“Sertifikasiya imtahanlarının nəticələrinə uyğun olaraq əmək haqqı artımları üzrə faizlərin tam differensial ölçülməsi vacibdir”.
Bizim.Media xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
MİQ imtahanı iştirakçılarının NƏZƏRİNƏ: Bu məqamlara xüsusi diqqət yetirin
O bildirib ki, mövcud qaydalar ilə sualların 83.3 faizinə düzgün cavablandıran müəllim 50 faiz doğrusu olan ilə eyni əmək haqqı artımından faydalana bilir:
“Digər tərəfdən, sualların hammısını cavablandıran ilə 51 doğrusu olanın da əmək haqqı artımı eynidir. 51 suala düzgün cavablandıran müəllimiz 35 faiz artımdan yaranlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqumuzun əmək haqqısında 10 faiz artım hesablanır”.
Millət vəkili qeyd edib ki, bütün bunları nəzərə alaraq, əmək haqqı artımları üçün yeni formul da təklif edib:
“Millət vəkili kimi Elm və Təhsil naziri hörmətli Emin Əmrullayevə sertifikasiya imtahanlarında yüksək nəticə göstərmiş müəllimlərimizin əməyinin qiymətləndirilməsi mexanizminin daha da təkmilləşdirilməsi üçün rəsmi sorğu göndərdim.
Yaxşı olardı ki, əmək haqqı artımı: 30-35 bal arası nəticəsi olan müəllimlərimiz üçün 10 faiz, 35-40 bal toplayanlar üçün 15 faiz, 40-45 bal toplayanlar üçün 20 faiz, 45-50 faiz arası bal toplayanlar üçün 30 faiz, 50-55 arası balı olanlar üçün 35 faiz, 55-60 arası nəticəsi olanlar üçün 40 faiz olsun.
Bu əməyin daha ədalətli qiymətləndirilməsinə imkan yaratmaqla yanaşı, müəllimlər arasında daha yüksək elm və təhsilə təşviqin gücləndirilməsinə səbəb ola bilər.
Elm və Təhsil Nazirliyi ilə hər zaman konstruktiv dialoqumuzun olduğu və təkliflərimizə diqqətlə yanaşdıqları üçün inanırıq ki, sertifikasiya sisteminin təkimilləşdirilməsi istiqamətində də əməkdaşlığımız mümkün olacaq”.
Surxay Atakişiyev, Bizim.Media