Bir dəfə ək, 20 il məhsul GÖTÜR... – Ölkəmizin ilk lavanda tarlasından REPORTAJ – FOTO 

Bir dəfə ək, 20 il məhsul GÖTÜR... – Ölkəmizin ilk lavanda tarlasından REPORTAJ – FOTO 

Hazırda oxunan: Bir dəfə ək, 20 il məhsul GÖTÜR... – Ölkəmizin ilk lavanda tarlasından REPORTAJ – FOTO 

144507

Lavandanın tərkibində 15 növ efir yağı var və orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, lavanda çöl bitkisi olduğu üçün, su tələb etməyən rahat yetişən bir koldur. 

Bir dəfə əkilsə, 20 il məhsulundan bəhrələnmək mümkündür. Tərkibində 15 növ efir yağı mövcuddur ki, dünyada ticarəti hər il artan templə yüksəlir. Yağı parfümeriya və dərman preparatları istehsalında əvəzsiz nemətdir.

Ölkəmizə gəldikdə bu bitkinin ilk plantasiyaları altı il əvvəl Zaqatalada əkilib. Daha sonra Qəbələ və Şəkidə turizm sektorunun inkişafı məqsədilə sahələr salınıb. 


İqlim dəyişikliyi və quraqlığın artması su tələb etməyən bitkilərin becərilməsini ön plana çıxarır. Bu mənada son illər lavanda əkini günəbaxan, qarğıdalı, soya və digər bitkiləri ikinci plana keçirib. 

Bu il isə tamam fərqli bir iqlim yaşanır. Qeyri-sabit hava şəraiti bu günlərdə də davam etdiyindən lavanda biçini də geçikirdi. Bu səbəbdən lavanda biçən briqadalar təsərrüfatda başqa işlərə cəlb edilmişdi. Bir həftəlik yağıntılar nəhayət ki, günəşli hava ilə əvəzlənir.

Və budur göz oxşayan lavanda sahələri və yüzlərlə insan….

Biz lavanda sahəsinə çatanda işçilər yenicə bir araya gəlmiş və kimin briqadasının hansı istiqamətdə işləyəcəyi müəyyənləşmişdi. Artıq hər kəs öz cərgəsində işə başlayır. 


Burda mehriban bir ortam yaşanır. Hamı bir-biri ilə maraqlı söhbət edir, qayğılarını dilə gətirir. Əsasən qadınların çalışdığı lavanda sahəsində yığım bir an belə gecikmədən davam edir.  

Qadınlar deyir ki, onlar gül yığımı başa çatandan bir müddət sonra lavanda sahələrinə cəlb edilir, aqrotexniki becərmələr, kultivasiya işləri həyata keçirirlər. Bir sözlə onlara daim iş var. 

Diqqətimizi çəkən bir məsələ də bıçilən lavanda çiçəklərinin kolların üzərinə qoyulmasıdır. İş o qədər ardıcıl və planlı həyata keçirilir ki, məhsulun keyfiyyətinə zərrə qədər də xələl gəlmir.  


Təsərrüfatın baş aqranomu Abdulla Qurbanovla söhbətdən bəlli oldu ki, hazırda Zaqatalada 33 hektarda lavanda sahəsi var. Bu ölkənin ən iri təsərrüfatlarından biridir.

Yazın ilk günlərindən sahələrdə aqrotexniki qulluq başlanır. Baş aqranom onu da diqqətimizə çatdırır ki, Zaqatala lavanda sahələri olan yeganə məkandır ki, iki dəfə məhsul yığılır. Bu da torpağın münbitliyi və bərəkətliliyindən irəli gəlir.


Sahələrdən birbaşa emala 

Fürsətdən yararlanıb təsrrüfatın emal sahəsi ilə də tanış oluruq. Texnoloq Təbrik Allahverdiyev məlumat verdi ki, sahələrdən yığılan lavanda çiçəkləri dərhal buradakı iki böyük qazana yığılır və qaynadılmağa, buxarından yağ alınmağa başlanılır.  

Lavandanın faydasına gəldikdə isə bunu təsərrüfatın istehsal sahəsindəki prosesləri izləməklə müşahidə etmək mümkündür. Araşdırmalar göstərib ki, adi lavanda növündən alınan efir yağından tibdə, kosmetologiya sahəsində, aromaterapiyada istifadə olunur.

Lavandanın faydaları saymaqla bitməz. 

Qeyd edək ki, sağlamlıq üçün lavandanın böyük əhəmiyyəti var. Bitkidən alınan efir yağları tibdə bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Lavanda orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır. Onun yağının ekzema, yanıq, sədəf kimi dəri xəstəliklərində istifadəsi faydalıdır. 
Bundan başqa lavanda qaraciyərə çox faydalıdır. Qaraciyərin nizamlı işini təmin edir. Hepatit B və C viruslarının müalicəsində və qaraciyərin toksinlərdən təmizlənməsində də geniş istifadə olunur. Lavandanın efir yağı böyük bakterisid əhəmiyyətə malikdir. Qoxusu ilə insana dinclik və rahatlıq verən lavanda çayı və yağı olduqca faydalıdır.










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO