“Bəzən bilmədən uşaqlar üçün ciddi travmalar yaşadıla bilər. Təbii fəlakətlər, eləcə də zəlzələ zamanı uşaqlarda təşviş, həyəcan, travma sonrası stress pozuntusu, depressiya kimi psixiatrik xəstəliklər yaşana bilər. Bu baxımdan valideynlər diqqətli olmalı, mümkün qədər uşaqlarda təşviş yaratmamalıdırlar”.
Bizim.Media xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 22 nömrəli Uşaq Poliklinikasının həkim-psixiatrı Çilənay Xəlilova deyib.
Onun sözlərinə görə, bu zaman uşaqlarda baş verə biləcək travmalar gündəlik həyatdakı stresdən çox fərqlidir. Bu travmalar gözlənilmədən baş verdiyinə görə, uşaqlar daha çox əziyyət çəkirlər:
“Belə ki, xəstəlik özünü əhval-ruhiyyənin enməsi, kefsizlik, yuxu pozuntusu, iştahada dəyişiklik, əzizlərini itirmək qorxusu ilə özünü göstərir. Azyaşlı uşaqlarda valideynlərindən ayrı yatmaq, evdə tək qalmaq, heç yerə getmək istəməmə, qaranlıq mühitlərdən qaçma kimi qorxular baş qaldırır.
Ümumiyyətlə, zəlzələ qorxusunun yaranması üçün zəlzələ olması lazım deyil. Məsələn, zəlzələ şəklinə və ya başqa səbəblərdən kiçik yer silkələnməsinə baxdıqları zaman belə uşaqlarda güclü emosional reaksiyalar ola bilər”.
Ç.Xəlilova zəlzələ qorxusundan (seymofobiya) uşaqlarda narahatlıq, daimi sayıqlıq, baş gicəllənməsi, titrəmə, ürək döyüntüsü, tərləmə kimi əlamətlərin də müşahidə edildiyini nəzərə çatdırdı:
“Təbii ki, bu əlamətlər müxtəlif yaş qruplarında olan uşaqlarda müxtəlif şəkildə büruzə verir. 6 yaşından kiçik uşaqlar ölüm anlayışını tam dərk etmədikləri üçün hadisənin fərqində olmurlar. Bəzi uşaqlar zəlzələ zamanı şok vəziyyətində olub donub qalır, hisslərini basdırır, bəziləri isə ağlayıb, qışqıraraq reaksiya verirlər.
6 yaşından böyük uşaqlarda travma sonrası (posttravmatik) stress pozuntusu daha çox rast gəlinir. Yaşadığı evin dağılması, valideynini itirmək, oxuduğu məktəbin artıq olmaması ciddi şəkildə depressiyaya gətirib çıxara bilər.
Ümumiyyətlə, məktəbəqədər yaş qrupunda olan uşaqlardan fərqli olaraq məktəb yaşlı uşaqlar hadisələri dərk etmək yetkinliyinə sahibdir. Onlarda, həmçinin məktəb və dostlarından ayrılmaq qorxusu çox güclü ola bilər”.
Həkim-psixiatr bu məqamda ailənin verdiyi reaksiyanın böyük əhəmiyyət kəsb etdiyini də vurğuladı:
“Valideynlər övladına zəlzələnin təbii fəlakət olduğunu və bu zaman nələr etməli olduğunu açıq-aydın şəkildə izah etməlidir. Fəlakətin xoşagəlməz nəticələrindən bəhs edən televiziya verilişlərindən uşaqları uzaq tutmaq məqsədəuyğundur. Uşaqlar valideynlərinin danışığına və davranışlarına qulaq asmadıqları kimi görünsələr də, əslində bütün hadisələri təfərrüatlı şəkildə içlərində saxlayırlar”.
Mütəxəssis uşaqlarda yuxarıda sadalanan halların uzun müddət davam etdiyi təqdirdə həkim-psixiatra müraciət etməyi tövsiyə edir.
Bəzən siz özünüz də bilmədən uşaqlar üçün ciddi travmalar yaşada bilərsiniz. Unutmayın ki, onlar valideynlərindən, böyük insanlardan dəfələrlə həssasdır. Ona görə də istənilən təhlükəli situasiyalarda onların psixoloji durumunu nəzərə alın!”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:42 / 04.07.2023
Zəlzələdən sonra uşaqlarda psixi pozğunluqlar müşahidə oluna bilər - PSİXİATR
Hazırda oxunan: Zəlzələdən sonra uşaqlarda psixi pozğunluqlar müşahidə oluna bilər - PSİXİATR
Hazırda oxunan: Zəlzələdən sonra uşaqlarda psixi pozğunluqlar müşahidə oluna bilər - PSİXİATR
144464
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.