların ərazisində olan xidmətlərin keyfiyyətinə, səviyyəsinə, düzgünlüyünə və təklif olunan xidmətlə keyfiyyətli xidmətin mütənasibliyinə fikir vermək lazımdır. Təbii ki, keyfiyyətli xidmətin qiyməti bir qədər yüksək olar. Bəzi hallarda görürük ki, xidmətlər qiymətlərə uyğun gəlmir. Əhali haqlı olaraq bundan şikayətlənir.
Məsələn milli parklar xüsusi mühafizə olunan təbii ərazilərdir. Buranın xüsusi bir statusu var. Digər parkların belə ciddi statusu olmasa da, həmin yerlər də təbii ərazilər sayılır. Burda ətraf mühitin mühafizəsi, ətraf mühitə vurulan ziyanların minimuma endirilməsi və yaxud tamamilə aradan qaldırılması məsələlərinə ciddi yanaşmaq olar”.
S.Dübəndi qeyd edir ki, parklarda qurulan “biznes” şəbəkəsi onların öz statusunu itirməsinə gətirib çıxarır:
“Bəzən də parklarda ciddi sıxlıq müşahidə olunur. Səbəb isə müxtəlif malların satışı üçün köşklərin qurulması olur. Satış nöqtələri əmələ gəlir, onların sayı gündən-günə artır. Belə təsəvvür yaranır ki, kimsə bundan süni istifadə edir, yəni daha çox kimlər üçünsə biznes imkanları yaradır. Bundan qazanc əldə olunur. Digər tərəfdən, əvvəllər bir parkın ərazisində 1-2 köşk var idisə, indi həmin köşklərin sayı 10-15-ə çatıb. Eləcə də restoran və kafelər də çoxalır. Bununla da park artıq öz simasını itirir. Bütün bunlara nəzarət olunmalı, onların sayı mütləq tənzimlənməlidir”.
Ekspertin sözlərinə görə, parklarda bəzi uyğunsuzluqları aradan qaldıraraq əlverişli istirahət üçün şərait yaratmaq olar.
Röyanə Oğuz, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 08.07.2023
Parklarda piknik etmək niyə problemə ÇEVRİLİB?
Hazırda oxunan: Parklarda piknik etmək niyə problemə ÇEVRİLİB?
Hazırda oxunan: Parklarda piknik etmək niyə problemə ÇEVRİLİB?
145067
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.